Avropa Ukraynaya qoşun göndərir, amma bir şərtlə...

   Avropa Ukraynaya qoşun göndərir, amma bir şərtlə...
  26 Fevral 2025    Oxunub:349
Fransa, Almaniya və Böyük Britaniya atəşkəs rejiminə əməl etmək üçün Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bəyan ediblər, lakin onların ABŞ-nin dəstəyinə ehtiyacı var.
AzVision.az xəbər verir ki, Fransanın Maliyyə naziri Erik Lombar “Bloomberg TV” telekanalına müsahibəsində Avropa ölkələrinin Ukrayna üzrə texniki müzakirələrə başladığını iddia edib.

“Atəşkəsə zəmanət vermək üçün avropalı əsgərlərin Ukraynaya göndərilməsi barədə ümumi razılıq var. Böyük Britaniya, Almaniya və Fransa buna hazırdır. Bunu təmin etmək üçün atəşkəs yarandıqdan sonra əsgərlər Ukraynaya gələcəklər”, - fransalı nazir deyib.

Onun sözlərinə görə, digər Avropa ölkələri də öz hərbi qüvvələrini Ukrayna ərazisinə göndərməyə razıdırlar. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp atəşkəsi dəstəkləməyə razılaşdığını desə də, Vaşinqtonun konkret hansı addımlar ata biləcəyini dəqiqləşdirməyib.

Maraqlıdır ki, yüksək dairələrdəki məmurlara istinad edən The Wall Street Journal (WSJ) qəzeti Fransa prezidenti Emmanuel Makronun Ağ Evdə keçirdiyi görüşdə ABŞ prezidenti Donald Trampa sülh razılaşmasından sonra Ukraynaya yerləşdirilməsi planlaşdırılan avropalı əsgərlərə hərbi dəstək verməsi üçün təzyiq göstərdiyini yazıb.

- Prezidentlər təfərrüatlara varmayıblar, lakin Tramp bu ideyaya açıq olub. Makron Amerika lideri ilə razılığa gəldiyini düşünərək Vaşinqtonu tərk edib”, - əslində mənbə Fransa prezidentinin bunu güman etdiyini bildirib.

Makron Vaşinqtondan əliboş qayıdıb
Qeyd edək ki, həqiqətən də daha əvvəl Donald Tramp ABŞ-nin Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsində maraqlı olduğunu bildirsə də, “The Guardian” nəşrinin yazdığına görə, Emmanuel Makron Vaşinqtondan dəstək zəmanəti almadan və Trampın Ukrayna müharibəsi ilə bağlı mövqeyinə yenidən baxmasına nail olmadan Vaşinqtonu tərk edib.

Əslində, Rotşildlər ailəsinin protejesi və marioneti kimi Fransanın prezidenti vəzifəsinə gətirilən və nəinki ABŞ-nin, demək olar ki, bütün nüfuzlu dövlətlərin ciddi qəbul etmədiyi Emmanuel Makronun Donald Trampa təzyiq göstərdiyi barədə iddialar yalnız acı istehza doğura bilər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Avropa   Ukrayna   qoşun  





Xəbər lenti