Bakıda 5 ayın yol qəzası-133 ölü, 513 yaralı

Bakıda 5 ayın yol qəzası-133 ölü, 513 yaralı
  03 İyun 2013    Oxunub:1299
Bu ilin 5 ayı ərzində 50 501 piyada barəsində də inzibati qaydada protokol tərtib edilib.
Bakıda 2013-cü ilin ilk beş ayında baş verən yol qəzalarında 133 nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun AzVision.az-a açıqlamasında bildirib ki, yanvarın 1-dən iyunun 1-dək Bakıda 443 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 133 nəfər ölüb, 513 nəfər xəsarət alıb.

Bununlada ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 hadisə, 8 ölüm, 12 xəsarət faktı artıb.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində bu ilin 5 ayı ərzində yol verilən qanun pozuntularına görə yol polisi əməkdaşları tərəfindən sürücülərə Bakı şəhəri üzrə 275 727 inzibati protokol tərtib edilib.

“Bunlardan 1345-i avtomobilin sərxoş halda idarə edilməsinə, 5621-i işıqforun qırmızı işığında dayanmadığına, 816-sı avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsinə, 111-i avtoxuliqanlığa, 870-i polisin qanuni tələbinin yerinə yetirilməməsinə, 1737-si qəza şəraiti yaratdığına, 25 423-ü sürət həddinin aşılmasına, 2470-i avtomobilin sürücülük vəsiqəsi olmadan idarə edilməsinə, 1242-si ötmə və manevretmə qaydalarının pozulmasına

17 565-i yolayrıcını keçmə qaydalarının pozulmasına, 5801-i nəqliyyat vasitəsinin icazə verilməyən pərdə və plyonkalı idarə edilməsinə, 1894-ü sərnişindaşıma qaydalarının pozulmasına və digər qanun pozuntularına görə 137 mindən artıq inzibati protokol tərtib edilib”.

Həmçinin şöbə rəisi qeyd edib ki, yol hərəkəti qaydalarını pozduğuna görə cari ilin 5 ayı ərzində 50 501 piyada barəsində inzibati qaydada protokol tərtib edilib.

Anar


Teqlər:  





Xəbər lenti