Tel-Əvivdə ABŞ səfirliyi qarşısında aksiya keçirilib - VİDEO

Tel-Əvivdə ABŞ səfirliyi qarşısında aksiya keçirilib -    VİDEO
  31 Yanvar 2025    Oxunub:286
İsrailin Tel-Əviv şəhərində bir qrup nümayişçi ABŞ-nin səfirliyi qarşısında səssiz aksiya keçirib. Onlar Qəzza zolağında HƏMAS-ın hələ azadlığa çıxarmadığı 79 əsirin də dərhal sərbəst buraxılması tələbini irəli sürüblər.
Yerli mətbuatda yayılan məlumata əsasən, hökumət əleyhinə qeyri-zorakı nümayişlər keçirən "Mishmeret 101" adlı təşkilatın rəhbərliyindəki etirazçılar əsirlərin simvolu kimi ağ paltar geyinib əllərində ağ çətir tutublar.

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında İsrail və Fələstinin HƏMAS qruplaşması arasında üçmərhələli atəşkəs sazişi imzalanıb. Atəşkəs sazişinə əsasən, tərəflər əsir mübadiləsi həyata keçirirlər. İlk mərhələdə indiyədək 10 israilli əsir və yüzlərlə fələstinli məhbus azadlığa buraxılıb.

İsrailin keçmiş (2007-2014) prezidenti Şimon Peresin siyasi müşaviri vəzifəsində çalışmış Alon Pinkas dünən "Al Jazeera" xəbər agentliyinə müsahibəsində söyləyib ki, əsir mübadiləsi İsraildə bir yandan sevinclə qarşılansa da, eyni zamanda, növbəti mərhələ üçün narahatlıq da var.
Keçmiş diplomat: "Əsir mübadiləsi İsraildə qarışıq reaksiya doğurub"

"Vətəndaşlar, xüsusilə əsirlərin ailələri onların azadlığa çıxmaları, həmçinin əməliyyatların atəşkəs sazişi nəticəsində dayandırılması münasibətilə, şübhəsiz ki, şaddırlar. Digər tərəfdən, razılaşmanın növbəti mərhələsinin necə keçəcəyi ilə bağlı qeyri-müəyyənlik də narahatlıq yaradır. Artıq atəşkəsin 12-ci günündəyik. İkinci mərhələ üzrə danışıqlar başlamaq üzrədir, ancaq əksəriyyət bu danışıqların, ümumiyyətlə, atəşkəsin davamlılığına şübhə ilə yanaşır", - Pinkas deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Qəzza   əsir-mübadiləsi   aksiya  





Xəbər lenti