Səbinə Əliyeva 33 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Xocalı soyqırımına hələ də tam siyasi və hüquqi qiymət verilmədiyini qeyd edib, bu faciəyə tam ədalətli qiymət verilməsinin və cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulayıb.
Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın, o cümlədən Xocalı soyqırımı zamanı 150 soydaşımızın itkin düşdüyünü bildirən Ombudsman dəfələrlə Ermənistana müraciət edilməsinə baxmayaraq, həmin şəxslərin taleyi ilə bağlı hələ də dəqiq məlumatın əldə olunmadığını bildirib. O, işğaldan azad edilmiş torpaqlarımızda aparılan tikinti-bərpa və axtarış-qazıntı işləri zamanı kütləvi məzarlıqların aşkar edildiyini, indiyədək 170-ə yaxın insanın şəxsiyyətinin müəyyən olunduğunu qeyd edib.
Müvəkkil, həmçinin soydaşlarımızın ötən əsrin müxtəlif dövrlərində indiki Ermənistan ərazilərindən qaçqın düşdüyünü, onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, yaşayış məntəqələrinin, tarixi və dini abidələrin məhv edildiyini diqqətə çatdırıb. Ombudsman etnik azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının, onların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
AzVision.az