“Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam” – TQDK rəhbəri

“Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam” – TQDK rəhbəri
  14 May 2015    Oxunub:2301
İnanın ki, iş cədvəlim imkan versə idi, I Avropa Oyunlarında yarışların hamısını izləyərdim.
Bunu Trend-ə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

TQDK sədri bildirib ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcək. Oyunlardakı yarışları izləməyə gəlincə, bu məsələlərlə M.Abbaszadənin ailəsindəki övladları məşğul olur və onlar artıq gimnastika üzrə yarışlara biletlər alıblar.

“Sözün doğrusu iş cədvəlim belədir ki, iyun ayında bölgələrdə buraxılış imtahanları olacaq. Ona görə də yarışları imtahan olmayan vaxtlarda izləyə biləcəyəm. İmtahandan bir gün əvvəl və sonra qapalı rejimdə işləyirəm deyə, bu məsələni işimlə uyğunlaşdırmalıyam” - deyə TQDK sədri bildirib.

M.Abbaszadə həmçinin şəxsən hansı idman növü ilə məşğul olduğunu və hansı yarışlara həvəs götərdiyini də açıqlayıb: “Şəxsən mənə komanda oyunları, məsələn, voleybol, basketbol, həndbol və s. çox maraqlıdır. Özüm isə təbii ki, cavanlıqda idmanla məşğul olurdum. Lap uşaqlıqdan gimnastika ilə məşğul olmuşam. Övladlarımda gimnastikaya olan həvəs məndən keçib. Onları da uşaqlıqdan gimnastikaya aparmışam”.

Ölkənin baş imtahançısı kimlərə azarkeşlik edəcəyini də gizlətməyib: “Oyunlar vaxtı təbii ki, mən və ailəm Azərbaycana və onu təmsil edən idmançılarımıza azarkeşlik edəcəyik. Mənim bir qızım xarici ölkədə yaşayır. O, həyat yoldaşı və hətta həyat yoldaşının qohumları da həmişə Azərbaycana azarkeşlik edirlər. Yarışlar vaxtı çox zaman elə dramatik hallar olur ki, kimsə özünü şücaətlə göstərir. Bax onda, hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, fərdi ustalığı ilə seçilən idmançılara da azarkeşlik edirəm”.

Azvision.az


Teqlər:  





Xəbər lenti