Kadırov Aydanla Zülfüqarı təltif edəcək

Kadırov Aydanla Zülfüqarı təltif edəcək
  27 Fevral 2025    Oxunub:395
Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin bələdçilərinə “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında məlumat verib.

Kadırov qeyd edib ki, hadisə zamanı bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər:

“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” tipli sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən stüardessalar Zülfüqar Əsədov və Aydan Rəhimli təyyarə qəzası qurbanlarının xatirəsinə “Respublika Xidməti” mükafatına layiq görüləcəklər”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.

Prezident İlham Əliyevin sərəncamı ilə ekipajın üç üzvü - Gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva Milli Qəhrəman adına layiq görülüb, sağ qalan bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti