Ankara “B” planını hazırlayır

   Ankara “B” planını hazırlayır
  03 Mart 2025    Oxunub:455
Terrorçu “Kürdüstan Fəhlə Partiyası (PKK)” öz lideri Abdullah Öcalanın tərksilah çağırışına əməl etməkdən boyun qaçırsa, Ankara ətraflı fəaliyyət planı hazırlayır.
AzVision.az öz mənbələrinə istinad edən “Hürriyet” qəzetinin yazdığına görə, Şimali İraqdakı Qəndil düşərgəsində məskunlaşan yaraqlılar silahlarını yerə qoymasalar, onların Öcalana sədaqəti şübhə altına düşəcək. Bu halda o, PKK-nın artıq onun rəhbərliyinə tabe olmadığını, xarici dövlətlərin maraqlarından çıxış etdiyini deyərək, ictimaiyyət qarşısında təşkilatdan uzaqlaşa bilər.

PKK daha əvvəl İmrəli adasındakı həbsxanada ömürlük həbs cəzasını çəkən Öcalanın çağırışına cavab olaraq atəşkəs elan etmişdi. Lakin partiya israr edir ki, özünün buraxılması barədə yekun qərar yalnız liderin şəxsi iştirakı ilə keçiriləcək qurultayda verilə bilər.

PKK atəşkəs elan etdi
Ankara isə qruplaşmanın tam və qeyd-şərtsiz tərksilah edilməsində israrlıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, prosesi ləngitmək cəhdləri razılaşmaların pozulması kimi qiymətləndiriləcək və bu halda PKK-ya qarşı hərbi əməliyyatlar bərpa olunacaq.

“Türkiyə artıq bu prosesin həyata keçirilməsinin vaxtını və mexanizmlərini müəyyən edib. Yaxın iki-üç ay ərzində vəziyyətə nəzarət olunacaq. PKK tərksilahla razılaşarsa, silahların ötürülməsi sxemi hazırlanacaq - onlar Türkiyə və İraq hakimiyyətlərinə verilə, həmçinin Türkiyə və Suriya administrasiyasının nəzarəti altında Suriyada xüsusi təyin olunmuş zonalara yerləşdirilə bilər”, - mənbələrə istina edən “Hürriyet” nəşri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ankara   PKK   plan  





Xəbər lenti