Ermənilər də bizim kimi düşünür
Türkiyə,İran, Rusiya, Qazaxıstan və Yaponiya qərara etiraz edən ilk ölkələrdəndir. Bu gün isə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mais Musayev açıqlamasında bu təklif Azərbaycanın medallarının sayına təsir edəcəyini deyib :”Açıqcası, idman sahəsində görülən işlər, irəliləyiş göstərir ki, 2020-ci ilə kimi bizdə digər idman növləri üzrə də medal qazanmaq şansını artıracaq. Ancaq güləş Azərbaycanın ənənəvi, tarixi idman növü olduğu üçün bu sahədə həmişə medalımız olub, bundan sonra da olacaq. Bəlkə də medalların sayında azalma olar. Amma digər idman növlərində də medallarımızın olacağına şübhəm yoxdur. Biz Güləş Federasiyası olaraq ümid edirik ki, bu, elə təklif olaraq da qalacaq. Son qərar güləşin xeyrinə olacaq”.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov isə modern.az-a açıqlamasında bütövlükdə Olimpiya oyunlarını güləşsiz təsəvvür etmədiklərini və qərarın Azərbaycan üçün ürəkaçan olmayacağını bildirib: “Beynəlxalq Güləş Federasiyası Avropa, dünya çempionatlarını və digər beynəlxalq turnirləri keçirəcək. Amma Olimpiya statusu olmayandan sonra bu idman növünə nəyinki Azərbaycanda, eləcə də bütün dünyada maraq azalacaq. İnanmıram ki, Beynəlxalq Güləş Federasiyasının prezidenti və rəhbərliyi imkan verələr ki, güləşin 3 növünün hamısı olimpiya oyunlarının proqramından kənarlaşdırılsın”
Bu gün Ermənistanın Gənclər və İdman naziri güləşin 2020-ci il Olimpiya Oyunlarından çıxarılması qərarından narahatlığını ifadə edib.
Erməni KİV-nin yazdığına görə, erməni nazir sentyabrda baş tutacaq təkrar müzakirlərdə qərarın dəyişdirilməsinə ümid etdiyini deyib. Güləşin bir çox ölkələrdə olduğu kimi Ermənistanda da olduqca populyar olduğunu deyən nazir qərarı yolverilməz adlandırıb.