Ukrayna kütləvi itki verdiyini etiraf edib

Ukrayna kütləvi itki verdiyini etiraf edib
  03 Mart 2025    Oxunub:442
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Quru qoşunlarının komandanı Mixail Drapatıy Rusiyanın Dnepropetrovsk vilayətindəki poliqona ballistik raket zərbəsi endirdiyini və bunun Ukrayna hərbçilərinin ölümü ilə nəticələndiyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, ötən şənbə günü Rusiya Müdafiə nazirliyi Rusiya ordusunun Dnepropetrovsk vilayətində Ukrayna ordusunun poliqonuna “İskəndər-M” kompleksi ilə zərbə endirdiyini açıqlamışdı. Məlumatda iddia edilirdi ki, raket hücumu nəticəsində USQ-nin 150-yə qədər hərbçisi, o cümlədən 30-a qədər xarici təlimatçı həlak olub. Həmin vaxt poliqonda USQ-nin 157-ci mexanikləşdirilmiş briqadasının hərbi qulluqçularının təlim keçdikləri bildirilirdi.

“Təlim poliqonunda baş verən faciə düşmən hücumunun dəhşətli nəticəsidir. Müharibə cəld qərarlar, məsuliyyət və yeni təhlükəsizlik standartları tələb edir, əks halda biz qazandığımızdan daha çox itiririk”, - general Drapatıy poliqona hücum edildiyini təsdiqləyib.

Bununla belə, o, faciənin dəqiq harada baş verməsi, neçə qurbanın və yaralının olması barədə təfərrüatları açıqlamayıb. Generalın sözlərinə görə, hazırda faciənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır və o, hər bir addımı şəxsən izləyir.

- Mən əsassız olmasın deyə ilk məlumatları gözləyirdim və indi xəbərdarlıq etməliyəm: o gün qərar qəbul edən hər kəs və vaxtında qəbul etməyən hər kəs cavab verəcək. Heç kim izahatların və ya rəsmi hesabatların arxasında gizlənməyəcək”, – USQ-nin Quru qoşunlarının komandanı bildirib.

Mixail Drapatıy heç bir təfərrüatın diqqətdən kənarda qalmaması, cinayətkarların adlarının çəkilməsi və “bundan qurtula” bilməməsi üçün artıq hərbi əks-kəşfiyyatın iştirakı ilə müstəqil audit təyin etiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Drapatıy   Ukrayna   itkilər  





Xəbər lenti