Bir binanın başına gələnlər – ARAŞDIRMA

Bir binanın başına gələnlər – ARAŞDIRMA
  29 May 2013    Oxunub:17549
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin İstiqlaliyyət küçəsində yerləşən əzəmətli binasını köhnə bakılılar “İsmailiyyə” binası kimi tanıyırlar. Günü-gündən dəyişən, müasirləşən Bakıda sovet dövrünün bəlkə də yeganə yadigarı - «SSR» abreviaturası bu binanın üstündə qalıb: “Azərbaycan SSR Elmlər Akademiyası” şəklində. Amma indi arxaikləşmiş bu üç hərfin əslində binanın mahiyyətinə qətiyyən dəxli yoxdur. Çünki bu bina, ümumiyyətlə, «SSRİ» sözünün özünün yaranışından xeyli əvvəl tikilib…


Bu binada kimlər işləyib?

Bu binada vaxtilə Azərbaycanın ən tanınmış insanları, görkəmli alimlər çalışıb.
1924-cü ildə burada Əbdürrəhimbəy Haqverdiyevin sədrliyilə «Azərbaycanı tədqiq və tətəbbü» cəmiyyəti yerləşib. Sonralar bu cəmiyyət elmi-tədqiqat institutuna, 1932-ci ildən isə SSRİ EA-nın Zaqafqaziya filialına çevrilib. 1945-ci ildən Elmlər Akademiyası kimi fəaliyyət göstərib.

Böyük kimyaçı alim Yusif Məmmədəliyev bu binada işləyib.
Akademik Mirəsədulla Mirqasımov da işə bu binaya gedib-gəlib.
Böyük Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti kimi bu binada çalışıb.
Bir sözlə, uzun illər boyu Azərbaycanda elmin inkişaf istiqamətləri bu binada müəyyənləşdirilib.

Bu binanın iclas salonunda tez-tez elmi konfranslar, ədəbi disputlar keçirilib. Vladimir Mayakovski, Maksim Qorki, Nazim Hikmət kimi ədiblər Azərbaycan oxucuları ilə bu binanın iclas salonunda görüşüblər. Bu bina bütün dövrlərdə elm və maarif mərkəzi olub. Müxtəlif illərdə «Maarif evi», «Maarif sarayı», «Türk mədəniyyəti sarayı» adlanıb.

Nə qədər qəribə olsa da, hətta bir arada bu binaya Vladimir Leninin adı verilib. Amma… Bakılıların nisbətən yaşlı nəsli bu binanı “İsmayiliyyə” kimi tanıyır. Çünki təxminən 100 il əvvəl Bakı milyonçusu Ağamusa Nağıyev bu binanı dünyadan cavan köçən oğlu İsmayılın xatriəsinə ucaltdırıb. Özü də Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti üşün ucaltdırırb…

Müsəlman Xeyriyyə Cəmiyyəti

1905-ci ildə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti yaradılıb. Cəmiyyətin məqsədi müsəlmanlara himayədarlıq və maddi yardım etmək olub.
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Hacı Z.A.Tagıyevin imzası ilə 1905-ci ilin noyabrında şəhər dumasına daxil olmuş bir ərizə saxlanılır. Ərizədə Xeyriyyə Cəmiyyətinin binaya ehtiyacı oldugu əsaslandırılır. Ona görə də «Kaspi» qəzeti redaksiyası ilə (o dövrdə “Kaspi” qəzetinin redaksiyası indiki Sabir bağının yerində idi) Müsəlman qız məktəbi (indiki Əlyazmalar İnstitutu) arasındakı boş torpaq sahəsinin Xeyriyyə Cəmiyyətinə verilməsi xahiş olunur.

Bakı şəhər Duması 1905-ci il dekabrın 1-də keçirilən iclasında Xeyriyyə Cəmiyyətinin ərizəsinə baxır və müsbət qərar çıxarır. Torpaq sahəsi Xeyriyyə Cəmiyyətinin şəxsi mülkiyyətinə yox, Müsəlman Xeyriyyə Cəmiyyətinin Bakıda mövcud olduğu müddətə cəmiyyətin pulsuz istifadəsinə verilir. Lakin ayrılmış torpaq sahəsində bina tikmək məsələsi bir qədər ləngiyir. Bakı milyonçuları Novruz bayramı münasibəti ilə təşkil olunmuş ziyafət məclislərinin birində Ağamusa Nağıyevə təklif edirlər ki, oğulunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin. Yeni binanın layihəsini hazırlamaq mülki mühəndis İosif Ploşkoya həvalə olunur.

Polyak əsilli İosif Ploşko 1895-ci ildə Peterburqda Mülki Mühəndislər İnstitutunu bitirmişdi. O, iki il Kiyevdə işlədikdən sonra Bakıya dəvət olunmuşdu. 1925-ci ilə qədər Bakıda yaşayıb. Bu gün də şəhərə yaraşıq verən bir çox memarlıq abidələrinin müəllifidir.

Memar Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının layihəsini qısa vaxtda hazırlayır və 1908-ci ilin dekabrında binanın özülü qoyulur. O vaxtkı “Kaspi” qəzeti yazırdı: «Dekabrın 21-də, bazar günü Nikolayevsk küçəsində Müsəlman Xeyriyyə Cəmiyyətinin yeni binasının - mərhum İsmayıl Nağıyevin adına olan «İsmailiyyə» binasının təməli qoyulmuşdur. Tədbirdə cəmiyyətin sədri Hacı Zeynalabdin Tağıyev, onun həmkarı, binanın tikintisini maliyyələşdirən Ağamusa Nağıyev, idarə heyətinin üzvləri və müsəlman ziyalıları iştirak etmişlər. Bünövrə daşının qoyulması zamanı Quberniya qazısı axund Mirməmməd Kərim Hacı Mircəfərzadə xeyir-dua vermişdir”.

1912-ci ildə nəşr olunmuş «Bakinski sputnik» adlı məlumat kitabında yeni binanın layihəsi çap olunmuşdu. Orda məlumat verilirdi ki, bina birinci dərəcəli Bakı taciri Ağamusa Nağıyevin vəsaiti hesabına vəfat edən oğlu İsmayılın xatirəsinə ucaldılır. Layihə Venetsiyadakı Dojlar sarayı üslubunda hazırlanmışdı.

Bu binanın tikintisi, eləcə də onun maliyyə xərcləri barədə müxtəlif əfsanələr dolaşır. Xüsusən Ağamusa Nağıyevin xəsisliyi ilə bağlı tikintinin guya maliyyələşdirilməsində problemlər yarandığı söylənilir. Bu söhbətlərin həqiqətə nə dərəcədə yaxın olduğunu demək çətin olduğu üçün biz bu məsələləri qabartmaq istəmədik. Çünki bu söhbətləri təsdiq və ya təkzib edən sənədlərlə rastlaşmadıq.

“İsmailiyyə” binasının tikintisi 1913-cü ildə başa çatır və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınır.
M.Ə.Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi «Azərbaycan Cumhuriyyəti» kitabında bu bina haqqında yazırdı: «Bəlkə də islam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir».

“İsmailiyyə” xəstəxanaya çevrilir…

Bina hazır olduqdan sonra birinci olaraq ora xeyriyyə cəmiyyətinin idarəsi köçür. Sonra Bakıda mövcud olan bütün maarif cəmiyyətlərinə orada yer verilir. Lakin bir il sonra birinci dünya müharibəsinin başlanması bu binanın təyinatına və fəaliyyətinə təsirsiz qalmır. “İsmailiyyə” binası xəstəxanaya çevrilir…

Sonralar repressiya qurbanı olmuş tanınmış yazıçı Seyid Hüseyn 1919-cu ildə yazırdı: «Böyük müharibə başlandı… Özünün hüsn və lətafəti ilə Bakının birinci dərəcədə binalaranıdan olan İsmailiyyəni əsgəri bir xəstəxana halına salmağa qərar verdilər. ...Qars və Ərdəhan çöllərində bir çox sahibsiz qalmış cocuqları İsmailliyyə binası müşfiq bir ana kimi ağuşi-şəfqətində bəslədi. Bütün müavinətə möhtac olanların nəzəri İsmailiyyədə idi. Hər kəs üzünü o tərəfə tutsa idi, naümid qayıtmazdı...»

«Kafkazskiy teleqraf» qəzetinin 1915-ci il fevral tarixli nömrələrində müharibədən zərər çəkən müsəlmanlara yardımla bağlı dalbadal elanlar verilib. O vaxt müharibədən zərər çəkənlərə yardımın qəbulu üçün Bakıda iki məntəqə açılmışdı. Onlardan biri və birincisi Müsəlman Xeyriyyə Cəmiyyətinin dəftərxanası idi: Nikolayevsk küçəsi, “İsmailiyyə” binası!

«Kaspi» qəzetindəki elanlarda isə Yəhudi Komitəsi müharibə qurbanlarına yardım etmək istəyənləri xeyriyyə cəmiyyətinin zalında çay süfrəsinə dəvət edirdi. «Cəmiyyəti-Səfa»nın Peyğəmbərin mövludu ilə əlaqədar təşkil etdiyi şənliyin ünvanı da «İsmailiyə» binası idi. Müsəlman Xeyriyyə cəmiyyəti Novruz bayramı münasibətilə bütün tədbirlərni də burada keçirirdi.
Bütün bunlar göstərir ki, «İsmailiyyə» uzun illər Azərbaycanda xeyriyyə mərkəzi, mədəni-maarif meydanı olub.

Ötən əsrin əvvəllərində Azərbaycan tarixi ilə bağlı bir çox müzakirələr də bu binanın iclas salonunda aparılıb. Xalqın gələcəyi ilə bağlı ən mühüm qərarlar burda qəbul olunub.

S.Hüseyn yazırdı: «İnqilabdan sonra İsmayiliyyə binası siyasi cərəyanların mərkəzi oldu. Birinci olaraq muxtariyyət və ədəbi-mərkəziyyət fikri orada açıldı, meydana atıldı. …Biz azərbaycanlılar İsmailiyyədə bir çox şad və qəmgin günlər keçirmişik. Müqəddaratımız haqqında orada bir çox məruzələr dinləmişik, gələcəyimiz haqqında orada bir çox qərarlar çıxarmışıq».

“İsmailiyyə” yandırılır…

Təəssüf ki, “İsmailiyyə”nin xoş günləri uzun çəkmir. 1918-ci ilin mart qırğını başlayır. 1918-ci ilin mart qırğınları təkcə xalqın, dinc əhalinin qırğını deyildi. Mart qırğını həm də binaların, maddi sərvətlərin talan olunduğu bir qırğın idi.

S.Hüseyn yazırdı: «Xain düşmənlər, erməni milli polku İsmailiyyəni işğal etmiş, oradakı müxtəlif təşkilatların kağız-dəftərlərini qarışdırır, bəzi şeylər arayırdılar. Bu qədər müxtəlif təşkilatlardan bir kərəlik xilas olmaq, daha doğrusu, xalqda doğan muxtariyyət fikrini əbədən basmaq üçün bu fikrə pərvəriş verən İsmailiyyənin edamına qərar verilmiş, ona düşmən əli ilə od vurulmuşdu...»

Ermənilərin bu vəhşiliyindən sonra - 1919-cu ildə binanın uçmaq təhlükəsi altında olduğu nəzərə alınaraq hətta «İsmailiyyə»ni sökmək istəyirlər. Onda S.Hüseyn yana-yana yazırdı: «...Ey Bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxırsan? İmailiyyənin, hər vaxt böyük salonunda öz gələcəyin üçün gün ağladığın İsmailiyyənin qarşısına gəl! Onu səndən ayırırlar! Onu lüzumsuz bir meyit kimi dəfn edirlər. Həm də sənin gözünün qabağında dəfn edirlər!»

«İsmailiyyə»nin yandırılması, dağıdılması, təbii ki, hamıdan çox onun əsl sahibini - Ağamusa Nağıyevi yandırmışdı. Deyilənə görə, milyonçunun bu hadisələrdən bir il sonra vəfat etməsinin əsas səbəblərindən biri də «İsmailiyyə» dərdinə dözə bilməməsi olub...

Lenin adına… “İsmailiyyə” binası?

“İsmayiliyyə” binasında bərpa işləri yalnız bir neçə il sonra - 1921-ci il mayın 21-dən başlanıb. 1923-cü ildə mətbuatda dərc olunmuş bir hesabatdan görünür ki, sovet hökuməti “İsmayiliyyə” binasının adını dəyişdirib - bina artıq sadəcə «Mədəniyyət sarayı» adlanır. Bu, hələ harasıdır…

“İsmailiyyə” ilə bağlı ən təzadlı fakt 1924-cü ilin yanvarına aiddir. Həmin il yanvarın 21-də Vladimir Lenin vəfat edir. Yanvarın 25-də, necə deyərlər, Moskvada hələ Leninin meyiti soyumamış Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Soveti qərara alır: «Unudulmaz rəhbərin, dünya proletariatının böyük müəllimi, əzilən xalqların xilaskarı yoldaş Vladimir İliç Ulyanov - Leninin xatirəsini əbədiləşdirmək məqsədilə Mədəniyyət Sarayına (keçmiş «İsmailiyyə» binasına) ... «Vladimir İliç Ulyanov-Leninin adı verilsin”.

İsmayıl Ağamusa oğlunun adına 5 ilə tikilmiş bu bina bolşevik hökumətinin bir qərarı ilə bir gecədə İlyanın oğlu Vladimir Ulyanov-Leninin adına rəsmiləşdirilir. Təzada fikir verirsinizmi?

Şübhəsiz, bu, bir ədalətsiz qərar idi. Sovet hökumətinin belə qərarları çox olub. Amma bu ədalətsizlik onsuz da əbədiləşməyib. Leninin adı bu binaya yapışmayıb. El arasında bu bina elə «İsmayiliyyə» kimi tanınıb və elm və maarifin təbliğinə xidmət eləyib.

1924-cü ildən fəaliyyətə başlayan «Azərbaycanı tədqiq və tətəbbü» cəmiyyəti sonralar elmi-tədqiqat institutuna, 1932-ci ildən isə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinə çevrilir.
1932-ci il dekabrın 29-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi “Təbii məhsuldar qüvvələrin öyrənilməsi üzrə Elmi-tədqiqat institutunun SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinə çevrilməsi haqqında” qərar qəbul edir. Həmin qərarın 4-cü bəndində deyilirdi: “Türk Mədəniyyət Sarayının binası (Kommunist küçəsi, 10) bütünlüklə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin sərəncamına verilsin”.

O vaxtdan bu bina Elmlər Akademiyası kimi fəaliyyət göstərir.
Göründüyü kimi “İsmailiyyə” tikildiyi gündən xeyriyyəçiliyə, mədəni-maarif işlərinə xidmət edir.
Bu gün olduğu kimi…

Müsəllim Həsənov
Xüsusi olaraq AzVision.az üçün


Qalereya




Teqlər:  





Xəbər lenti