“Dindarlar siyasi oyunlara alət edilir”

“Dindarlar siyasi oyunlara alət edilir”
  15 Fevral 2013    Oxunub:2263
“Ölkədəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar”.
AzVision.az-ın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Lənkəranda keçirilən konfransda deyib.
Bu gün öz işinə başlayan “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfransda Elşad İskəndərov bir sıra məsələlərə toxunub: “Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, azərbaycançılıq məfkürəsinin tərkib hissəsi olan, milli-mənəvi dəyərlərimiz sahəsində maarifləndirmə işi prioritet məsələlərdəndir. Bununla yanaşı unutmamalıyıq ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox din xadimlərinin üzərinə düşən məsuliyyətdir. Dövət Komitəsi olaraq bu iş üçün hər cür şərait yaradırıq. Dini icmalar isə əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıdırlar”, - deyə Komitə sədri bildirib.
Elşad İskəndərov vaxtlarda dini icmalar və dindarları siyasiləşdirmə meyillərindən də danışıb: “Ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar. Ancaq inanırıq və əminik ki, dini icmalar bu cür siyasi oyunların iştirakçısına çevrilməyəcəklər”.
Qeyd edək ki, konfransın açılış mərasimində Şeyxülislam Allahşükür Paşazadə, millət vəkilləri, Cənub rayonlarının icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi və QMİ Elmi-Dini Şurasının rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.


Teqlər:





Xəbər lenti