Kats: "Terrorla əlaqəli hər kəsi aradan qaldıracağıq"

      Kats:    "Terrorla əlaqəli hər kəsi aradan qaldıracağıq"
  21 Fevral 2025    Oxunub:483
"Terrorçuların istənilən hücumu İsraili öz məqsədindən çəkindirməyəcək".
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilindəki Tulkərəm qaçqın düşərgəsinə səfəri zamanı dilə gətirib. O, dünən Tel-Əviv şəhəri yaxınlığında avtomobil parkinqinin anbarında üç boş avtobusun partladılmasına reaksiya verib.

"Ekstremist islamçı terrorizmlə mübarizə aparırıq. Burada, Qəzzada və hər yerdə qalib gələcəyik", - deyən nazir İordan çayının qərb sahilində antiterror fəaliyyətinin gücləndirməsi ilə əlaqədar İsrail Silahlı Qüvvələrinə tapşırıq verib.

O vurğulayıb ki, sözügedən terror aktını törədənlər məhz "Qəzza zolağında əsir mübadiləsi sayəsində azadlığa çıxanlar"dır.
Smotriç: "Qəzzada döyüşlərə qayıtmaq lazımdır"

İsrailin ifrat sağçı qanada mənsub maliyyə naziri Betsalel Smotriç də terror aktı ilə əlaqədar kəskin fikirlər dilə gətirib. O, İsrail Ordusunu Qəzza zolağı və İordan çayının qərb sahilində "dərhal döyüşlərə qayıtmağa" çağırıb.

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS təşkilatı arasında üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrə saziş qüvvəyə minib. Danışıqlar aparıldığı dövrdə maliyyə naziri Betsalel Smotriçlə yanaşı bir sıra digər hökumət nümayəndəsi, o cümlədən sabiq milli təhlükəsizlik naziri İtamar Ben-Qvir belə bir razılaşmanı "təslim olmağa bərabər addım" kimi dəyərləndirib.

Firudin Həmidli
AzVision.az



Teqlər:   İsrail   HƏMAS   münaqişə  





Xəbər lenti