Ön və arxa cəbhədəki hücumlar – TƏHLİL

Ön və arxa cəbhədəki hücumlar – TƏHLİL
  02 Avqust 2014    Oxunub:27523
Vüsal Məmmədov / AzVision.az

Son günlərdə cəbhə xəttində 12 əsgərimizin şəhid olması, təəssüf ki, bəziləri üçün spekulyasiya mövzusuna çevrilib. Ağırdır və ağrıdır. Ona görə ki, heç olmasa bu məsələdə vicdan alverinə yol verilməməli idi.


Əvvəlcə gəlin, əlimizdə olan FAKTLARA əsasən nəyin baş verdiyini analiz etməyə çalışaq.

Başa düşmək çətin deyil ki, bizim mövqelərimizə güclü hücumlar olub. 12 şəhid – ciddi rəqəmdir, bu qədər əsgəri qısa vaxtda snayperlə uzaqdan vurub öldürmək olmaz. Bizim orduya məxsus silah-sursat və texniki vasitələrin düşmənin əlinə keçməsi də ondan xəbər verir ki, məhz həmlə olub və həmlə zamanı ermənilər bizim mövqelərə qədər gələ biliblər. Əks halda həmin sursatı ələ keçirə bilməzdilər.

Şəhidlərimizin cənazələrinin artıq ailələrinə çatdırılması onu göstərir ki, bu qurbanlar məhz bizim tərəfdə verilib, düşmən tərəfdə yox. Yəni söhbət Azərbaycanın təşkil etdiyi hansısa diversiya addımından, hücumdan getmir. Söhbət bizim mövqelərə həmlədən gedir.

Hətta bir neçə gün ərzində verilsə belə, 12 nəfər, dediyim kimi, ciddi itkidir. İndiyə qədər də az qala hər gün atəşkəs pozulub, amma heç vaxt belə itkilər olmayıb. Bunun üçün miqyaslı, əvvəlcədən yaxşı düşünülmüş, planlaşdırılmış əməliyyat(lar) olmalıdır. Yəqin ki, erməni tərəf bunu uzun müddət ərzində planlayıb və götür-qoy edib.

Demək, bu 12 nəfər – torpağı, vətəni DÜŞMƏNDƏN QORUYARKƏN şəhid olublar. Və onlara bu cür də yanaşılmalıdır, hansısa insidentin, bədbəxt hadisənin qurbanı kimi yox!

İndi isə məsələnin başqa tərəflərinə fikir verək. Təbii ki, belə bir hücum olubsa, biz 12 şəhid vermişiksə, erməni tərəfin itkiləri daha çox və daha ağır olmalıdır. Bunu elementar məntiq deyir. Hücum edən və müdafiə olunan tərəflərin güc nisbəti hərb elmində 1:6 nisbəti kimi götürülür. Yəni sən müdafiə olunandan 6 dəfə böyük qüvvə ilə hücum etməlisən və itkilərin də anoloji qaydada o qədər çox ola bilər. Demək, bütün hallarda erməni tərəfin itkiləri daha çox olmalıdır. Amma erməni mediasında bu haqda məlumatlar görə bilirikmi?

Bir də təkrarlayıram, elementar məntiqə görə, erməni tərəfin itkisi daha çox olmalıdır. Onlar gəlib qonşunun uşağını döyüb, getməyiblər axı. Döyüş olub! Amma erməni rəsmiləri öz itkilərini ciddi-cəhdlə gizlədirlər. Erməni mediası da onlara dəstək verir, patriotik hissləri gücləndirə biləcək materiallar dərc edirlər. Cəmiyyətdə yas əhvalının və ruh düşkünlüyünün qarşısının alınmasına imkan verilmir. Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyan xarici dövlətlərin hərbi attaşelərinə Azərbaycanın onlara hücum etdiyini (!) bildirir. Və elə buradan görünür ki, erməni tərəfin dedikləri nə dərəcədə “həqiqət”dir. Bütün bunlar hamısı koordinasiya olunmuş şəkildə həyata keçirilir və Ermənistanın maraqları öndə tutulur.

Bəs nə edirik? Daha dəqiqi, bizdən sayılan bəziləri nə edirlər? Qəsdən və israrla özümüzü də, cəmiyyəti də yasa soxmağa çalışırıq. Ermənilərin itkisi haqda xəbəri kiçildir, öz itkimiz haqda xəbəri böyüdürük. Bəziləri onları az qala supermen, bizi qarışqa kimi təqdim etməyə çalışırlar. Sanki erməni tərəfdən heç itki yoxdur, “rembo”lar gəlib bizi qırıb gediblər. Lap deyək ki, erməni jurnalist Eduard Abramyanın “tvitter” profili saxta imiş. Nə olsun? Bu, məgər o deməkdirmi ki, ermənilər itki verməyib? Siz nə bilirsiniz ki, o profili kim, hansı məqsədlə yaradıb? Bəlkə elə ermənilər özləri açıblar ki, itki vermələri haqda xəbərlər etibarsız görünsün? Yaxud bəlkə, erməniləri güclü, Azərbaycanı zəif göstərməkdə maraqlı olan digər qüvvələr yaradıb?

Qəribədir. 12 şəhid vermişik, amma heç bir facebook səhifəsində ermənilərə qarşı bir damcı da hiddət və ya nifrət sezilmir. Sanki erməninin zərrə qədər də günahı yoxdur bu faciədə. Bütün fikirlər özümüzə qarşı yönəlib. Bu, nə məntiqdir, nə düşüncədir, sizin beyninizi kimlər yuyub? Niyə hər şeyi dərhal daxili siyasət məcrasına yönəltməyə çalışırsınız?

Niyə heç kim bu sualı qoymur ki, məhz indi erməni tərəfin bu hücumları təşkil etməkdə məqsədi nə ola bilər? Nə baş verib ki, onlar məhz indiki mərhələdə hücuma keçir, atəşkəs dövrünün ən ciddi əməliyyatını təşkil edirlər?

Hazırda danışıqlar prosesi faktik olaraq getmir - yəni insidenti bununla bağlamaq mümkün deyil. Digər tərəfdən, Azərbaycanla Rusiya arasında heç bir gərginlik yoxdur ki, baş verənlərdə “rus izi” axtarasan. Bəs səbəb nədir?

Son bir ayın proseslərinə diqət yetirəndə Leyla Yunusun (daha əvvəl isə Rauf Mirqədirovun) həbsi, ermənilərə işləyən şəbəkənin ifşasından başqa gözə heç nə dəymir. Əlbəttə, səbəbin məhz bu olduğunu iddia etmirəm. Amma iki hadisənin arasındakı sinxronluğu təsadüf saymağın da tərəfdarı deyiləm. İstisna deyil ki, arada hansısa əlaqə var. Görünür, bu şəbəkənin dağıdılması ermənilərə bizim görə və anlaya bildiyimizdən daha ağır zərbə olub.

Ən dəhşətlisi isə odur ki, bəziləri “Niyə matəm elan olunmur” deyib durub. Soruşmaq istərdim: sizin dövlət idarəçiliyində nə qədər biliyiniz, təcrübəniz var? Bu ölkəni yönəldən yüksək peşəkarlığa və dövlətçilik təcrübəsinə malik komandadan daha yaxşımı bilirsiniz ki, hansı hallarda matəm elan olunmalıdır, hansında yox? Olunmursa, demək, belə məsləhətdir və bunun da hər kəsin anlaya bilmədiyi səbəbləri var. Siz, məsələn, dünyanın gözü ilə bu olayı necə görə bilirsiniz: ermənilər hücum edib və Azərbaycanı rəsmən matəmə batırıb.

Ona görə də, matəmə batmaq lazım deyil. Başı dik tutaraq da ağrıya dözmək olar.


Teqlər:  





Xəbər lenti