ABŞ-ni tərk edən Zelenski Londona uçub

   ABŞ-ni tərk edən Zelenski Londona uçub
  01 Mart 2025    Oxunub:416
ABŞ-dən havaya qalxan Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsinin günortaya kimi Londona enəcəyi gözlənilir.
AzVision.az xəbər verir ki, “Flightaware” media-portalı belə məlumat yayıb.

Dünən canlı söhbət zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp və ABŞ vitse-prezidenti Cey Di Vens arasında mübahisə düşüb. Danışıqların açıq keçirilən hissəsində Rusiya-Ukrayna müharibəsi mövzusunda ölkə liderləri arasında baş verən mübahisədən sonra Zelenski Ağ Evi vaxtından əvvəl tərk edib.

Tramp danışıqların açıq hissəsindən sonra sosial şəbəkələrdə Zelenskinin “sülhə hazır olmadığını” “ABŞ-yə hörmətsizlik göstərdiyini” bildirib.

Tramp: “Zelenski döyüşmək istəyir”
Ağ Evin sözçüsü Kerolayn Livitt “CNN” telekanalına bildirib ki, ABŞ və Ukrayna liderləri arasında danışıqlardan sonra baş tutmalı olan birgə mətbuat konfransı ləğv edilib. Xanım Livitt, həmçinin Ukraynanın təbii sərvətlərindən istifadəyə dair sazişin imzalanması da ləğv olunması barədə “Fox News” və “CNN” telekanallarının yaydığı məlumatı da təsdiqləyib.

Martın 2-də Londonda Ukrayna prezidenti Volodimir Zelenski ilə Avropa ölkələrinin liderləri arasında hərbi əməliyyatların dayandırılacağı halda Kiyevin təhlükəsizliyinə təminatlara həsr olunmuş görüş planlaşdırılır.

“Sammitdə Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron müttəfiqlərinə ABŞ prezidenti Donald Trampla apardıqları danışıqlar barədə məlumat verəcəklər”, - “Bloomberg” agentliyi yazıb.

Məlumatda Starmerin Türkiyə, Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, İspaniya, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderlərini Londona dəvət etdiyi bildirilir. NATO-nun baş katibi Mark Rüttenin, həmçinin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin və Avropa Şurasının prezidenti Antonio Koştanın da iştirakı gözlənilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   ABŞ   London  





Xəbər lenti