Səudiyyədə xüsusi görüş: Kiyevdən xəbərsiz

   Səudiyyədə xüsusi görüş:     Kiyevdən xəbərsiz
  17 Fevral 2025    Oxunub:1145
Sabah Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Ukrayna müharibəsinin həllinə dair zirvə görüşü baş tutacaq.
"Politico" xəbər saytı yazır ki, danışıqlara ABŞ tərəfindən Dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşavir Mayk Volts və Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof qoşulacaqlar. Rusiyadan isə xarici işlər naziri Sergey Lavrovun iştirakı gözlənilir.

Eyni zamanda, "Bloomberg" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin də iştirakı istisna deyil. Kremlin mətbuat katibi Dmitri Peskov görüşün keçiriləcəyini təsdiqləsə də , Rusiya hökuməti nümayəndə heyətinin tərkibini hələlik rəsmi surətdə təsdiqləməyib.
Səudiyyə Ərəbistanı razılıq verdi: Tramp-Putin Sammiti Riyadda keçiriləcək

Digər tərəfdən, "Bloomberg" bildirir ki, Səudiyyə Ərəbistanında Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trampın da yaxın həftələrdə xüsusi sammiti planlaşdırır. Rəsmi Ər-Riyad bu sammitin keçirilməsinə artıq razılıq verib.

ABŞ və Rusiya nümayəndələrinin görüşü barədə ilk elanı fevralın 14-də Donald Tramp şəxsən vermişdi. O, Ukraynadan da nümayəndələrin danışıqlara qoşulacağını diqqətə çatdırsa da, Kiyevin adı gizli saxlanılan rəsmi nümayəndəsi "Politico"ya açıqlamasında belə bir görüşdən ümumiyyətlə "xəbərsiz olduqlarını" və iştirak etməyəcəklərini söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   Ukrayna   görüş  





Xəbər lenti