Ankara Ər-Riyadla 6 milyardlıq hərbi kontrakt imzalayacaq

   Ankara Ər-Riyadla    6 milyardlıq    hərbi kontrakt imzalayacaq
  28 Yanvar 2025    Oxunub:736
Türkiyə hökuməti Səudiyyə Ərəbistanı ilə krallığa hərbi gəmilər, tanklar və raketlər almağa imkan verən 6 milyard dollarlıq müdafiə sazişi bağlamağa ümid edir.
AzVision.az xəbər verir ki, türk mənbələrinə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Səudiyyə Ərəbistanının Türkiyənin reaktiv təyyarələrin istehsalı layihəsinə qoşulmasını nəzərdə tutan razılaşma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mart ayında krallığa səfəri zamanı imzalana bilər.

“Mümkün sövdələşmə barədə məlumatdan sonra sonra İstanbul ticarət meydançasında dövlətə məxsus müdafiə podratçısı “Aselsan” şirkətinin səhmləri 2,2% bahalaşıb. Zirehli avtomobil istehsalçısı “Otokar Otomotiv” isə əvvəlki itkilərini 0,8% azaldıb. Müdafiə sənayesini inkişaf etdirməyə çalışan Türkiyə dünyanın ən böyük silah idxalçılarından biri olan Səudiyyə Ərəbistanını əsas bazar kimi görür. 2023-cü ildə iki ölkə səudiyyəlilər üçün Türkiyənin “Baykar” şirkətindən yüksək qatlarda uça bilən PUA-lar almaq üçün müqavilə imzalayıb”, - agentlik qeyd edir.

Rəsmi şəxslər bildiriblər ki, Ankara indi özünün “Altay” adlı əsas döyüş tankını raketdən müdafiə sistemləri (RMS) ilə birlikdə Səudiyyə Ərəbistanına satmaq istəyir. Türkiyə, həmçinin Səudiyyə Ərəbistanının “Kaan” reaktiv qırıcı təyyarəsi proqramında tərəfdaş olmasında maraqlıdır. İlk sınaq uçuşu 2024-cü ilin əvvəlində həyata keçirilsə də, qırıcının istismara verilməsinə hələ bir neçə il qalır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Səudiyyə   kontrakt  





Xəbər lenti