Cenevrədə Azərbaycana yaxşı qiymət verildi

Cenevrədə Azərbaycana yaxşı qiymət verildi
  01 May 2013    Oxunub:1143
Bu gün Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycanın ikinci məruzəsinə baxılıb.
İclasın əvvəlində Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Ermənistanın Azərbaycana qarşı təcavüzün nəticələri və bunun ölkəmizdə insan hüquqlarının həyata keçirilməsinə təsiri barədə məlumat vərərkən erməni nümayəndə onun çıxışını kəsməyə cəhd edib. O, prosedur üzrə qeyd vermək hüququna istinad edərək iclasda BMT çərçivəsində qəbul edilmiş terminolgiyadan istifadə edilməsini, bununla Ermənistanı “təcavüzkar dövlət” adlandırmamağı xahiş edib. Lakin iclasa sədrlik edən onun çıxışını əsassız sayıb və ümumiyyətlə Ermənistanın bu kimi məsələlərlə bağlı “prosedur üzrə qeyd vermək” hüququnun olmadığını vurğulayıb.

Cənab X.Xələfov isə ermənilərin belə davranışın adi hal olduğunu bildirərək bunun ermənilərin təcavüzkar siyasətini göstərdiyini qeyd edib.

İclasda 80-dən çox dövlət nümayəndəsi çıxış edərək Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı öz mövqelərini bildiriblər. Bu dövlətlərin əksəriyyəti ölkədə insan hüquqlarının müdafiəsi sahəsində görülmüş tədbirləri təqdir edib, bu istiqamətdə müsbət nailiyyətləri inkişaf etdirməyə çağırıblar. Misal üçün, Rusiya nümayəndəsi ölkəmizə ASAN xidmət təcrübəsini digər ölkələrlə bölüşməyi təklif edib.

Ümumiyyətlə, İnsan Hüquqları Şurasının işçi qrupunun iclasında Azərbaycanla bağlı bu qədər böyük sayda dövlətlərin nümayəndələrinin çıxış etməsi Azərbaycanın dünyada nüfuzunun artmasını, beynəlxalq münasibətlər sistemində mövqelərinin gücləndirilməsini bir daha təsdiqləyib.


Teqlər:





Xəbər lenti