Çərşənbələrlə bağlı əhaliyə müraciət

   Çərşənbələrlə bağlı əhaliyə müraciət
  25 Fevral 2025    Oxunub:10183
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.
Qeyd olunub ki, bu gündən xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır.

Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə arzuolunmaz və acı nəticələrə yol aça bilər. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:

bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur. Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır! Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti