Nazirlik 72 turizm şirkətinə lisenziya verib

Nazirlik 72 turizm şirkətinə lisenziya verib
  18 Dekabr 2014    Oxunub:1770
2014-cü ildə Azərbaycanda 72 turizm şirkətinə xüsusi razılıq (lisenziya) verilib.
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, şirkətlərdən 71-i Bakı şəhəri, 1-i isə Gəncə şəhəri ərazisində yerləşir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şirkətlərin sayı 276-dır. Bu şirkətlərin təqribən 35%-i gəlmə və daxili turizm, 65%-i isə getmə turizm növü ilə məşğul olur. 2013-cü ilin analoji dövrü (241 şirkət) ilə müqayisədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayında 14,5% artım müşahidə olunub.

Bu il turizm şirkətlərində çalışan işçilərin sayı təqribən 1600 nəfər olub. 014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən turizm məhsulunun, göstərilən xidmətlərin satışından əldə olunan gəlir (ƏDV və digər rüsumlar daxil olmadan) 16 milyon AZN-dən artıq təşkil edib. Bu da keçən ilin analoji dövrü (14 milyon AZN) ilə müqayisədə 14,3% çoxdur. Turizm şirkətləri tərəfindən büdcəyə edilmiş ödənişlərin məbləği (2 milyon AZN) isə keçən ilin analoji dövrü (1,3 milyon AZN) ilə müqayisədə təqribən 53,8% çox olub.

Nazirlik qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırır ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

AzVision.az


Teqlər:





Xəbər lenti