Husilər ABŞ qırıcısına raket atıblar

Husilər ABŞ qırıcısına raket atıblar
  24 Fevral 2025    Oxunub:385
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşması ABŞ-yə məxsus hərbi təyyarəni və "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) yer-hava raketləri ilə hədəfə alıb.
ABŞ hökumətinin iki rəsmi nümayəndəsinin "Reuters" xəbər agentliyinə verdiyi məlumata görə, raketlər hər iki hədəfdən yan keçib. Onlar hadisənin Yəmən ərazisi, yoxsa Qırmızı dəniz üzərində baş verdiyini bildirməyiblər.

"Bu hücum cəhdləri göstərir ki, husilər hədəfalma imkanlarını təkmilləşdiriblər", - məlumatlı şəxslərdən biri vurğulayıb.

"Husi" qruplaşmasının lideri Əbdülməlik Əl-Husi fevralın 13-də televiziyada çıxışında diqqətə çatdırmışdı ki, ABŞ və İsrail fələstinliləri Qəzzadan zorla çıxarmaq planından əl götürməsə, husilər Qırmızı dənizdə bu ölkələrlə əlaqəli obyektləri hədəfə almağı dayandırmayacaq.

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu, dəniz ticarətini və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərib, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yəmən   husilər   ABŞ   hücum  





Xəbər lenti