Helsinkidə Xocalı faciəsi qurbanları anılıb

   Helsinkidə Xocalı faciəsi qurbanları anılıb
  25 Fevral 2025    Oxunub:315
Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində 26 fevral – Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Xocalı soyqırımı zamanı həlak olmuş günahsız insanların, qadın və uşaqların əziz xatirəsi dərin ehtiramla yad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Helsinki Azərbaycan Evinin sədri Ülviyyə Cabbarova “Xocalıya ədalət” beynəlxalq şüarının həm milli, həm də beynəlxalq səviyyədə ədalət çağırışı olduğunu vurğulayıb. O, Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə daha genişmiqyaslı işlərin aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Anım mərasimində Türkiyənin Finlandiyadakı Səfirliyinin nümayəndələri, eləcə də Finlandiyada yaşayan soydaşlarımız iştirak edib. İştirakçılar Xocalı faciəsi haqqında ətraflı məlumat verib, beynəlxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyi barədə fikirlərini bölüşüblər.

Çıxışlarda Xocalının azad edilməsi zamanı Azərbaycan ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşlərinə diqqət çəkilib.

Qeyd olunub ki, Xocalıda insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görülür.

Finlandiyada fəaliyyət göstərən “Azər-Türk Gənclər Təşkilatı”nın və Helsinki Azərbaycan Evinin fəal üzvü Mona Savaşovar 2021-ci ildə Finlandiyada Xocalı haqqında nəşr olunmuş məqaləsi barədə məlumat verib. O, məqalənin yerli ictimaiyyətə Xocalı həqiqətlərini çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb və gələcəkdə bu mövzuda daha genişmiqyaslı işlərin aparılmasının vacibliyini xatırladıb.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti