Türkiyə öz əlilə vurulur

Türkiyə öz əlilə vurulur
  01 Noyabr 2014    Oxunub:4473
Seymur Süleymanov

AKP-nin “Yeni Türkiyə”si artıq nəticəsini vermək üzrədir. Amma təəssüf ki, mənfi nəticəsini. Ölkə getdikcə daha çox bataqlığa sürüklənir. Regionda nüfuzunu itirməyə başlayır. 29 Oktyabr Cumhuriyyət bayramında peşmərgələrin Türkiyədən keçməsi heç təsadüfi deyildi. Bunu təşkil edənlər Türkiyəyə ciddi bir mesaj verdilər!


Kobani artıq açıq-aşkar Türkiyəni vurmaq üçün oyuna atılan karta dönüb. Ankara bu məsələdə gözləmə mövqeyində idi. Ancaq Amerikanın Kobanidə İŞİD-ə qarşı savaşanlara yardım etməsilə bu taktika qüvvədən düşdü. Türkiyə gözləmə mövqeyindən çıxmalı oldu. Daha dəqiqi, çıxarıldı.

Amerika ikiüzlü siyasətini burada da işə saldı: həm İŞİD-ə, həm də onunla savaşan kürdlərə yardım etdi. Vaxtilə "PKK bizim üçün nə qədər təhlükədirsə,YPG də bir o qədər təhlükədir" deyən Ərdoğan belə, Amerikanın təzyiqlərinə tab gətirə bilmədi. Türkiyə prezidenti peşmərgələrə yardım edilməyəcəyi haqda əvvəl dediyi sözü tutmağı bacarmadı. Xarici işlər naziri Mövlüd Çavuşoğlunun "Terror örgütünə yardım edirik" açıqlamasından sonra Ərdoğan "Silah yardımını mən özüm Amerikaya təklif etmişdim"deyərək, söhbəti “malalamağa” çalışdı.

Amerikaya Kobani nə üçün lazımdır? Görünür, bu, “Böyük Kürdüstan” qurmaq yolundakı gedişlərdən biridir. Əgər Kobani olmasa, “Böyük Kürdüstan”ın dənizə çıxışı bağlanmış olacaq. Beləliklə, yaradılması düşünülən həmin dövlət neft və qazını ixrac edə bilməyəcək.

Türkiyə gərək peşmərgələrə dəhliz verməyə, ümumiyyətlə, Kobani məsələsində heç bir addım atmayaydı. Üstəlik, YPG-yə silahlar getməkdə davam edir. Bu isə Türkiyə üçün olduqca böyük təhlükədir. Belə çıxır ki, gələcəkdə qurulacaq Böyük Kürdüstan dövlətində Türkiyənin də xidməti var. Sanki Türkiyə öz əlilə silahı gicgahına dayayır...

Bəzi versiyalara görə, Ərdoğan istəyir ki, peşmərgə Kobanidə Azad Suriya Ordusu ilə birləşib, Əsədə qarşı savaşsın. Yəni Türkiyənin hədəfi İŞİD yox, Bəşər Əsəddir. Halbuki, Əsəd devrilsə, bölgə İŞİD-dən təmizlənsə,Böyük Kürdüstanın qurulmasına daha heç bir əngəl qalmayacaq. Bu hadisələrdə isə yalnız və yalnız Türkiyə məğlub olacaq.

Görün, iş nə yerə çatıb ki, AKP rəhbərliyində PKK lideri Öcalanı “sülh göyərçini” kimi təqdim edənlər bunu açıq şəkildə etməkdən çəkinmirlər. Baş nazirin müavini, hazırda AKP-nin sözçüsü olan Bəşir Atalay “Bəyənsəniz də, bəyənməsəniz də, Öcalan kürdlərin lideridir” deyir; Ərdoğanın baş müşaviri Yigit Bulut, “Öcalan Yaxın Şərqdə Türkiyənin yolunu açır” buyurur; AKP-nin xarici əlaqələrdən məsul sədr müavini Yasin Aktay isə ərz edir ki, “Prosesin ən önəmli aktyorlarından olan Öcalanın tələbləri normaldır, qanunidir”.

Nə baş verir?! Türkiyə öz əli iləmi vurulur?..
Belə görünür ki, hə...




Teqlər:





Xəbər lenti