Erməni ailələr döyüşlərdə itən 429 nəfəri tapa bilmirlər

Erməni ailələr döyüşlərdə itən 429 nəfəri tapa bilmirlər
  24 Fevral 2025    Oxunub:357
2020-2023-cü illərdə baş vermiş hərbi əməliyyatlar nəticəsində Ermənistanda 400-dən çox insan itkin düşmüş hesab olunur.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

Qurum dövlətin verdiyi rəsmi statistikaya deyil, mülki şəxslərin təqdim etdiyi məlumatlara əsaslanıb.

"Mənə oğlumun üç ayağını veriblər" - Erməni əsgər atası
"Ailələrdən daxil olan müraciətlərə əsasən, 2020-2023-cü illərdə baş verən eskalasiya nəticəsində 429 nəfər hələ də itkin sayılır. Axtarış və şəxsiyyətin müəyyənləşdirilməsi prosesini asanlaşdırmaq üçün aidiyyatı strukturlarla əməkdaşlıqlarımızı davam etdiririk", - məlumatda bildirilir.

BQXK-nın Ermənistandakı nümayəndəliyi onu da qeyd edib ki, təkcə 2024-cü ildə 62 ailə 2020-2023-cü illərdə itkin düşmüş qohumlarının taleyini aydınlaşdırmaq üçün onlarla əlaqə saxlayıb.

Ümumiyyətlə qurum ziddiyətli məlumatları ilə diqqət çəkir. Bundan əvvəl BQXK-nın Ermənistandakı ofisinin yaydığı məlumatda 2024-cü ilin avqust ayına olan statistikaya görə, itkin düşənlərin sayının 300-ə yaxın olduğu vurğulanırdı.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda itkin düşən hərbçilərin yaxınları müxtəlif dövlət qurumları qarşısında uzun müddət etiraz aksiyaları keçiriblər. Baş nazir Nikol Paşinyan hərbçi ailələrini bir neçə dəfə qəbul etsə də, onun qeyri-müəyyən cavabları etirazçıları qane etməyib. Səhiyyə naziri hətta bəzi itkin sayılan döyüşçülərin qalıqlarının valideynlər tərəfindən qəbul edilmədiyini bəyan edib. Hətta ötən ilə qədər dirəniş göstərən valideynlərdən biri sonda övladının cəsəd qalıqlarına sahib çıxmışdı.

"Joğovurd" nəşri də ötən il bu mövzuda diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, müharibədən 4 il keçməsinə baxmayaraq, morqlarda 88 nəfərin cəsəd qalıqları qalıb: "Bu əsgərlərin DNT-si müəyyən edilsə də, basdırılmayıblar. Ermənistanın Səhiyyə Nazirliyi bəyan edir ki, döyüşdən uzun müddət keçsə də, müharibə qurbanlarının valideynləri DNT araşdırmasının nəticələrini rədd edirlər".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İtkin  





Xəbər lenti