Azərbaycan ailəsinin intim problemləri – ARAŞDIRMA

Azərbaycan ailəsinin intim problemləri – ARAŞDIRMA
  30 May 2013    Oxunub:21958
“Azərbaycan ailəsi” dedikdə, gözlərimiz qarşısında sakit, sadə, mehriban, əxlaq və milli dəyərlərə uyan bir ailə canlanırdı əvvəllər. Zaman keçdikcə müasirləşmə Azərbaycan ailəsindən də yan keçmədi. Keçmiş dövrlərdə ərini evin “Allahı” hesab edən Azərbaycan qadını sonradan bu mövqedə özü durmaq istədi. Davalar, ailədaxili münaqişələr, təhqir və hədələr adiləşdi ailə üçün.
Zamanla ailələr öz dəyərlərini qoruya bilməyib, dağılmağa başladı. Bu gün statistikaya nəzər salsaq görərik ki, son zamanlar boşananların hər il daha da artır. Buna səbəbi nədir?

Mütəxəsislər boşanma səbəblərini müxtəlif səbəblərlə izah edirlər. Bəzisi ailədaxili münaqişələrin səbəbini kənar şəxslərin müdaxiləsi, bəziləri iqtisadi çətinlik, bəzisi isə seksual aclıqla izah edirlər. Bəs əsl səbəb nədir?

2 ildir ki, ailəsindən kənar yaşayan Azad İsabalayev (ad şərtidir) deyir ki, ailənin saxlanılmasında qadının böyük rolu var. “Əgər kişi çalışır, qadınını, uşaqlarını saxlayırsa, qadının da borcudur ki, həyat yoldaşının arzuladığı, istədiyi kimi olsun. Amma təssüf ki, qadınlar yalnız ailə qurana qədər bizim istədiyimiz kimi olurlar”,- deyən müsahibim qadınların ailə qurandan bir il sonra tamamilə dəyişib başqalaşdığını bildirir.
- Ruhiyyə ilə tanışlığım təsadüfi olmuşdu. Açıq danışacağam. Rusiyada yaşadığım üçün gec evlənmişəm. Qadınlar haqqında düşüncələrim mənfi olduğundan, evlənməyi ağlımdan keçirmirdim. Amma bir gün onu tanıdım. Qarayanız, uzunsaçlı, səliqəli qıza ilk gündən vuruldum. Tanıdıqca daha çox sevirdim. Xəyallarımın qadını idi. Təmizkar, səliqəli, başadüşən, sakit. Evləndim. İlk 3 ay özümü dünyanın ən xoşbəxt kişisi hesab edirdim Ruhiyyə ehtiraslı qadın idi. Mənim elə bir istəyim olmurdu ki, qarşılaya bilməsin. Sonra hamilə qaldı. Oğlum dünyaya gələndən sonra sanki bizim evliliyə nöqtə qoyuldu. 1 ilə yaxın bir evdə bacı-qardaş münasibətində yaşadıq. Zaman keçdikcə tamam dəyişirdi. Əvvəlcə öz səliqəsinə fikir vermədi. Nə zaman zəng etsəm ya yatmış olurdu, ya da televizor qarşısında. Evə gələndə evi özüm yığşdırırdım. Sonra mənim də paltarlarıma, səliqəmə diqqət yetirməmə başladı. Çirkli geyimlərlə işə getməkdən cana doymuşdum, geyimlərimi də artıq özüm yuyurdum. Axı bir uşağı böyütmək nə problem idi ki, dünyalar qədər sevdiyim qadın özünü bu qədər itirmişdi. Dəfələrlə qarşıma alıb danlayır, başa salırdım. Amma heç bir xeyri olmurdu. Dostlarım deyirdi ki, bundan ayrılma, amma başqasını al həyatına, bu oğlunun anasıdır, ortada qalmasın. Bir ili də dostların məsləhətləiylə yola verdim. Artıq tükənmişdim... ,- deyən A. İsabalayev həyat yoldaşından ayrılmağa qərar verir.

İkinci dəfə ailə qurmaqdan çəkinən müsahibim qeyri-rəsmi olaraq bir qadınla yaşadığını da gizlətmir. “Qadın gərək səni bütün varlığı ilə istəsin. O zaman özünü xoşbəxt hiss edirsən”,- deyir.

Androloq-seksopotoloq Kamil Baxşıyevin sözlərinə görə, Azərbaycan ailəsinin əsas problemlərindən bir seks çatışmazlığıdır:
- Çünki istər kişi, istərsə də qadın düzgün seks haqqında anlayışa malik olmur. Fərdlərn cinsi iştahları müxtəlifdir. Bəzi ailələrdə seks gündə, bəzilərində həftədə 2 dəfə, bəzilərində isə, ayda bir dəfə olur. Əsas hər iki tərəfin istəklərinin üst-üstə düşməsidir. Qadınlarda cinsi hisslərin pik nöqtəsi 30 yaşından başlayır. Kişilərdə isə 20 yaşına təsadüf edir. Amma nəzərə almaq lazımdır ki, 20 yaşında gənclə 35-40 yaşlı kişinin cinsi bacarıqları çox fərqlidir. Yəni bir qədər yaşlı kişilər cinsi münasibətə az-az girsələr də qadını doyurma bacarıqları daha güclü olur.



Müsahibim bildirir ki, Azərbaycan ailələri “pərdəli”, qapalı olduğu üçün kişilər qadınlarından, qadınlar isə kişilərindən istədikləri həzzi ala bilmirlər. Qadın cinsi fantaziyalarını həyata keçirməyə utanır, kişi isə bu fantaziyaların həyata keçirilməsini tələb etməyə. Zaman keçdikcə isə, bir-birinə qarşı olan hisslər sönür və yaxud başqa birinə yönlənir.

Baxşıyev deyir ki, əri ilə ən azı həftədə iki dəfə cinsi əlaqəyə girməyən qadın fəxrlə “mənim ərim məni dəyişməz” deməməlidir. Çox güman ki, həyat yoldaşı artıq onu başqası ilə dəyişib.

- Seksual uyğunsuzluq qarşı tərəfin hisslərinə zərər verir. Cinsi əlaqəyə girən zaman bunu sevgi və istəklə etmək lazımdır. Bu, qarşı tərəfə ağrı və əzab verməməlidir. Cinsi əlaqə zamanı ağrı və acının yaşanması hissləri tamamilə soyuda bilər,- deyən seksopotoloqun fikrincə, bəzi qadınlar həyat yoldaşlarının onlara aid olduğuna əmin olduqdan sonra cinsi əlaqəni ikinci və ya beşinci plana atırlar. Bu da sonda ailənin dağılmasına səbəb olur. Hər bir qadın nəzərər almalıdır ki, cinsi istəkləri təmin edilmiş kişi kimi güclü kişi yoxdur: “Özünü xoşbəxt sayan kişi dağı yerində oynada bilər. Bir çox insanlar seksin önəmli olmadığını düşünsələr də, əslində insanın həyatını dəyişən, həzz verən, yaşamağa həvəsləndirən sevgi ilə həyata keçirilmiş seksdir”.

Psixoloq İkram Rüstəmovun fikrincə, ən güclü sevgilər yataqdan başlayır:
- Bəzən birinin rəsminə vurulursan, onun arzusu ilə yaşayırsan. Həyatında bircə dəfə də olsun ona toxunmaq sənə həzz verir. Qadınla kişi arasında adını “sevgi” qoyduğumuz bütün hisslərin sonunu bir tək seks həll edir. Seks zamanı yaranan hisslər insanı bir-birinə bağlaya və ya soyuda bilər. Təəssüflə qeyd etməliyəm ki, bu gün Azərbaycan ailəsində qadın seks zamanı çox passiv olur. Bu, ya hisslərin yetərsizliyindən, ya da utanc hissindən irəli gəlir. Lakin qadın unutmamalıdır ki, seks ailəni qutarır. Bəzən görürsən, kişi işdən yorğun gəlib, qadın qarşısına bir qab yemək, 1 stəkan çay qoyub, ya uşaqlarla məşğul olur, ya da yatmağa gedir. Kişinin gününün necə keçməsi, istəkləri qadına maraqlı olmur. Ya da yemək və çay verdikdən sonra kişinin yanına oturub, bütün gün yaşadığı problemləri, gördüyü işləri, uşaqlarla davranışını anladır, şikayətlənir. Onsuz da yorğun kişi az qala bütün varlığı ilə qışqırıb “bəsdir” demək istəsə də, başını yelləməklə qadınını eşitdiyini hiss etdirir. Bəzən isə dözmür, bu, mübahisəyə çevrilir. Çox zaman qadının kişiyə rəhmi gəlmir, adı kişidir deyə elə bilir ki, nə olsa dözəcək.



Psixoloq hesab edir ki, qadın ailənin ideal olması üçün əlindən gələni etməlidir. Ərinin xəyanət etməməsini, onun özünü xoşbəxt hiss etməsini istəyən qadın kişini yuksəklərə qaldırmalıdır: “Yoldaşınıza yeməkdən sonra şikayət etmək əvəzinə qayğı, nəvaziş göstərin. Ona sevgi təklif edin”.

İ. Rüstəmov Azərbaycan ailəsində yaranan bir çox problemlərin kökündə cinsi doyumsuzluğun durduğunu deyir.

***

Deyirlər ki, “sevgi yatağa qədərdir”. Bu, həqiqətən də belədir. Sadəcə olaraq, bəzi insanlar bu deyimin dərinliyinə varmır. Elə düşünürlər ki, kişi və ya qadın arzuladığına qovuşursa, hər şey bitir. Xeyr! Bəli, sevgi yatağa qədərdir. Yataqda sevginin davam edib-etməyəcəyi müəyyən edilir. Kişi və ya qadın arzuladığı insana qovuşandan sonra bu proses ona həzz verirsə, o hisslərin pikini yaşa bilirsə, əsl sevgi burdan başlayır. Yox, əgər iki sevgilinin qovuşması atəşsiz, ehtirassız və həzzsiz keçirsə, sevgi elə o yataqda bitir.

İradə Cəlil


Teqlər:  





Xəbər lenti