Britaniya Ukraynaya qoşun göndərir - "The Telegraph"

   Britaniya Ukraynaya qoşun göndərir    - "The Telegraph"
  17 Fevral 2025    Oxunub:1165
Böyük Britaniyanın baş naziri Keir Starmer diqqət çəkən fikirlər səsləndirib. O, “Telegraph” qəzeti üçün yazdığı məqalədə qeyd edib ki, ölkəsi lazım gələcəyi təqdirdə Ukraynaya qoşun göndərməyə hazırdır.
Qoşun yeritməkdə yeganə məqsəd isə Kiyevin təhlükəsizlik zəmanətlərini təmin etməkdir. Starmer Britaniya hərbçiləri üçün yaranacaq risklər ilə bağlı məsuliyyəti dərk etdiyini də yazıb. Bununla belə, Ukraynaya məlum formada hərbi dəstək nəinki Britaniyanın, ümumilikdə Avropanın təhlükəsizliyini təmin edəcək.

Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
“Böyük Britaniya Ukraynada təhlükəsizlik zəmanətlərinə dair işlərin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bura həm də lazım gələcəyi təqdirdə qoşunlarımızı bu ölkəyə yeritmək prosesi də daxildir”, - o yazıb.

Starmer onu da əlavə edib ki, yaxın günlərdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Baş nazir bu görüşdə ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırır: “Yaxın günlərdə prezident Trampla görüşəcəyəm. Onunla və G7-dəki bütün tərəfdaşlarımızla birlikdə çalışacağıq ki, bizə lazım olan güclü razılaşmanı təmin edək”.

Siyasətçi məqalədə Ağ Ev rəhbərinin bəzi fikirlərinə haqq zaqandırıb. O qeyd edib ki, Tramp Avropa təhlükəsizliyə dair xərcləri artırmalı və NATO səhnəsində daha böyük rol almalıdır deyəndə haqlı fikirlər səsləndirib: "Biz öz müdafiə məsələlərimizə həqiqətən ciddi yanaşdığımızı göstərməliyik".

Xatırladaq ki, "The Telegraph" nəşrində ötən ay da oxşar məqalə dərc olunmuşdu. Müəllif qeyd edib ki, Keir Starmer və Fransa prezidenti Emmanuel Makron müharibəyə son qoyacaq potensial razılaşmadan sonra hərbi kontingentin Ukraynaya göndərilməsi ideyasını nəzərdən keçirirlər. Kontingent Ukraynaya sülhməramlı missiya adı altında göndəriləcək.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Britaniya   Qoşun  





Xəbər lenti