`JEK`-lər ləğv olunmalıdır - TƏHLİL

`JEK`-lər ləğv olunmalıdır - TƏHLİL
  01 İyun 2015    Oxunub:3781
Məlumdur ki, ölkədə Vergi Məcəlləsinə (VM) edilən müvafiq dəyişikliklərə əsasən bu ildən şəxsi mülkiyyətə məxsus obyekt və torpağa görə ödənilən əmlak, habelə ümumiyyətlə daşınmaz əmlakın alqı-satqısına dair vergi mexanizmi təkmilləşdirilib. Başqa sözlə desək, vergi rejimi nisbətən sərtləşdirilib. Bunda da məqsəd cari ildən büdcəyə ödənişlər sahəsində bəzi vergi növləri üzrə bazanı genişləndirməkdən ibarət idi ki, ciddi konkretləşdirmələr aparılıb.

Söhbət, bu ilin yanvarından qüvvəyə minən dəyişikliklərdən gedir. Sözügedən dəyişikliklərə əsasən isə məsələn, 3 il daxilində alqı-satqı prosesinə cəlb olunmuş əmlak əlavə dəyər vergisinə cəlb olunacaq ki, bu da fiziki şəxslərdən gəlir vergisinə uyğun hesablanacaq. Həmin verginin dərəcələri isə məlum olduğu kimi heç də aşağı deyil.

Yeri gəlmişkən, nəzərə alsaq ki, ölkədə mənzil bazarında mövcud tələb alıcılıq qabiliyyəti baxımından olduqca zəif haldadır, sözügedən verginin təklifdə oturması vəziyyəti bir az da mürəkkəbləşdirəcək. Lakin sözümüz bunda deyil. Toxunmaq istədiyimiz məsələ başqadır. Məlum olduğu kimi alqı-satqı prosesinə cəlb olunmuş əmlaka əlavə dəyər vergisi əldə olunmuş gəlirə, yəni onun alınma ilə satış qiyməti arasındakı fərqə görə tədbiq edilir. Bu da notariuslarda qeydə alınan müvafiq razılaşmalara əsasən müəyyən ediləcək.

Əgər söhbət, mənzil sahiblərinin 3 ildən artıq yaşayış yeri olan əmlakdan gedərsə, sözügedən vergi buna tədbiq edilməyəcək. Yalnız bir şərtlə ki, həmin əmlak sahibi digər yaşayış obyektinə və yaxud obyektlərinə sahib olmasın. Belə ki, çoxlu sayda mülk sahibləri alqı-satqı zamanı gəlir vergisindən azad sayılmırlar.

Verginin məbləğinə gəldikdə, obyektin satışı zamanı alış və satış qiyməti arasındakı fərq 30 min manata qədər olarsa 14%, artıq olduqda isə mülk sahibi tələb olunan 14%-lə - 4200 manatla bərabər, 30 mindən artıq hissənin 25%-i həcmində gəlir vergisi ödəməlidirlər. Daşınmaz əmlak 120 min manatdan baha satıldıqda isə 18% ƏDV ödənilir. Üstəlik, həmin mənzil sahibinin sözügedən mülkdə daimi olaraq 3 ildən çox yaşaması faktoru da nəzərə alınmır.

Bütün bunlar son deyil. İş ondadır ki, Azərbaycanda daşınmaz əmlakın satışına görə əldə edilən gəlirlərdən vergi tutulması son 3 ilin ərzində satılmış obyektlərə də şamil ediləcək. Belə ki, Vergilər Nazirliyindən verilən məlumata əsasən, VM-nın 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Başqa sözlə desək, vergi orqanları bu maddəyə əsasən 2013-cü və 2014-cü illər ərzində satılan daşınmaz əmlaklardan da gəlir vergisi ödəməyi tələb etmək hüququna sahibdirlər. Dəyişikliklərə dair qanun isə bu ildən qüvvəyə mindiyindən qeyd olunan amil təbii ki, müəyyən narazılıq doğurur.

Biz, buna qarşı çıxmırıq. Lakin, alqı-satqı ilə yanaşı, əmlakın özünə tətbiq edilən vergiylə də əlaqədar bu cür dəqiqləşdirmələrə böyük ehtiyac var. Təkrar edirik ki, 2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslərdən əmlak vergisi özəl mülkiyyətdə olan binanın sahəsindən asılı olaraq ödəniləcək. Bundan əvvəl isə, sözügedən vergi binanın inventar dəyəri hesabından alınırdı.

Keçən ilin iyun ayında Milli Məclisin qəbul etdiyi və Prezident İlham Əliyevin təsdiq etdiyi VM-ya dəyişikliklər etmək haqqında qanuna əsasən əmlak vergisi 30 kvadratmetrdən artıq olan sahənin hər kvadratmetrinə görə hesablanacaq ki, 30 kvadratmetrədək olan sahə isə vergidən azaddır. Əvvəl qüvvədə olan qanuna əsasən isə əmlakın dəyəri əgər 5 min manatdan az idisə, ona vergi tətbiq edilmir və bu məbləğ artıq olarsa, vergi binanın dəyərinin 0,1 faizini təşkil edirdi.

VM-ya edilən dəyişikliklərə əsasən, yaşayış məntəqələrinə görə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri üzrə əmlak vergisi Bakı şəhərində 0,4, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 0,3, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində 0,2, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) isə 0.1 manat dərəcələr ilə tətbiq edilir.

Fiziki şəxslərin əmlakı üzrə verginin yığılması və hesablanması ilə binanın və yaxud əmlakın yerləşdiyi əraziyə aid bələdiyyələr məşğul olmalı olsalar da, məhz bu məsələdə ciddi boşluqlar vardır. Bu, xüsusən də Bakı şəhəri üzrə özünü daha əyani göstərir. Belə ki, sovet dövründən qalma JEK adlı Mənzil İstismar Sahələri tərəfindən mənzil sahiblərindən ev pulu tələb olunur ki, üstəlik, əmlak vergisi də yığılmalıdır.

Odur ki, sual yaranır: vergi orqanlarının 2013-cü və 2014-cü illər ərzində satılan daşınmaz əmlaklardan da gəlir vergisi ödəməyi tələb etmək hüququ tanındığı halda, fiziki şəxslərin əmlakı üzrə verginin yığılması və hesablanması ilə binanın yerləşdiyi əraziyə aid bələdiyyələrin məşğul olmalı olduqları da hüquqi müstəvidə özünün təsbidini tapmalı və bu sahədə səlahiyyətləri tanımaq lazım deyilmi?!

Ümumiyyətlə, bilavasitə əmlak vergisi yığımı sahəsində tam sərbəstliyə və şəffavlığa nail olmaq üçün bütün “JEK”-lər ləğv edilməlidirlər.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti