Məmurlar necə geyinməlidirlər? - FOTOLAR

Məmurlar necə geyinməlidirlər? - FOTOLAR
  17 Aprel 2015    Oxunub:29994
Prezidentlər, nazirlər, millət vəkilləri və eləcə də siyasi elitada rəhbər vəzifə tutan məmurlar təkcə çıxışları ilə deyil, eləcə də geyimlərinə görə diqqət mərkəzində olurlar. Avropanın demək olar ki, əksər ölkələrində yüksək çinli şəxslər ictimaiyyət arasında davranışları qədər geyim tərzinə görə də sərbətdirlər.

Nümənə kimi göstərə bilərik ki, əgər Böyük Britaniyada baş nazir David Kameron qısa şortda küçədə velosipedlə gəzirsə, Fransada, İtaliyada deputatlar parlamentə gündəlik geyimdə- yəni cins şalvar, “futbolka” da gəlib ciddi müzakirələrə qatıla bilərlər. Bir sözlə, Qərb düşüncəsində qalstuk taxmadan mötəbər tədbirə getmək qəbahət hesab olunmur.



Bizdə isə mənzərə tam fərqlidir. Hələ nazir, deputatı qoyaq bir kənara, sıravi “JEK” müdiri, orta məktəbin idman müəllimi, ucqar kəndin icra nümayəndəsi mütləq işə gündəlik kostum-qalstukda gəlməli, üzünü hərbi rejimlə təraş etməlidir. Bu, əslində qanunun yazılmayan tərəfidir ki, ölkəmizdə ən kiçik vəzifə sahibləri illərdir rəngini dəyişmədiyi kostum-qalstukları ilə özünü cəmiyyətdə böyük nüfuz sahibi kimi göstərməyə çalışırlar. Əgər sən türd rəngdə kostyumda, qalstukda küçədə gəzirsənsə, ətrafda haqqında ilk təəssürat belə olacaq: “müəllim adamdır, kimdirsə yüksək vəzifədə işləyir”.



Təsəvvür edin, idman müəlliminin qara kostumda dərsə gəlib şagirdlərə futbolun sirlərini öyrətməsi necə gülünc görünürsə, adi icra nümayəndəsinin dostları ilə istirahətə qalstuk taxaraq yollanması bir o qədər “orijinal” təsir bağışlayır.

Kostyumu rəsmi görüşlərdə geyinmək daha məqsədəuyğundur.



Əslində məmurlar necə geyinməlidirlər?

Bu yaxınlarda “Azəriqaz" İstehsalat Birliyində "İşgüzar geyim qaydaları" ilə bağlı təlimatın fotolarının sosial şəbəkələrdə yayılması iş geyimi və saç düzümlərini gündəmə gətirdi. Hər kəs gündəlik həyatda rahat geyimlərə üstünlük versə də iş geyimləri, xüsusən də dövlət orqanlarında çalışanların geyimləri ciddiliyi ilə digərlərindən fərqlənir. Daha doğrusu fərqlənməli olur.



İş geyimi qadınlar üçün əsasən klassik ətəklər və köynəklər, klassik tərzli şalvarlardan ibarətdir. Bu geyimlər çox standart təsir bağışlasa da yaradıcı elementlər daşıyan geyimləri geyinməklə hər kəs öz xarakterini əks etdirə bilər. Fərqli kombinlər və standart iş geyimində olmağına baxmayaraq, seçilmək üçün ən yaxşı geyimlərdən biri ətək sayılır. İş yerində həm mini, həm də maxi ətəklər geyinmək olar. Təbii ki, düzgün uyğunlaşdırmaq şərti ilə.



Görünüşü ilə yanaşı komfortuna çox əhəmiyyət verilməli olan detal isə ayaqqabıdır. Məlumdur ki, hündür dabanlı ayaqqabılar işgüzar, ciddi obraz üçün ən uğurlu seçimdir, amma hər səhər işə belə ayaqqabı ilə getmək olmaz. İş şəraitinə uyğun olaraq ayaqların rahatlığına uyğun ayaqqabıya üstünlük vermək lazımdır. İşgüzar qarderob dizayneri olan Jenny Cao-Wunun fikrincə, nə qadınlar, nə də kişilər üçün standart iş geyimi tərzi yoxdur. Belə ki, işçinin çalışdığı ölkə, iş yerində tutduğu vəzifə və ümumiyyətlə məşğul olduğu işdən asılı olaraq onun geyim tərzi və yaradacağı obraz da dəyişir.



Dizaynerlər hesab edir ki, işgüzar vəziyyətlər üçün əlvan geyimlər seçmək məsləhət deyil. Kişilərin işgüzar geyimi deyiləndə ilk təsəvvürə gələn kostyum olur. Buna baxmayaraq kostyum üçün uyğun köynək və qalstuk seçmək vacibdir. Çünki bu iki detal kostyumun ümumi görünüşünə ciddi təsir edir. Qalstuk onu geyinən adamın statusunun, zövqünün və hətta xarakterinin də göstəricisidir.



Qalstuk düzgün və səliqəli bağlanmalı, onun ideal uzunluğu ölçülməli və onun eni pencəyin yaxalığı ilə həmahəng olmalıdır. Vəzifə sahibləri saç düzümündə ciddi görünüş xatirinə daha çox klassik üslüba üstünlük verirlər.



Dövlət qurumunda çalışan şəxslərin geyimləri ilə bağlı qanun nə deyir?Qanunvericilikdə bununla bağlı müddəa varmı?

Sualımızı Milli Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov belə cavablandırıb:

“Bununla bağlı qanunvericilikdə hər hansısa müddəaya rast gəlməmişəm, amma geyim formaları ilə bağlı hır bir idarənin daxili nizamnaməsi ola bilər. Həmçinin bizdə uniforma anlayaşı da var, elə idarələr var ki, orada məxsusi uniforma var. Hər halda buna haqq qazandırmaq lazımdır, çünki bəzən işçilər, xüsusilə də gənclər elə geyimdə gəlirlər ki, yaxşı təsəvvür yaratmır. Yaşlı nəsildə gənclərə nisbətən öz geyimlərinə nəzarət daha çoxdur”.



N.Cəfərov hesab edir ki, dövlət qurumlarında geyim qaydalarına nəzarət mütləq olmalıdır:

“Qadağa şəklində yox, tövsiyə ilə buna nəzarət etmək olar. Məsələn, bir gənc xanım açıq-saçıq geyinib gəlib oturub idarədə, ora gəlib gedənlər də onu elə görürsə, bu, yaxşı hal deyil. Yaxud da gənc oğlan normal geyinməyibsə, ayağını ayağının üstünə aşırıb adamları qəbul edirsə, bu, yaxşı görüntü yaratmır. Bu cür qaydalar bütün dünyada var. Başqa bir misal, müəllimə anormal geyimdə sinfə daxil olursa, onun yetişdirdiyi uşaqlar nə olacaq?”.



Millət vəkili hesab edir ki, bununla bağlı ayrıca qanuna ehtiyac yoxdur, ənənə prinsipi ilə nizamlamaq olar:

“Məsələn, “Təhsil haqqında” qanunda necə yazaq ki, müəllim belə geyinməlidir. Bunu yazmağa ehtiyac yoxdur. Bu, cəmiyyətin özünün dərk etdiyi və ənənə ilə yoluna qoyacağı bir şeydir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti