Bir gündə iki ad günü: Azxəbər 5 yaşında

Bir gündə iki ad günü: Azxəbər 5 yaşında
  13 Aprel 2015    Oxunub:4214
Bu gün Azxeber.com xəbər portalının yaranmasından 5 il ötür. Eyni zamanda həmin portalın baş redaktoru Hacıbəy Heydərlinin də doğum günüdür.
İki bayramı bir gündə qeyd edən Hacıbəy Heydərli təəssüratlarını AzVision.az-la bölüşüb.

- Azxeber.com portalı 2010-cu il aprelin 13-də mən və həmkarım, eyni zamanda qrup yoldaşım Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılıb. Biz ondan əvvəl təhsil aldığımız Bakı Dövlət Universitetinin Jurnalistika fakülətsinin bloqunu yaratmışdıq. Sonradan gördük ki, fakültəyə aid olmayan xəbərlər də veririk, ona görə qərara aldıq ki, sayt yaradaq. İlk olaraq istədik ki, yeni medianın imkanlarından istifadə edərək gənclərə xitab edək. Facebook sosial şəbəkəsində saytımızın səhifəsini də yaratdıq. Artıq səhifəmizin 300 minə yaxın istifadəçisi var.

Düşünürəm ki, saytımız bu gün Azərbaycan internet mediasında öz sözünü deyən, istinad olunan xəbər portalına çevrilib. Fürsətdən istifadə edib, bizi təbrik edən bütün dostlarımıza, dəyərli insanlara saytınız vasitəsilə təşəkkür edirəm.

- Bu gün həm də sənin doğum günündür. Saytın yaradılmasının ad günündə baş tutması təsadüfdür, yoxsa əvvəldən belə hesablanmışdı?

- Əslində təsadüfən alındı ki, aprel ayında sayt yaratmaq qərarına gəldik. Ayın 5-i domeni aldıq, ondan sonra digər texniki işlər görüldü və biz ilk xəbəri aprelin 13-ü günü sayta yerləşdirdik. Bu gün mən doğum günümdən də çox “Azxəbər”in ad gününü qeyd edirəm. Bu yerə gəlməyimizdə, bu qədər dost qazanmağımızda “Azxəbər”in və təbii ki, bizim kollektivin böyük rolu var. İnşallah, biz sağ olduğumuz müddətdə “Azxəbər”in yarandığı günü qeyd edəcəyik.

- Siz fəaliyyətə başlayanda cəmi 2 nəfər idiniz. Artıq 5 il keçib, indi kollektivinizdə kimlər var, işləriniz necə gedir?

- Hazırda Əfsələddinlə təhsilimizi Türkiyədə magistratura pilləsində davam etdiririk. Buna görə də yaranan boşluqları bizim yerimizə əməkdaşlarımız doldurur. Günel xanım, Ozal bəy – onlar bizə çox kömək edir. Ümumilikdə 7 nəfər əməkdaşımız var, onlardan 3 nəfəri texniki işlərə baxır. Düşünürəm ki, bundan sonra da fəaliyyətimiz genişlənəcək, amma bu gün yanımızda olan əməkdaşlarımız hər zaman bizim üçün doğma olub və bundan sonra da belə olacaq. Heç vaxt ağlımıza gəlməzdi ki, bizdən başqa kimsə sayt üçün belə can yandıra bilər. Amma son bir ildə, altı ayda gördük ki, bizim kollektivdə müdir-işçi yox, ailə münasibəti formalaşıb. Onlar da öz ailələrinə necə yanaşırlarsa, işə də elə yanaşırlar. Fürsətdən istifadə edib onlara çox sağ ol deyirəm.

Biz bərbərliyi öz başımızda öyrənmişik. Bu günə qədər fəaliyyətimizlə bağlı təzyiqlərə də, təriflərə də, bütün yaxşı və pis şeylərə görə məsuliyyəti ancaq özümüz daşımışıq. Bu, bizim təcrübəmizə də təsir edir və həmçinin məsuliyyətimizi artırır.

- Bəs, doğum gününü necə qeyd edəcəksən?

- Bildiyin kimi mən Türkiyənin İstanbul şəhərində, Bahçeşehir Universiteti Beynəlxalq Münasibətlər və Siyasət fakültəsində magistratura təhsili alıram. Təsadüfən bu günə də imtahanım var. Amma imtahan internet vasitəsilə baş tutacaq. Axşam saat 6-dan gecə 12-ə qədər imtahan verəcəm. Bu, mənim üçün xoş təsadüfdür. Belə yaddaqalan hadisələrin olması mənim üçün bu günün dəyərini artırır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti