Neftimiz rəqəmlərdə - TƏHLİL

Neftimiz rəqəmlərdə - TƏHLİL
  20 Aprel 2015    Oxunub:6814
Azərbaycanda neft hasilatı iki hissəyə bölünür. Birincisi və ən çox hissəsini “BP-Azerbaijan” şirkətinin operatoru olduğu konsorsium "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından, ikincisini isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünə aid yataqlarından çıxarır. SOCAR-ın ACG-da da payı var.

2014-cü ildə (AÇG) yataqlarından 233 milyon barel və ya təqribən 31,5 milyon ton neft hasil edilmişdir ki, “BP-Azerbaijan” şirkətinindən verilən məlumata əsasən, ötən il ərzində AÇG-də hasilat 6 milyon barel və ya 700 min ton (2,17 %) azalıb.

2013-cü ildə ACG yataqlarından ümumilikdə 239 milyon barel və ya 32,2 milyon ton neft hasil edilmişdi. 2014-cü ildə AÇG-də gündəlik orta neft hasilatı 638 min barel təşkil etmişdir ki, 2013-cü ildə bu rəqəm 655 370 barel olmuşdu. 2014-cü ilin sonunda ümumilikdə AÇG-də 84 quyu fəaliyyətdə olub ki, bunun da 45-i hasilat, 39-su isə qaz və su injektor quyusu idi. 2013-cü ilin dekabrında AÇG-də 81 quyu fəaliyyət göstərirdi ki, bunun da 44-ü istismar quyusu, 37-si isə texniki quyular sayılırdı.

SOCAR 2014-cü ildə həm dənizdən və həm qurudan 8,3 milyon ton neft hasil edib. Şirkət özünün hasil etdiyi və proqnozlaşdırdığı neft həcmini artıqlaması ilə icra edib. Ümumiyyətlə, 2014-cü ildə Azərbaycanda neft hasilatı 41,9 milyon ton neft təşkil edib ki, 2013-ci ildə bu rəqəm 43,154 milyon ton olub. Beləliklə də, 2014-cü ildə ölkədə neft hasilatı 2,9 % azalıb.

Azərbaycanda neft hasilatı pik dövrünə - zirvə nötəsinə 2010-cu ildə çatmışdı ki, həmin il ölkədə 50,8 milyon ton neft hasil olunmuşdu. Bunun da 40,6 milyon tonu AÇG yataqlarının payına düşmüşdü. Son 5 ildə neft hasilat 17,5 % azalaraq 2014-cü ilin yekununa 41,9 milyon ton səviyyəsinə enib (32,2 milyon ton AÇG-dən olmaqla). Orta hesabla hər il neft hasilatı 1,78 milyon ton və ya 13 milyon barel azalıb.

AÇG-də hasilatın azalma tempinə gəldikdə isə 2014-cü ildə 2010-cu illə müqayisədə 22,4 % aşağı düşmüşdür. Yəni, sözügedən yataqlardan neft hasilatının azalması ölkə üzrə həmin tempi üstələyib.

Hər iki istiqamət üzrə hasil olunan ümumi neftin çox hissəsi ölkədən kənara ixrac olunur. Belə ki, SOCAR-ın məlumatına əsasən, 2014-cü ildə ümumən hasil olunan 41,9 milyon ton neftin cəmi 6,5 milyon tondan çoxu emala gedib. Belə ki, daha dəqiq desək, Azərbaycan 2014-cü il ərzində kənara 35 milyon tondan çox neft ixrac edib. Yeri gəlmişkən, bunun da 24,5 milyon tonu SOCAR tərəfindən həyata keçirilib. Bu isə ümumi ixracın 70 %-ni təşkil edir.

Bu yazı hazırlanarkən, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, 33 milyon 40 min 963,4 ton xam neft ixrac edilmişdir ki, bu da 2013-cü ildəki ilə müqayisədə 3,6 % az təşkil edib.

Ümumiyyətlə, DGK-nin statistikasına görə keçən il dünya bazarlarına Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 26 milyon 871 min 531,5 ton, Bakı-Supsa boru kəmərilə 4 milyon 232 min 675,7 ton, Bakı-Novorossiyski kəmərilə 1 milyon 18,248 min ton və ən nəhayət, gürcü limanlarına dəmir yolu vasitəsilə isə 918 min 508,2 ton neft nəql edilib.

Yəni, ixrac olunan neftin 82%-i Bakı-Tbilisi-Ceyhan, 12%-i Bakı-Supsa, 3%-i Bakı-Novorossiysk boru kəmərləri, 3%-i isə dəmir yolu vasitəsilə ilə nəql edilib. DGK-nın rəqəmlərinə görə, hesabat dövrü ərzində ixrac olunan 23 milyon 611 min 888,95 ton neft həcmi 18 milyard 404 milyon 936,62 min ABŞ dolları məbləğində qeydə alınıb ki, bu da 1 ton neftin ölkəyə 779,48 dollara, başqa sözlə desək, 1 barelin 105,33-ə başa gəldiyi deməkdir.

Ancaq burada bir məqam var. DGK-nın qeyd olunan məlumatı ixrac olunan neftin yalnız 71,4 faizini əhatə edir, yerdə qalan 28,6 faiz isə adı çəkilən qurum tərəfindən hələ qeydə alınmayıb. Bunun üçün müəyyən vaxt tələb olunur. Odur ki, Azərbaycan neftinin keçən ilki orta ixrac qiyməti fərqli də ola bilər. Bununla belə, 2014-cü il ərzində Azərbaycan üçün neftin orta qiymətinin elə məhz bu cür təşkil etdiyi deyilir.

Azərbaycanın 2014-cü ildə hasil etdiyi neftin əsas alıcısı İtaliya olub. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata əsasən, ötən il Azərbaycanın neft ixracatının 23 %-i İtaliyaya gerçəkləşdirilib. Ümumiyyətlə, son illər ərzində Azərbaycanın neft ixracatının coğrafiyası xeyli genişlənib. Bu gün SOCAR-ın 30 ölkə ilə ticarət əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Avropanın, Asiyanın və Amerikanın 30 ölkəsinə neft ixrac etməkdədir.

Halbuki cəmi 10 il əvvəl Azərbaycan neftinin cəmi 10-15%-i Aralıq dənizi hüdudlarından kənara çıxarılırdı. İndi isə bu rəqəm 45 faizə yüksəlib. Təkrar edirik ki, 2014-cü ildə Azərbaycanın neft ixracatı 35,2 milyon ton təşkil edib.

İtaliyadan sonra Azərbaycan neftinin idxalçıları arasında 11% payla Almaniya, 9%-lə isə Fransa qabaqcıl yer tutur. Asiya ölkələrinə də ixracatda artım mövcuddur. Belə ki, Azərbaycanın neft məhsulları ixracatının 20%-i Asiya ölkələrinə reallaşdırılır. Son zamanlar SOCAR-ın Orta Asiya və Əfqanıstan bazarı da genişlənib. SOCAR-ın ixrac etdiyi neftin 12%-i isə Gürcüstan bazarına yönəlib.

SOCAR ölkədə dövlət büdcəsinin əsas ödəyicilərindən biridir. Belə ki, adı çəkilən qurum Dövlət Neft Fondundan (ARDNF) transfertdən əlavə vergi şəklində büdcəyə ən çox ödəniş həyata keçirən şirkətdir. 2015-ci ildə dövlət büdcəsinə DNF-dan 10 miyard 388 milyon manat (9.843.648.024 $) köçürüləcəyi fonunda Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112 milyon manat (6.739.316.976 $) ) vəsait yığılacaq ki, bunun da 1 milyard 500 milyonunu (1.421.397.000 $) SOCAR ödəyəcək.

Xatırladaq ki, 2014-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 milyard 855 milyon 230 min manat (2.378.500.000 $) təşkil etmişdi. 2015-ci ildə isə SOCAR tərəfindən dövlət büdcəsinə təkrar edirik ki, 1,5 milyard manat (1,4 milyard dollardan çox) vəsait ödəniləcək.

Lakin, sözügedən şirkətin dövlət qarşısında öhdəliyi bununla bitmir. Hökumət onu həmçinin müxtəlif layihələrin icrasına da cəlb edir. Hansı ki, bunlara da milyonlarla vəsait xərclənir.

Ancaq SOCAR həm də bir təsərrüfat subyekti olduğu üçün, öhdəliklərini yerinə yetirməklə bahəm, fəaliyyətini genişləndirməklə məşğuldur. Bu isə investisiyalar həyata keçirməyi tələb edir. Odur ki, adı çəkliən qurumun qarşısında elə investisiya layihələri var ki, istənilən halda reallaşdırılmalıdır. Ona görə də SOCAR-ın bütün layihələri əhatə etməklə cəlb etdiyi kreditlərin həcmi 2015-ci ilin əvvəlinə 6,9 milyard ABŞ dolları civarında təşkil edir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti