`Xanımım həmişə bilib ki, heç vaxt birinci olmayacaq` - Deputat

`Xanımım həmişə bilib ki, heç vaxt birinci olmayacaq` - Deputat
  04 May 2015    Oxunub:3904
“Bizi çox sürətlə masaların başına daşıyırlar. Mən bundan çox narahatam. Mən istərdim böyük məclislərin orta hissəsinə, hətta nisbətən aşağı hissəsində əyləşək. Mənim siyasi məclislərdə önə can atmaq kimi istəyim və vərdişim yoxdur. Mən xüsusi siyasi xəstəlik və iddialarla yaşamıram. Bu yerə qədər gəlib çatmağımda əməyimin rolu var. Heç oxumaqdan, yazmaqdan, izləməkdən kənar bir həyat yaşamadım. Ən böyük sərvət kitablarımı saydım. Mən kitabları dişimdə daşıdım”.
AzVision.az xəbər verir ki, bu sözləri APA.TV-nin efirində yayımlanan “Üç dama” verilişində millət vəkili Zahid Oruc deyib.

Qonağımız söhbətə onu qane etməyən məsələlərdən başlayıb:“Məni ən çox üzən bir insanın digəri haqqında olan rəyidir. Mənim fikrimcə, dünyanı gözəllik deyil, insanların biri-biri haqqında olan rəyi xilas edəcək. Bir vərəqlik əsər ortaya çıxartmayan, digərinin kitabını bəyənmir. Bir efir əziyyətini çəkməyən, digərinin ekran simasını bəyənmir. Azərbaycanda dedi-qodu və aqressiyalar var. Biz bunları aradan qaldıra bilmirik ki, özümüzü dünyaya təqdim edə bilək. Bəzən adama elə gəlir ki, bütün insanlar biri-birinə mane olmaq üçün doğulub. Mən şəxsən heç kimin siyasi yerinə mane olmuram, heç kimlə savaş aparmıram, heç kimin reytinqinin bir parçasında belə gözüm yoxdur, kiminsə bir parça çörəyinə mane olmuram və heç kimin böyük pullarına qarışmıram. Və sən görürsən ki, adamlar tək dar gündə deyil, uğurlu günlərdə də tanınır. Mənim içimdə böyük bir işıq var. İçərimə şəri buraxmamışam, orada ilan - qurbağa yoxdur. Nə qədər mümkündür, özümü qoruyub, saxlamışam. Mən nə qədər xorun içərisində olsam da, hər zaman öz səsimlə oxumuşam”.

Zahid Oruc qeyd edib ki, deputat olmaq insanı bir çox vərdişindən, xasiyyətindən uzaq salır:

“Məni daşa çevirdilər. Amma siyasətin atributu da daşdır. Dişin sinir sistemi çıxarıldığı kimi, siyasətçinin də sanki siniri olmur. Bir Allah şahiddir ki, mən siyasətdə çirkaba yol vermədim. Başımızdan çox sifətimizi qorumağa çalışdıq. Ancaq o da həqiqətdir ki, adama çoxlu ləkə atıla bilir. Çox çətin durumdur, amma mən təəccüb hissimi çoxdan itirmişəm”.

Uşaqlığından söz açan millət vəkili ata və anasını da xatırlayıb: “Mən Gədəbəy rayonunda doğulmuşam. Ətrafımız mistik nağıllarda deyildiyi kimi idi sanki. Hər zaman deyirdim ki, bizim dağlardan yuxarıda yalnız Allah var. Mən sadə insanların ailəsində dünyaya gəlmişəm. Onlar ali təhsilli deyildilər, orta təhsili də mükəmməl almayan adamlar idi. Dörd övladın içərisində yalnız mən təhsil almışam. Buna görə göydə Allaha, yerdə anama borcluyam. Sadə, kənd təfəkküründə düşünən, əli qabarlı olan anam, həyat yoldaşını itirəndən sonra dörd övlad böyütdü. Digər üç uşağını kənd həyatına öyrətdiyi halda, tək məni oxutmaq istəyirdi. Mənə başqa cür yanaşırdı və mən onun ümidlərini doğrultdum. Mən məktəbdən bu yana hər zaman seçilmişəm, yaxşı oxumuşam. Ali təhsildə ilk üçlükdə olmuşam. Mən indi deyirəm ki, sadə və qara camaat üçün işləyirəm, baxın bu atamdan gələn xüsusiyyətdir. Əslində biz hər zaman atama qaqa demişik. Amma mübarizlik anamdan gəlib. Anam qoymadı biz yetimliyi hiss edək. O çox qəhrəman insan idi. Özünəməxsus savadı var idi. Buna haradan sahiblənmişdi, anlamırdım. O yalnız altıncı sinfə qədər yaxşı oxumuşdu. Sonradan həyatı başqa cür gətirmişdi.

Qonağımız deyib ki, Allaha bağlı məsələlərdə onun içində xüsusi bir xətt var: “Hərdən deyirəm ki, nə yaxşı ki, Allah var. Hərə onu bir cür adlandırır. Ancaq Allahı görməyən adam sadəcə kordur. Mən bir məsələni dəqiq bilirəm. Bir yaxşı əməl bir qapını açır. Mən heç vaxt rüşvət almamışam. Amma hərdən də mənə elə gəlir ki, dünyada ən böyük korrupsioner mənəm. Çünki mən adamlardan dua istəyirəm. Heç olmasa ayda bir dəfə. Bir qəzadan salamat çıxanda deyirəm, bir milyon bu. Sonra başqa bir hadisədən salamat qurtaranda deyirəm iki milyon da bu”.

Zahid Oruc həm də ehtiyatda olan zabitdir. Qonağımız bu haqda da danışıb: “Hərdən həqiqətən istəyirəm ki, hərbi xidməti də keçim. Mən ehtiyatda olan zabitəm amma özümü hər zaman döyüşçü və əsgər kimi hiss etmişəm".

Qonağımız deyib ki, nə qədər qəribə olsa da onun daxilində hələ də oxumaq, təhsil almaq həsrəti var:“Bəlkə də kimlərsə həyatıma baxsa, heç onu yaşamaq istəməz. Çox da həsəd aparılacaq ömür yaşamamışam. Mənim daxilimdə təhsil almaq, oxumaq həsrəti, arzusu var. Bəziləri deyir ki, necə yəni, vərəqlərin arasında yaşamaq istəyirsən həyatını? Amma kitab oxumaq mənə zövq verir. Özümə oxu mühiti yaratmaq üçün hər yerdə mübarizə aparıram. Mən oxumaq acıyam. Bu aclığı hər zaman hiss etmişəm”.

Deputat ailəsindən, həyat yoldaşından da danışıb. Zahid bəy qeyd edib ki, onun xanımı ikinci planda olmağı ailə qurulan gündən qəbul edib:

“Evdə hakim mənəm. Qərarları mən verirəm. Xanımım hər zaman bilib ki, o heç vaxt birinci olmayacaq. Allah uzaq etsin, hətta şikəst olacağım halda birinci olmağım fikrini o çoxdan qəbul edib. Biz qrup yoldaşı olmuşuq. Xanımıma heç vaxt xəyanət etməmişəm. Bu ona qarşı olan sonsuz sədaqətimdən irəli gəlmir. Mən sadəcə özümə hörmət edirəm. Amma ailə quruculuğunda önəmli bir rolu mənim qızım Eltac oynayır. Övladlar arasında balansı qızımın xeyrinə mən pozmuşam. Qız uşağı kişinin sevgisinin, oğlan isə qadının sevgisinin məhsuludur. Ən sərt mövqeyimdə belə qızım qərarımı dəyişə bilir. Elə məsələlər var ki, o öz hüquqlarından maksimal dərəcədə istifadə edər və biz ona tabe olarıq. Qızım mənə çox bənzəyir. O ruhumun məhsuludur və məni yenə biləcək qüvvələrdən biridir. Oğlum isə qızımdan bir az böyükdür. Xaricdə təhsilə başlayıb artıq”.




Teqlər:  





Xəbər lenti