Nankor diplomat

Nankor diplomat
  04 İyun 2015    Oxunub:7053
Hər bir diplomat mütləq patriot olmalıdır. Çünki diplomat – xalqını təmsil edir; xalqı sevməyən biri onu təmsil edəndə isə nəticə mütləq qanqaraldıcı olacaq. Bu baxımdan, Xarici İşlər Nazirliyi patriotizmin ən yüksək konsentrasiyası müşahidə edilən bir dövlət qurumu olmalıdır. Amma təəssüf ki, bəzi hallarda biz bunun əksini görürük.

Digər vacib məqam: diplomat siyasətçi ola bilməz. Diplomatın siyasətçi kimi danışmağa, ortaya siyasi mövqe qoymağa, kütləyə üçün populistlik etməyə haqqı yoxdur. Və bütün bunlarla yanaşı, diplomat – həm də dövlət məmurudur. Ona görə, təmsil etdiyi hökumətin siyasi xəttinə sədaqət göstərməyə borcludur.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı nümayəndəliyinin rəhbəri Arif Məmmədov bu vacib ehkamların demək olar ki, hamısını pozub. Həm də söhbət sadəcə nəyisə pozmaqdan getmir, ortada çox ağır və belə görünür ki, kökləri başqa yerlərə gedən bir əməl var.

Bakıda faciəli yanğın zamanı onun yazdığı status heç bir əndazəyə sığmır: “Allah rəhmətə gedənlərə rəhmət eləsin (Diplomatın cümləsinə baxın da! – red.) . Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.



Bu, nədir? Üsyana çağırış?! Necə yəni, “Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz”. Doğrudanmı bu qədər diplomatik xidmət təcrübəsi olan şəxs anlamır ki, diplomat belə danışmaz? İnandırıcı deyil...

51 yaşlı Arif Məmmədov 1983-1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəridir.

Şübhəsiz, bu cür yol keçmiş insan əla anlayır ki, diplomata nəyi etmək olar, nəyi olmaz. Elə isə əsas sual budur: Niyə belə edib?

Hər şeydən əvvəl, bu insanda azərbaycançılıq görünmür. Bu, onun Azərbaycan dilini düz-əməlli bilməməsindən də bəllidir. Cümləyə baxın: “Allah rəhmətə gedənlərə rəhmət eləsin”, “Allah xalqımıza səbri qalıbsa, səbr versin”. Cümlələrindən də görünür ki, adam Azərbaycan dilində fikirlərini ifadə edə bilmir. Bizdə olan məlumata görə, övladları bu dildə ümumiyyətlə, danışa bilmirlər.

Azərbaycana nifrət və kinayə ilə yanaşması onun yazdığı başqa bir fikirdən də görünür: “Avropada 20 ildir normal adamların arasında yaşayıram, normal yemək yeyirəm. Bakıda isə 3 gün qaldım və qocaldım”.



Yəni biz burada anormal insanlarıq və Bakı yaşamalı yer deyil. Hətta adi insan üçün bu, tərbiyəsizlik və vicdansızlıqdır. Bu cür düşünən insan necə diplomat ola bilər? Soruşan gərək: sən orada kimi təmsil edirsən? Axı diplomat kosmopolit ola bilməz. Diplomat öz xalqını sevməlidir ki, təmsil edə bilsin. Bu adam isə dövlətinə də, xalqına da nifrət edir. Onun borcu bu cür yazıların qarşısını almaq və cavab vermək olduğu halda, özü erməni pulu ilə antiazərbaycan təbliğatı aparan mərkəzlərdən daha betər işləyir.

Bu yerdə deyək ki, Arif Məmmədovun erməni qarışığının olduu söylənilir və açığı, biz buna inanırıq: əks halda bir azərbaycanlı özü yüksək vəzifədə ola-ola ona hər şey vermiş bir dövlətə niyə bu cür nifrət və kinayə ilə yanaşmalıdır ki?

Xarici mediada Azərbaycan əleyhinə dərc olunan böhtanların sayı getdikcə artır. Təsəvvür edirəm, onların qarşısını almaq üçün çalışmaq əvəzinə, Arif Məmmədov kimi diplomatlar özəri də oxuyaraq, ləzzət alırlar. Üstəlik, həmin təbliğatı aparanlara əlavə material da verirlər: “Azərbaycanlı diplomat öz dövləti haqqında bu fikirdədir...”

Başqa bir səbəb bu ola bilər ki, Arif Məmmədov Azərbaycana qarşı qurulan planların iştirakçısıdır və bu xəttlə aparılan qarayaxma kampaniyasında iştirak edir. Əgər belədirsə, dövlətə xəyanətdən söhbət gedir...

Yəni bütün hallarda ikisindən biridir: ya nankorluq, ya da xəyanət. Hərçənd, bunların ikisinin eyni zamanda olması da mümkündür. Bütün hallarda bu adam Azərbaycan diplomatiyası üçün özü boyda bir ləkədir. Ən dəhşətlisi odur ki, qələtini başa düşüb, üzr istəyib, sakitcə istefaya getmək əvəzinə, o, danışaraq hələ özünə haqq da qazandırır. Demək, nankorıuq və xəyanətdən başqa bir də bu var: həyazsızlıq.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti