Heydər Əliyev Fondundan dəstək çağırışı

Heydər Əliyev Fondundan dəstək çağırışı
  18 Fevral 2013    Oxunub:2210
Heydər Əliyev Fondu Ağ Evin rəsmi saytında Xocalı soyqırımı ilə bağlı 2013-cü il yanvarın 26-dan yerləşdirilmiş petisiyanı dəstəkləyən hər bir şəxslə həmfikir olduğunu bəyan edərək vətəndaşlarımızı, Azərbaycandan kənarda yaşayan soydaşlarımızı və Azərbaycan həqiqətlərini dəstəkləyən hər bir kəsi bu səsvermədə fəal olmağa çağırır.
Qeyd edək ki, Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində başlanılmış bu aksiya dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım faktına yönəltməyə, bu həqiqətlərin beynəlxalq aləmdə tanıdılmasına yönəlib. Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyada ABŞ administrasiyasından Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş proklamasiyanın qəbul olunması, həmçinin həmin hadisənin hərbi cinayət kimi tanınması xahiş edilir. Petisiyanı imzalayanlar ABŞ prezidenti Barak Obamanın administrasiyasını Xocalıdakı qanlı qırğınları tanımağa, faciə qurbanlarının xatirəsini anmağa və proklamasiya qəbul etməyə çağırırlar.
ABŞ administrasiyasının petisiyaya baxması üçün tələb olunan 100 min imza artıq toplansa da, səsvermə fevralın 25-dək davam edir.
Bununla yanaşı, Ağ Evin rəsmi saytında Azərbaycan ərazilərinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə bağlı da petisiya başlanıb. Petisiyada Dağlıq Qarabağ münaqişəsinin 20-ci əsrin ən faciəli münaqişəsi kimi milyonlarla azərbaycanlının taleyində iz qoyduğuna, 1 milyondan artıq insanın doğma yurd-yuvasından qaçqın və məcburi köçkün olduğuna diqqət çəkilir və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həllində fəal iştirak etməyə çağırılır.
Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ona bitişik 7 rayonun işğal olunması ilə bağlı petisiya üzrə səsvermə fevralın 22-də bitir.
Heydər Əliyev Fondu vətəndaşlarımızı və Azərbaycandan kənarda yaşayan soydaşlarımızı bu petisiya üzrə də səsvermədə fəal olmağa, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi ümummilli məsələdə həmrəylik nümayiş etdirməyə çağırır.
Ağ evin rəsmi saytında Xocalı soyqırımı barədə petisiya üzrə səsvermənin linki:
https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx
Ağ evin rəsmi saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə petisiya üzrə səsvermənin linki:
https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt

(modern.az)


Teqlər:  





Xəbər lenti