Həşərata çevril, azad ol!

Həşərata çevril, azad ol!
  28 Noyabr 2014    Oxunub:3043
Fatimə Kərimli

Səhər yuxudan oyanıb sırf çılpaq qalmamaq üçün paltar geyinmək, pulsuz qalmamaq üçün işə getmək, özündən başqa daha bir neçə nəfərin, lap dəqiq desək, bir ailənin sənin qazancından asılı olduğunu düşünüb maaşı gözləmək, ya da bunların heç birinə ehtiyac olmadan səhəri böcəyə çevrilmiş kimi oyanmaq. Hansı halda insan daha azad sayılır?


Bu səbəblərə görə Kafkanın “Çevrilmə” əsərinin qəhrəmanı Qreqor Zamzanın böcəyə çevrilməyini həmişə onun azadlığa çıxması kimi qəbul etmişəm. Sevmədiyin müdirdən, səni sevməyən ailədən və yardım edə bilmədiyin bacıdan xilasın yeganə yolu sənin özünün birbaşa köməksiz vəziyyətə düşməyindir. Onda səndən nəsə gözləyən baxışlar, bunu edə bilməyəndə isə qəzəbli üzlər səndən dönür, əlini, gözünü, ümidini çəkir.

Sən özünə kömək edə bildiyin qədər lazımsan insanlara. Köməyin yoxdusa, onlar da yoxdu. Zamzanın ailəsi kimi…

Necə olur ki, illərlə Qreqora, onun maaşına möhtac olan ana, ata, bacı çox qısa müddətdə işləyib özlərini dolandıracaq pul, hətta evi dəyişəcək imkan tapa bilirlər? 3 kişinin kirayə qaldığı otaq o evdə həmişə var idi axı. Qreqor kommivoyajer işləyəndə də, səhər böcəyə çevrilmiş halda oyananda da, kürəyində alma çürüyəndə də və cansız böcək bədəni zibilgötürənin içinə süpürüləndə də o otaq orada idi.

Bəs onda bu qədər əziyyət nəyə gərək idi? Azadlıq bu qədər bahalı nemət idi? Qreqorun “mən bu işi sevmirəm, sevmək də istəmirəm, o deyingən müdirdən xilas olmaq və sizin məni sevməyinizi, sizin üçün qatlaşdığım bu zülmün fərqinə varmağınızı istəyirəm” deyib hayqırmağı çətin idi? Ya da bəlkə elə səhər o yataqda peyda olan böcək Qreqorun harayı idi? Bəlkə elə kürəyində çürüyən alma içindəki göynəmə, otağın qaranlıq küncündə gizlənmək məcburiyyəti, bu qorxu hissi də elə onu sevməyənləri itirmək, onları incitmək qorxusu idi?

Bütün sualların ən önəmli cavabı isə o idi ki, Qreqor daha həmin gündən etibarən azad idi. Bu, sadəcə səhər saat 6-da oyanıb işə getməkdən xilas, doyunca yatmaq azadlığı deyildi. Bu, qozbel adam kimi kürəyində daşıdığın çıxıntıdan, içini alma dilimi kimi çürüdən, incidən göynəmədən və süpürgə ilə süpürülüb atılan daş kimi ağır və cansız bədəndən, ölü ruhdan xilas idi.

Və… Ən acı həqiqət də budur ki, insan böcəyə ancaq Kafkanın əsərində çevrilə bilər. Həyatda hayqırmağın belə üsulu yoxdur. Ya həqiqətən sözün əsl mənasında var gücünlə bağırmalısan, ya da var gücünlə, bütün varlığınla susmalısan.


Teqlər:  





Xəbər lenti