Azərbaycanlılar 28 min litr qan vermişdilər - ARAŞDIRMA

Azərbaycanlılar 28 min litr qan vermişdilər - ARAŞDIRMA
  09 May 2013    Oxunub:3685
Bu, cəbhəyə yardımlarımızın hələ çox az bir hissəsidir…
Böyük Vətən Müharibəsinnin başladığı ilk günlərdə - iyun ayının 28-də Azərbaycan KP MK bütün partiya komitələrinə iş formalarını və metodlarını müharibə dövrünün tələblərinə uyğun qurmaq barədə məktub göndərdi. Fəhlə və qulluqçular üçün iş günü 11saata qaldırıldı. Bütün məzuniyyətlər ləğv edildi. İşi özbaşına tərk etməyə görə 8 ildən 11 ilə qədər həbs cəzası müəyyən olundu. Bütün ərzaq və sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edildi.

Almanların SSRİ-nin Qərb rayonlarını işğal edərək Zaqafqaziyanın hüdudlarına yaxınlaşması ilə Azərbaycan döyüşən ordunun etibarlı cəbbəxanasına çevrildi. Ali Baş Komandanlıq 1942-ci il sentyabrın 9-da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan etdi. Mühüm sənaye mərkəzlərində müdafiə rayonları yaradıldı. Bunlar Bakı xüsusi müdafiə rayonu, Qroznı və Orconokidze müdafiə rayonları idi. Müdafiə rayonlarının rəisləri ordu komandanlığının müavini səlahiyyətinə malik idilər.

1942-ci il sentyabrın 16-da Dövlət Müdafiə Komitəsi Mahaç Qala, Dərbənd və Bakı rayonlarında müdafiə-istehkam tikintiləri üçün hər gün 90 min adamın səfərbər olunması haqqında qərar qəbul etdi.

Xalq təsərrüfatının hərbi qaydada qurulmasında, döyüşən ordunun yanacaq, hərbi sursat və ərzaqla təmin edilməsində Azərbaycan xalqının üzərinə məsul vəzifələr düşürdü.

Neftsiz, benzinsiz, sürtgü yağları olmadan bu müharibədə müvəffəqiyyət qazanıla bilməzdi. Cəbhəni neft və neft məhsulları ilə təchiz etməkdə Bakı xüsusilə böyük rol oynayırdı.

Azərbaycan neftçiləri və maşınqayıranları ciddi çətinliklərlə üzləşmişdilər. İşçi qüvvəsinin, ixtisaslı kadrların əsas hissəsi cəbhəyə getmişdi. Neft sənayesi üçün avadanlıqlar çatışmırdı. Şimaldan gələn dəmir yolları faşistlərin nəzarəti altına keçdiyinə görə mərkəzi rayonlardan xammal gətirilməsi dayandırılmışdı. Bakı limanında çoxlu sayda köçürülən avadanlıq toplanmışdı. 1942-ci ilin yayında Azərbaycan artıq cəbhəaltı zonaya çevrilmişdi.

SSRİ-nin Şərq rayonlarındakı neft yataqlarında işləmək üçün 81 dəst qazma avadanlığı, 2300 nəfərlik kollektivi ilə 9 qazma kontoru, 100 nəfər buruq ustası, 500 nəfər çilingər, 250 nəfər mühəndis və başqa ixtisaslı kadrlar göndərilmişdi. Azərbaycandan Şərq rayonlarına ümumilikdə 11 min nəfərdən çox peşəkar neftçi göndərildi.

Aviasiyanın yüksək oktanlı benzinlə təminatını yaxşılaşdırmaq məqsədi ilə Dövlət Müdafiə Komitəsi 1942-ci il mart ayının 24-də «1942-ci ildə B-78 aviasiya benzini və aviasiya yağı istehsalına artırmaq tədbirləri haqqında» xüsusi qərar qəbul etdi. Tez bir zamanda Bakının Neftayırma zavodlarında elmi-tədqiqat işinin yüksəldilməsi və yüksək oktanlı benzinin alınmasının yeni metodun hazırlanması məsələsi irəli sürüldü.

Kuybışev adına Elmi-Tədqiqat Neft İnstitutunun elmi kollektivi yüksək oktanlı benzinin alınmasının yeni üsulunu işləyib hazırladı. Bu iş görkəmli alim Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Onun alkilləşmə sahəsindəki elmi fəaliyyəti, izopropil-benzolun istehsalını həyata keçirməyə imkan verdi ki, bu da yüksək oktanlı təyyarə benzinlərinin istehsalına yol açdı. Nəticədə Bakının neftayırma zavodları bütün növlər üzrə 1942-ci ildə 1milyon 139 min 735 ton benzin istehsal etdilər. Bunun 340.1 min tonu B-78 benzini idi.
1943-cü ildə isə Bakı neftayıranları 5 milyon tondan artıq neft məhsulu istehsal etdilər.

Respublikanın alimləri neft məhsullarının istehsalı ilə yanaşı daha ciddi və mühüm bir problemin-müxtəlif partlayıcı maddələrin, xüsusən trotilin, yanğın bombaları və butulkalarının istehsalını mənimsəmək üzrə tədqiqat işləri aparır və müxtəlif partlayıcı hərbi məhsulların kütləvi istehsal edilməsinə nail olurdular.

1942-ci ildə Yusif Məmmədəliyevin gərgin və yaradıcı elmi axtarışları sayəsində partlayıcı maddələrin əsasını təşkil edən toluolun yeni və sadə istehsal metodu işlənib hazırlandı.

Faşistlərin SSRİ-nin hərbi iqtisadi əhəmiyyətli ərazisinin böyük bir qismini ələ keçirməsi və Şimali Qafqazın işğalı Zaqafqaziyanı mərkəzi sənaye rayonlarından təcrid etmişdi.

Azərbaycan müəssisələrinə xammal, avadanlıq və başqa materialların daxil olması kəsilmişdi. Zaqafqaziya cəbhəsi üçün təyyarə, tank və toplar istisna olmaqla qalan silah növləri - minaatan, avtomat, mina, qumbara, patron, müxtəlif sursat və hərbi ləvazimat respublikanın sənaye müəssisələrində istehsal olunmalıydı.

Bakının sənaye müəssisələri hərbi məhsul istehsalı haqqında Dövlət Müdafiə Komitəsinin sifarişini ilk dəfə 1941-ci ilin iyul ayında aldılar. Silah, sursat və ləvazimat istehsalında respublikanın maşınqayıranları ciddi çətinliklərlə üzləşirdilər. Onlar bir tərəfdən silah, sursat istehsalını təşkil etməli, digər tərəfdən isə əvvəllər kənardan gətirilən neft avadanlıqlarını özləri hazırlamalı idilər.
Yüksək dəqiqlik tələb edən silah istehsalında təcrübənin olmaması, xammal çatışmazlığı vəziyyəti bir az da gərginləşdirirdi. Qısa müddətdə Bakı şəhərində bütün qüvvələrin səfərbər edilməsi hesabına poladtökmə, şüşə istehsalı, alətqayırma və başqa zavodlar, sexlər tikilib istifadəyə verildi. Silah və sursat istehsalı üçün lazım olan xammallar yerli imkanlar hesabına əldə edildi. Şərqə köçürülən «Krasnı Proletari», «1 May», Myasnikov, Dzercinski adına zavodlar bərpa edildi.

1942-ci ilin yazında Bakıda şüşə zavodunun istifadəyə verilməsi ilə burada tank əleyhinə yandırıcı butulkaların istehsalına başlandı. Təkcə Qafqaz uğrunda döyüşlər zamanı zavod 1 milyon 500 min yandırıcı butulka və onun ampulu üçün şüşə boru hazırlamışdı.

L.Şmidt adına zavodun kollektivi ağır cəkili aviasiya bombalarının istehsalını, nəzərdə tutulan 40 gün əvəzinə cəmi 16 günə yerinə yetirdi və kütləvi istehsala nail oldu.
Dzerjinski adına zavod «PPŞ» avtomatlarının istehsalı üçün baş müəssisə kimi təsdiq edilmişdi. L.Şmidt adına, Kirov, Lenin, Budyonni, Kalinin adına zavodlar bu zavodu detal və hissələrlə təmin edirdilər.

«Azneftmaş» tresti Lenin adına zavodda müdafiə məhsulları üçün 1 nömrəli sex açmışdı. Burada M-37 minaatanı istehsal edilirdi. Zavod eyni zamanda F-1, POM -2 növlü qumbara korpusları, Bakını müdafiə etmək üçün tank əleyhinə elektrik-minalar, müxtəlif detallar hazırlayırdı. Təkcə Lenin adına zavodda 36000 ədəd «PPŞ» avtomatı istehsal edilmişdi. Qafqaz cəbhəsində sıradan çıxmış M3-S, MK-7,T-26,T-34 tankları da bu zavodda təmir olunurdu. Həmçinin zavodda «Az İnmaş» konstruktorlarının layihəsi əsasında STZ-5 traktorlarının bazasında iki variantda zirehli transportyorlar hazırlanırdı.

Bakının digər maşınqayırma zavodları da döyüşən ordu üçün silah-sursat istehsalı ilə məşğul olurdu. Kirov adına zavod M-50 minomyotları, Montin adına maşınqayırma zavodu M-37, M-72 minaatanları, «1 May» zavodu Sovet ordusunun mexanikləşdirilmiş nəqliyyatı üçün M-13, K-13, K-37, KM-stabilizatorları, Budyonnı adına maşınqayırma zavodu qvardiya minaatan mərmiləri üçün hissələr,M-50minaatanı, üçlüləli minaatanlar istehsal edirdi.
«Zakfederasiya», «Paris kommunası» adına gəmi təmiri zavodlarının buraxdığı məhsulların 90 %-ə qədəri silah və sursat idi. Vano Strua adına zavod Xəzər hərbi donanmasına xidmət etməklə bərabər 250 kq-lıq fuqas bombaları da istehsal edirdi.

1941-ci ilin axırında Şərqə köçürülən Donetks və Rostov zavodlarının avadanlığı əsasında Bakıda tikilmiş döyüş sursatı zavodunda mina, müxtəlif aviasiya bombası və RQD-33 qumbarası istehsal edirdi. Sonra zavod 45, 76 və 85 mm-lik toplar üçün 34 cür yeni növlü mərmilər, 45,50 və 82 mm-lik minaatanlar üçün mərmilər istehsal edilirdi.

Bakının maşınqayırma zavodları ilə bərabər respublikanın yüngül sənaye müəssisələri, mexaniki təmir emalatxanaları, yerli və sənət kooperasiyası müəssisələri də müdafiə məhsulları istehsal edirdilər. Azərbaycanın yüngül sənaye müəssisələri müharibə illərində cəbhəyə 1 milyon 419 min şinel, 4 milyon 227 min dəst yay paltarı, 8 milyon 817 min dəst alt paltarı, 1 milyon 977 min cüt əsgər ayaqqabısı, 1 milyon 417 min dəst patron sumkası, 1 milyon 468 min dəst trikotac paltar, 36, 7 min dəst qoşqu ləvazimatı göndərdilər.

Azərbaycanın kənd əhalisi döyüşən ordunu ərzaq və zəruri kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün əlindən gələni əsirgəmirdi. Səhər tezdən qaranlıq düşənə kimi tarlalarda işləyən insanlar, məhsulu tez və itkisiz toplamağa çalışırdılar. Onlar kənd təsərrüfatı məhsullarının istehsalını silah, sursat istehsalı qədər böyük əhəmiyyətə malik olduğunu gözəl anlayırdılar. Kəndin əsas işçi qüvvəsinin cəbhəyə səfərbər edilməsi bir sıra çətinliklər əmələ gətirmişdi. Azərbaycan ərazisində təşkil edilmiş diviziyalara ümumi səfərbərlikdən əlavə yüzlərlə traktor,qoşqu və avtomobil verilmişdi.
Belə bir çətin şəraitndə kənd təsərrrüfatında işləyən əhali qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlirdilər. Ordu ərzaq cəhətdən çatışmazlıq hiss etmirdi, əhali məhdud miqdarda olsa da, hər halda müntəzəm surətdə ərzaqla, sənaye isə xammalla təchiz edilirdi.

Əhali arasında cəbhəyə ümumixalq yardımı geniş vüsət almışdı. Respublakada tank və təyyarə dəstələri yaratmaq üçün dövlət müdafiə fonduna 230 milyon manat pul keçirilmişdi.

1942-ci ildə Azərbaycan əhalisi Stalinqradın və Qafqazın müdafiəçilərinə ərzaq və müxtəlif əşyalardan ibarət 212 min bağlama, 146 vaqon kənd iəsərrüfatı məhsulları göndərdilər. Bunlardan başqa döyüşçülərə 19 vaqon hədiyyə yola salındı. 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçülərinə 2500, əksəriyyəti azərbaycanlılardan ibarət 414-cü Gürcüstan və 409-cu Ermənistan diviziyasının döyüşçülərinə üst-üstə 4500,77-ci, 151-ci, 157-ci, 271-ci, 347-ci atıcı diviziyalara, eləcə də digər döyüş hissələrinə və birləşmələrinə xeyli hədiyyə göndərildi.

Qafqaz uğrunda döyüşlərin ən qızğın vaxtında Respublikanın əhalisi tərəfindən «Azərbaycan kolxozçusu» tank dəstəsi yaratmaq təşəbbüsü irəli sürüldü. Bu tədbirin həyata keçirilməsi üçün əhali könüllü olaraq fonda 350 min manata qədər pul köçürdü.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyov Dövlət Müdafiə Komitəsinə göndərdiyi məktubda yazırdı: «Mən Azərbaycan incəsənəti» tank dəstəsinə 25 min manat pul vermişəm. Qoy bizim pullarımızla qayrılan tanklar minlərlə başqa zəhmli Sovet maşınları ilə birlikdə düşmənin bağrını yarsın, ona öldürücü zərbələr endirsin».
Əsgərlərə isti pal-paltar göndərilməsi hərəkatı da Azərbaycanda geniş yayılmışdı. 1942-43-cü illərdə Qafqazın müdafiəçiləri üçün 1 601 540 ədəd müxtəlif əşyalar toplandı və cəbhəyə 125 vaqon isti paltar göndərildi.
Azərbaycan əhalisi qələbə naminə öz şəxsi əşyalarını, qiymətli daş-qaşlarını səxavətlə müdafiə fonduna verirdilər.

Yaralı əsgərlərin həyatını xilas etmək üçün azərbaycanlı donorların verdiyi 28 min litr qan yəqin ki, bu hədiyyələrin içərisində ən qiymətlisi, ən əhəmiyyətlisi və ən müqəddəsi idi. 1942-ci ildə cəbhə xəttinin ölkənin içərilərinə çəkilməsi ilə əlaqədar olaraq, Rusiyanın ayrı-ayrı şəhərlərində və Şimali Qafqazda olan hərbi xəstəxanalar Azərbaycana köçürüldü. Bakı, respublikanın başqa şəhərləri və kəndləri Sovet Ordusunun səhra qospitalına çevrildi.

1942-ci ilin yanvarında təşkil edilmiş yaralı əsgərlərə və komandirlərə yardım komitəsinə Azərbaycan KP MK katibi, tibb elmləri doktoru, professor Əziz Əliyev sədrlik edirdi. Azərbaycan həkimləri döyüşçülərin tezliklə sağalıb yenidən cəbhəyə qayıtmaları üçün əllərindən gələni edirdilər. Lakin həkimlərin bütün səylərinə baxmayaraq ağır yaralıların bir qisminin həyatını xilas etmək mümkün olmurdu. Faşizmlə mübarizədə canlarından keçmiş həmin döyüşçülər indi Azərbaycan ərazisindəki müxtəlif qardaş qəbiristanlıqlarında əbədi dinclik tapıblar.

1942-ci ilin yazında və yayında faşistlərin cənub istiqamətində hücumu bu ərazidə yaşayan əhalini Şərq rayonlarına köçürmək zərurətini yaratdı. Milyonlarla adamı yeni rayonlarda yerləşdirmək, onlara ərzaq, yanacaq vermək və işlə təmin etmək lazım idi. Şərq rayonlarına köçürülən əhalinin bir hissəsi Azərbaycan ərazisində yerləşdirilir qalanı isə Xəzər dənizi yolu ilə Krasnovodska yola salınırdı. Bakıda, Gəncədə və Yevlaxda köçürülənləri saxlayan məntəqələr təşkil olunmuşdu.
Bütünlüklə Azərbaycan ərazisinə 1 milyon 200 min nəfər əhali köçürüldü. Onlardan 1 milyon178 min723 nəfəri Krasnovodska yola salınmış 21 min577 nəfəri Azərbaycanda yerləşdirilmişdi.

Azərbaycanlılar yurd-yuvasından didərgin düşmüş insanları burada da köməksiz qoymadılar. Köçürülən əhaliyə 480 ton un, 30 ton qənd, 4.800 bağlama tütün, 17 ton sabun və s. ibarət ərzaq yardımı etdilər. Uşaqlara 706 cüt ayaqqabı, 710 ədəd don, 743 cüt corab, 268 dəst şalvar, 369 köynək verilmişdi. Əhalinin sağ-salamat Krasnovodska çatdırılmasında Xəzər dənizçiləri misilsiz qəhrəmanlıq və yüksək insanpərvərlik nümayiş etdirdilər.Bakının hava limanı ölkə üçün mühüm həyati əhəmiyyət kəsb edən strateji obyektə çevrilmişdi.

Düşmən Zaqafqaziyaya yaxınlaşdıqca Xəzər dənizi nəqliyyatında gərginlik daha da artırdı. Azərbaycan ölkə ilə yalnız dəniz vasitəsi ilə əlaqə saxlayırdı.
Döyüşlərin qızğın çağında Xəzər dənizçiləri Həştərxana 37 min 72 ton yanacaq daşımış, «Kasptanker» in kollektivi isə cəbhə üçün 5 milyon tondan çox yanacaq aparmışdılar. Təkcə 1942-ci ilin payızında Xəzər dənizçləri müxtəlif yük gəmilərində Bakıdan Krasnovodska 636 min 800 nəfər adam daşımışdılar.

Xəzər dənizçiləri yükləri təhlükəli şəraitdə düşmən bombardmanı altında daşıyırdılar. 1942-ci ildə Xəzər gəmiləri 46 dəfə düşmənin hava hücumuna məruz qalmış və faşistlərlə döyüşdə düşmənin 2 təyyarəsini vurmuşdular.
Xəzər donanmasının gəmiləri döyüş silahları ilə pis təchis olunmuşdular. 55 gəmidən yalnız 12-də bir ədəd 45 mm-lik top və 2 əl pulemyotu, 27 gəmidə isə 1 pulemyot var idi. Buna baxmayaraq, dənizçilər düşmən təyyarələrinin basqınına qarşı igidliklə mübarizə aparırdılar. 1942-ci ilin oktyabrında «Cdanov», «VKP», «Qulubəyov» teploxodları dəfələrlə faşist təyyarələrinin hücumlarına məruz qaldılar. Böyük çətinliklər bahasına da olsa Xəzər dənizçiləri 1942-ci ildə 1941-ci ilə nisbətən 4 dəfə çox, yəni 468 min ton təyyarə benzini və 1250 min ton müxtəlif hərbi yük daşımışdılar. Təkcə 1942-ci ilin avqust ayında Xəzər dənizçiləri Bakıdan Krasnavodsk limanına 99 təyyarə, 49 traktor və avtomobil, 1641 ton müxtəlif yük daşımış və geri qayıdan reyslə minlərlə adam, 2640 ton döyüş sursatı, 263 ton müxtəlif yük, 515 at gətirmişdilər. Həştərxandan Mahac-Qalaya 55.300 əsgər, 7.860 ton döyüş sursatı daşımışdılar.

Qafqaz döyüşləri zamanı dəmiryol nəqliyyatında da vəziyyət xeyli gərginləşmişdi. Bakı dəmiryol bölməsinə hər gün 500 vaqona qədər müxtəlif yük gəlirdi. Orta Asiyada tikilən yeni müdafiə zavodları üçün əsas avadanlıq Azərbaycan dəmir yolu və Xəzər dənizi vasitəsi ilə göndərilirdi. Zaqafqaziyada dəmir yol idarəsinin bütün yük qaldırıcı mexanizmləri Bakı və Biləcəri stansiyalarında cəmləşmişdi. 1942-ci ilin avqust, oktyabr aylarında Bakı stansiyasının parovoz şöbəsi 925 parovoz təmir edib Xəzər dənizi vasitəsilə Şərqə göndərildi. Qafqaz uğrunda döyüşlər zamanı Azərbaycan dəmiryolçuları 1500-dən çox parovoz təmir edib, ölkənin müxtəlif dəmir yolu xətlərinə yola saldılar.

Bakının müdafiəsini 10-cu atıcı briqada, hərbi piyada məktəbi, topçu dəniz məktəbi və Bakı dairəsi hava hücumundan Müdafiə qoşunları həyata keçirirdi. Bakının müdafiəsi üçün 507 zenit topu ayrılmışdı. Səmanı 27-ci və 71-ci aviasiya diviziyaları qoruyurdu. Bu diviziyalarda 371 qırıcı təyyarə vardı. Bakı hava hücumundan Müdafiə Dairəsinin qoşunları Bakının və bütün Abşeron yarımadasının düşmən hücumundan qorunması işində böyük sayıqlıq və əsgəri igidlik nümunəsi göstərirdilər.

Faşist təyyarəsi ilk dəfə 1942-ci il aprelin 16-da Bakı səmasına soxulmağa cəhd göstərdi. Sovet təyyarələri onun bu cəhdinin qarşısını ala bildilər. Sonrakı aylarda da düşmən təyyarələri dəfələrlə Bakı səmasına soxulmağa can atdı. 1942-ci il avqustun 14-də faşist «Yunkers» təyyarəsi 7 min metr yüksəklikdə uçaraq Bakı ərazisinə keçmək istəyərkən məhv edildi.
Faşist təyyarələri 1942-ci ildə 71 dəfə, 1943-cü ildə 3 dəfə Bakı səmasına soxulmaq istəmişdilər. Onların bu uçuşu 66 dəfə gündüz, 8 dəfə gecə baş verdi. Heç bir düşmən təyyarəsinin uçuşu müdafiəçilərin diqqətindən yayınmırdı. Zenitçilər və qırıcı təyyarəçilər bu dövrdə düşmənin «Yunkers» və «Xenkel» tipli 8 təyyarəsini vurub salmışdılar. Bakı hava hücumundan Müdafiə dairəsinin qoşunları 1240 dəfə həyəcan siqnalı ilə ayağa qalxmış və düşmənin hücumunun qarşısını almışdı.

Bütün mərhumiyyətlərə,əzablara və itgilərə mərdliklə dözərək, 2-ci Dünya müharibəsinin sınaqlarından üzüağ çıxan Azərbaycan xalqı öz tarixinin qəhrəmanlıqlar və fədakarlıqlarla dolu növbəti səhifəsini yazdı.

Füzuli Sabiroğlu
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:  





Xəbər lenti