Ölkədə dollara tələbat azalıb – TƏHLİL

Ölkədə dollara tələbat azalıb – TƏHLİL
  11 İyun 2015    Oxunub:2863
Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının azalması prosesinin may ayında dayanacağı gözlənilən idi. Belə ki, bundan nə bir ay öncə, nə də bir ay sonrakı aydan söhbət gedə bilməzdi - keçən ilin avqust ayından başlanan azalma mayda dayanmalı idi və dayandı da... Hətta, 42,9 milyon ABŞ dolları artım da əldə olunub. Sual yaranır ki, niyə?

Əvvəla, AMB-in rəsmi valyuta ehtiyatlarının ötən 9 ay ərzində azalması sürətinə diqqət yetirsək, onun stabil olmadığını görərik. Belə ki, tendensiyada qeyri-normal vəziyyət müşahidə olunub. Keçən ilin avqust, sentyabr, oktyabr və noyabr aylarının hər birində azalma prosesi normal templə, təxminən, 20-50 milyon dollar aralığılığında davam etsə də dekabrda birdən-birə 1 milyard dolları vurub keçdi.

Bunun ardınca növbəti aylar üçün də mövcud tendensiyanın 1 milyarddan çox olmasının əsası qoyuldu. Başqa sözlə desək, 2014-cü ilin dekabrında valyuta ehtiyatlarının həcmi 1 milyard 238 milyon dollar azalmışdısa, cari ilin ilk ayı ərzində bu rəqəm 1 milyard 77 milyon 500 min, fevralda 1 milyard 676 milyon 400 min, martda 1 milyard 532 milyon 300 min, apreldə isə 1 milyard 84 milyon 200 min dollar təşkil etdi. Göründüyü kimi, rəqəmlər arasında uyğunsuzluq var.

Belə ki, azalmanı şərtləndirən amillər əgər, sırf təbii iqtisadi qanunlar və obyektiv səbəblər üzərindən yaransa idi, ən çox azalma fevralda baş verməli deyildi. AMB-in də manatın dəyərini məhz qeyd olunan ayda (fevralın 21-də) korrektə etməsi təsadüfi olmadı. Bu mənada, mart və aprel aylarındakı azalma da əslində, nisbətən az olmalı idi.

Ümumiyyətlə, əvvəl də yazmışdıq ki, Dövlət Neft Fondunun (ARDNF) aktivləri də daxil olmaqla, Azərbaycanın ümumi valyuta ehtiyatları həcminin bu ilin əvvəlindən mayın 1-dək 7 milyard 544 milyon dollar azalması təqribən, 30-40 % az təşkil edə bilərdi: əgər, fevralın 21-i ərəfəsində və ondan sonra həm əhalinin müvafiq "aliotaj" nümayiş etdirməsi, həm də bəzi möhtəkirlər tərəfindən qazanc əldə etmək məqsədilə mövcud vəziyyətdən sui-istifadə, o cümlədən ölkədən valyuta axınları, başqa sözlə desək, kapital ixracı halları baş verməsə idi.

İkincisi də təbii ki, neft amilidir. Belə ki, neftin dünya bazarlarında qiymətləri cari ilin fevral ayından sabitləşdi. Və müxtəlif markalı neft qiymətləri 50-60 ABŞ dolları arasında rəqs etməyə başladı. Bu da ucuzlaşmanın arxada qaldığını deməyə əsas verdi. Neftin qiyməti əgər 40 dollardan da aşağı düşsə idi, valyuta ehtiyatları üzrə itki daha çox təşkil edə bilərdi. Başqa sözlə desək, həm ARDNF-in aktivləri, həm də AMB-in rəsmi valyuta ehtiyatları hazırki rəqəmlərdən də aşağı olacaqdı.

Odur ki, Mərkəzi Bankın valyuta ehtiyatının azalması tendensiyası təkrar edirik ki, məhz may ayında dayanmalı idi və bu haqda anonsu hətta adı çəkilən qurumun rəhbərliyi də vermişdi. Çünki panika və əmanətlərin dollara çevrilməsi prosesi demək olar, aprelin 15-nə kimi davam etdi. Həmçinin, ölkədən kapital ixracı da... Düzdür, sonuncu problem hələ qalır. Ancaq artıq, nəzarətdədir!...

Lakin AMB-in manatı dövriyyədə bacardıqca "sıxmağa" nail olması, o cümlədən banklardan külli miqdarda kredit götürənlərə qarşı sərt tədbirlər həyata keçirilməyə başlaması və ən əsası da neftin qiymətinin 60 dollardan bir daha aşağı düşməyəcəyi tam aydın olduqdan sonra vəziyyət sabitləşməli idi və sabitləşdi də... Və ən əsası da Mərkəzi Bankın may ayında cüzi artıma, əslində isə sabitliyə nail olmasının ən başlıca səbəblərindən birini məhz kapital axının səngiməsi təşkil etdi.

Bayaq banklardan kredit götürənlərə toxunduq. Məlumdur ki, bu ilin may ayının 14-də Konstitusiya Məhkəməsi dollarla olan kreditlərin yeni məzənnə ilə qaytarılması haqqda qərar verdi. Beləliklə də dollar kreditlərini hansı məzənnə ilə qaytarmalı olduqlarını bilməyən və bu üzdən gözləmə mövqeyində dayanan müştərilər ödənişləri bərpa etməyə başladılar. Qərar veriləndən keçən təxminən 20 gün ərzində dollarla olan kreditlərin geri ödənişi sahəsində deyilənə görə xeyli irəliləyiş əldə olunub. Bu özü də bankların dollarla aktivlərinin arması üçün şərait yaradıb.

Ümumiyyətlə, ölkədə dollara tələbatda sabitlik yaranıb. Əsas da bu lazım idi... Çünki ölkə iqtisadiyyatının neftin 1 barelinin 50-55 dollara olması vəziyətinə uyğunlaşması prosesi gedir...

Təsadüfi deyil ki, ölkədə mövcud pul bazasının da mayda 8 ay fasilədən sonra cüzi də olsa artması qeydə alınıb. Xatırladaq ki, azalmanı inflyasiyanı nəzarətdə saxlamaq və kəskin devalvasiyanın qarşını almaq məqsədi ilə həyata keçirildiyini bildirmişdik. Bu, dövriyyədə olan nəğd pul kütləsinin azalması deməkdir. Ölkəyə xarici valyuta axını zəifləyib. Buna uyğun olaraq da AMB artıq manat kütləsini yığışdırmaqla məşğul idi.

Hazırda AMB-in rəsmi valyuta ehtiyatları mayda aprellə müqayisədə 42,9 milyon dollar artmaqla 8,43 milyard təşkil edir. İlin əvvəlində isə bu rəqəm 2015-ci ilin yanvarın 1-nə 13,75 milyard ABŞ dolları təşkil edirdi.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti