Azərbaycandan İtaliyaya velosipedlə getdi

Azərbaycandan İtaliyaya velosipedlə getdi
  15 Fevral 2015    Oxunub:2347
İki il davam edəcək “Azərbaycan naminə pedalla” devizi altında növbəti dəfə dünya turuna çıxmış məşhur azərbaycanlı velosəyyah Ramil Ziyadov artıq İtaliyadadır.
Ötən il yanvarın əvvəlində Bakıdan yola çıxan 36 yaşlı R.Ziyadov 17 min kilometr məsafə qət edərək İtaliyanın paytaxtı Romaya çatıb. Velosipedçi Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Moldova, Rumıniya, Türkiyə və Yunanıstan ərazisindən keçərək İtaliyaya daxil olub.

AzərTAc-ın xüsusi müxbiri ilə söhbət zamanı R.Ziyadov səfər müddətində yaşadığı hisləri, keçirdiyi həyəcan və təəssüratlarını bölüşüb. Bildirib ki, qarşıya çıxan maneələr, çətinliklər onu heç vaxt qorxutmayıb. O deyib: “Velosipedlə bu cür səyahətə çıxmaqda əsas məqsəd ölkəmizi təbliğ etmək, müxtəlif ölkələrdə üçrəngli bayrağımızı dalğalandırmaqla Azərbaycan xalqının əzmkarlığını bütün dünyaya göstərməkdir. Səfər etdiyim hər bir ölkədə qarşılaşdığım insanlara əlimdən gəldiyi qədər Azərbaycanın sürətli inkişafı, tarixi, mədəniyyəti, incəsənəti və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verməyə çalışıram. Hesab edirəm ki, müxtəlif ölkələrdə Azərbaycanın təbliğinə az da olsa töhfə verə bilirəm”.

Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr etdiyi ilk velosiped turu barədə danışan velosəyyah diqqətə çatdırıb ki, o vaxt Rusiyanın Dağıstan və Kalmık respublikaları, Həştərxan vilayəti, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, yenidən Qazaxıstan və Rusiyanın Xabarovsk vilayətindən keçərək Çinə gəlmişdir.

Səfər etdiyi ölkələrin KİV-lərində velosipedçimiz ilə bağlı bir sıra yazılar və videosüjetlər yayımlanıb. Bu da bütün dünyanın R.Ziyadovun həyata keçirdiyi qeyri-adi layihələrini maraqla qarşıladığını göstərir.

Azərbaycanlı velosəyyah R.Ziyadov İtaliyadan sonra Fransaya, İspaniyaya və Afrika ölkələrinə səyahət etmək niyyətində olduğunu bildirib.


Teqlər:





Xəbər lenti