Əlcəzair Fransadan müstəmləkə dövrünə görə təzminat tələb edir

Əlcəzair Fransadan müstəmləkə dövrünə görə təzminat tələb edir
  31 Yanvar 2025    Oxunub:323
Əlcəzair Parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin spikeri İbrahim Buğali ölkəsində Fransa müstəmləkəçiliyini cinayət sayan qanun layihəsinin qəbul edilməsinin vaxtının çatdığını bildirib.
AzVision.az Azərtac-a istinadla xəbər verir ki, Buğali ölkəsinin son vaxtlar nüfuzuna və imicinə zərər vurmağa yönəlmiş davamlı hücumlara məruz qaldığını və buna cavab olaraq müstəmləkəçiliyin kriminallaşdırılması barədə qanun layihəsini yenidən müzakirəyə təqdim etməyin vaxtının çatdığını bildirib.

“Biz müdafiə mövqeyində qalmamalıyıq. Artıq hücum etmək vaxtıdır. Əlimizdə Əlcəzairin imicini müdafiə etmək üçün bütün sənədlər və dəlillər var. Dünənki düşmən elə hesab edir ki, Əlcəzair hələ də müstəmləkədir. Onlar bərabərliyə əsaslanan siyasətə dözmürlər, Əlcəzairin iqtisadiyyat, siyasət və digər sahələrdə nailiyyətlərini qəbul etmirlər. Onların iqtisadiyyatımızda, ticarətdə payları azalıb, buna dözə bilmirlər”, - deyə Buğali bildirib.

Parlamentin iki böyük partiyası fevral ayında qanun layihəsinin müzakirəyə çıxarılmasına razılıq verib.

Qeyd edilməlidir ki, qanun layihəsinin mətni Fransada 2005-ci ildə qəbul edilmiş və bu ölkənin müstəmləkələrdə rolunu müsbət dəyərləndirən qanuna cavab olaraq hazırlanıb. 2008-ci ildə Əlcəzair parlamentində bir neçə deputat onu müzakirəyə çıxarmağa təşəbbüs göstərsə də, keçmiş hakimiyyətin müəyyən siyasi baxışlarına görə bu, reallaşmayıb.

Əlcəzair parlamentində müzakirəyə çıxarılacaq qanun layihəsində Fransanın Əlcəzairdə 132 illik müstəmləkəçiliyi pislənir, qarşı tərəfin üzr istəməsi və vurduğu bütün zərərlərə görə təzminat ödəməsi tələb edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti