Fransalı nazir: "Qərb Ukraynaya qoşun göndərmək istəmir"

      Fransalı nazir:    "Qərb Ukraynaya qoşun göndərmək istəmir"
  19 Fevral 2025    Oxunub:626
İndi heç bir Qərb ölkəsi öz qoşunlarını Ukraynaya göndərmək istəmir.
Bunu Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro RTL radiosunun efirində deyib.

Avropa nala-mıxa vurdu: Mövqelər
Diplomat vurğulayıb ki, Avropa ölkələri Ukraynaya sülh sazişinə əməl olunacağına zəmanət verməli və münaqişənin həlli üçün gələcəkdə baş tutacaq danışıqlarda da iştirak etməlidir. Barronun fikrincə, buna yalnız Avropa hərbi qüvvələrinin Ukrayna ərazisinə göndərilməsi ilə nail olmaq olar. Siyasətçi qeyd edib ki, bu məsələ hələlik aktual deyil, çünki indi yalnız hərbi əməliyyatların bitməsini gözləmək lazımdır.

"Əgər bir gün Avropa Birliyi (AB), ABŞ və ya digər ölkələrin qoşunları Ukraynaya yerləşdirilərsə, bu, onların döyüşə göndərilməməsi deyil, sülhün qorunmasının təminatçısı kimi olmalıdır",- Barro qeyd edib.

Xatırladaq ki, fevralın 15-də Associated Press agentliyi Britaniya və Fransanın da daxil olduğu bir qrup Avropa ölkəsinin Ukraynaya qoşun yeritmək planı üzərində gizli şəkildə işlədiyini yazmışdı. Məqalədə iddia olunub ki, Avropa İttifaqı(Aİ) ölkələri Rusiya ilə gələcək sülh sazişinin həyata keçirilməsini reallaşdırılması üçün belə planlar hazırlamağa başlayıblar. Böyük Britaniya və Fransa isə Ukraynaya qoşun yeritmək planlarında ön sırada dayanırlar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Fransa  





Xəbər lenti