BMT Ukraynadakı vəziyyəti müzakirə edəcək

    BMT Ukraynadakı vəziyyəti müzakirə edəcək
  24 Fevral 2025    Oxunub:436
BMT-nin Baş Assambleyası bu gün Ukraynadakı müharibənin üçüncü ildönümü ilə bağlı iki qətnamə layihəsinə baxacaq.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiyanı “bütün silahlı qüvvələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmağa” çağıran ilk layihənin müəllifi 58 dövlətdir.

“The Washington Post (WP)” qəzetinin yazdığınıa görə, bundan əvvəl Vaşinqton Kiyevi Ukraynanın təşəbbüsü ilə Rusiyanın təcavüzünü pisləyən kollektiv layihəni geri götürməyə çağırıb. Lakin Kiyevdə Amerika variantı rusiyayönlü mövqeyə yaxın sayıldığı üçün ondan imtina edilib.

Belə ki, Birləşmiş Ştatlar Rusiyanı “təcavüzkar” adlandırmayan, lakin “münaqişəni dərhal dayandırmağa” çağıran və Ukraynanın ərazi bütövlüyü ehtiva olunmayan öz qətnamə variantını təklif edib.

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi əlaqələr naziri Peter Siyarto, öz növbəsində, bildirib ki, Budapeşt ABŞ tərəfindən irəli sürülən BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə layihəsinin həmmüəllifi olub və səsvermədə onu dəstəkləyəcək.

“Fevralın 24-də BMT Baş Assambleyası iki sülh qətnaməsini müzakirə edəcək. Onlardan birini amerikalılar, digərini isə Aİ ölkələri təqdim edib. Macarıstan ABŞ-nin sülh qətnaməsini dəstəkləyir və biz hətta həmsponsorlarıq. Səbəb sadədir: liberal, müharibə tərəfdarı olan Avropa liderləri üç ildir ki, münaqişəni qızışdırıblar və sülhsevər Donald Tramp ona son qoymaq üçün böyük addımlar atır”, - macarıstanlı nazir deyib.

Onun sözlərinə görə, Ər-Riyadda başlayan ABŞ-Rusiya danışıqları sayəsində son üç ildə Ukraynada müharibənin bitməsi hər zaman olduğundan daha yaxındır.

Amerikanın “The Wall Street Journal (WSJ)” nəşri isə, Gürcüstan hökumətinin də BMT Təhlükəsizlik Şurasında ABŞ-nin qətnamə layihəsinin həmmüəllifi olduğunu iddia edir.

Qəzet xəbər verir ki, üç bənddən ibarət bu qətnamə layihəsi “münaqişənin tezliklə dayandırılmasına çağırır” və sənəddə “Rusiya-Ukrayna münaqişəsində faciəvi insan itkisi” ilə bağlı kədər ifadə edilir. Bununla belə, Vaşinqtonun qətnaməsində müharibənin kim tərəfindən başladığı göstərilmir və Kremlə qarşı konkret tələblər yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BMT   Ukrayna   müharibə  





Xəbər lenti