Kosmosa uçan ilk insanın doğum günüdür

Kosmosa uçan ilk insanın doğum günüdür
  09 Mart 2015    Oxunub:3180
Bu gün sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarinin doğum günüdür.
AzVision.az-ın məlumatına görə, Yuri Qaqarin kəndli ailəsində anadan olub. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirib. 1941-ci ildə məktəbə gedib. 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçən Yuri 1951-ci ildə orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnib. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.

27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir. 9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir. 1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Serqey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.

Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.
Bundan sonra Yuri 14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olub. O, Moskvada Kreml divarında dəfn olunub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti