Ankara Suriya ilə bağlı planlarını açıqlayıb

   Ankara Suriya ilə bağlı planlarını açıqlayıb
  27 Yanvar 2025    Oxunub:658
Türkiyə hakimiyyəti Suriyaya yardım göstərmək üçün koordinasiya mexanizmi yaradıb.
AzVision.az bildirir ki, bu barədə açıqlama verən Türkiyənin Xarici İşlər naziri Fidan Avropa İttifaqının (Aİ) yaxın günlərdə Dəməşqə tətbiq etdiyi sanksiyaların bir qismini aradan qaldıracağına ümidli olduğunu deyib.

“Ümid edirik ki, ABŞ-nin Suriyaya qarşı sanksiyaları qismən ləğv etməsindən sonra Aİ də yaxın günlərdə bir sıra məhdudiyyətləri aradan qaldıracaq. Türkiyə Suriyaya nəqliyyat, enerji və səhiyyə kimi sahələrdə operativ yardım göstərmək üçün koordinasiya mexanizmi qurub. Suriyalılar bizim qardaşlarımızdır və təbii ki, Suriyanın sabit olması və iqtisadi cəhətdən inkişafı bizim üçün həyati əhəmiyyət kəsb edir”, - Türkiyənin “TRT Haber” telekanalı nazirin bəyanatından sitat gətirir.

O, Türkiyənin həm müstəqil, həm də tərəfdaşlarla əməkdaşlıq çərçivəsində səylərinin öz bəhrəsini verəcəyinə ümid etdiyini vurğulayıb. .

Hakan Fidan Suriyada inklüziv hökumətin formalaşdırılmasının, onun ərazi bütövlüyünün, suverenliyinin qorunub saxlanılmasının, eləcə də əsasən ölkənin şimalında fəaliyyət göstərən bütün silahlı qrupların vahid çətri altında birləşməsinin tərəfdarı olduğunu bildirib.

- Biz heç bir tərəddüd etmədən Türkiyəyə yaxın, təxminən 80 min nəfər olan qruplara dedik ki, milli orduya qatılsınlar və ölkədə hər hansı iğtişaşlara yol verməsinlər”, - Türkiyə XİN-in rəhbəri diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türkiyə   Suriya   dəstək  





Xəbər lenti