Kreml Trampın hədəsinə cavab verib

         Kreml Trampın    hədəsinə    cavab verib
  23 Yanvar 2025    Oxunub:326
Trampın sanksiya hədələrində yeni heç nə yoxdur, o, belə üsulları bəyənir, Rusiya isə bərabər və qarşılıqlı hörmət əsasında dialoqa hazırdır.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl Moskvanı Ukrayna ilə bağlı sövdələməyə çağıran ABŞ prezidenti Donald Trampın bəyanatında səsləndirilən təhdidi şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Rusiya ABŞ prezidenti Donald Trampın sanksiyalar və tarif artımı təhdidlərində yeni bir şey görmür, çünki o, ilk prezidentlik dövründə də tez-tez belə tədbirlərə əl atırdı.

“Biz burada heç bir xüsusi yeni element görmürük. Bilirsiniz ki, Tramp ilk prezidentlik müddətində ən çox sanksiya metodlarına əl atan Amerika rəhbəri olub, bu üsulları bəyənir, ən azından birinci prezidentliyi dövründə bəyənib. Buna görə də biz, əlbəttə ki, bütün ritorikanı, bütün bəyanatları çox diqqətlə izləyirik. Bütün detalları diqqətlə qeydə alırıq”, - Dmitri Peskov vurğulayıb.

Tramp: Rusiyaya zərər vermək niyyətim yoxdur
Kremlin təmsilçisi Rusiyanın Trampın birinci dövründə “iki prezident arasında mövcud olmuş” bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında dialoqa hazır olduğunu iddia edib: “Hələ ki, daxil olmamış siqnalları gözləyirik”.

Xatırladaq ki, dünən Tramp Ukrayna ilə bağlı razılaşmaya getməyəcəyi təqdirdə, Rusiyaya qarşı yüksək tariflər və sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. Onun sözlərinə görə, bu, Moskva üçün “çox böyük lütfdür”.

“İndi sakitləşin və bu gülünc müharibəni dayandırın! Sonra yalnız pis olacaq”, - ABŞ prezidenti Rusiyalı həmkarı Vladimir Putinə xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Peskov   Tramp   hədələr  





Xəbər lenti