`Azadlığ`ın bir diplomatlıq sirri: Qəzet Eldar Həsənovu niyə müdafiə edir?

`Azadlığ`ın bir diplomatlıq sirri: Qəzet Eldar Həsənovu niyə müdafiə edir?
  23 İyun 2015    Oxunub:9893
Azərbaycan siyasətində maraqlı hadisələr baş verir. Getdikcə daha çox gizli əlaqələr üzə çıxır və daha çox maskalar yırtılır. Yəqin ki, bu proses ölkənin diplomatik xidmət sistemində `təmizlənmə` prosesinin daha da dərinləşməsilə nəticələnəcək. Çünki artıq oyunun miqyası genişlənib, belə olanda isə istər-istəməz kartlar daha çox açılır.

`Azadlıq` qəzetinin bugünkü sayında keçmiş baş prokuror, Azərbaycanın Rumıniya və Serbiyadakı səfiri Eldar Həsənovla bağlı geniş bir yazı dərc olunub. Yox, düz tapmadınız, bu, tənqid deyil; ölkənin ən aqressiv müxalifət qəzeti bir səhifəsini tam şəkildə səfirin müdafiəsinə ayırıb.

Maraqlıdır - ən azından ona görə ki, biz belə şeyləri görməyə öyrəncəli deyilik: radikal müxalifət qəzetinin hansısa səfirin haqqında dəstək və müdafiə xarakterli yazı yazması fantastika janrına aiddir. Amma bu, baş verib. Siyasətdə isə, məlumdur ki, heç nə səbəbsiz baş vermir. Elə isə, səbəb nədir?

AzVision.az-ən əldə etdiyi məlumatlara görə, `Azadlıq` ilə Eldar Həsənovu bir-birinə bağlayan gizli bağlar var. Hər şeydən öncə, bu, maliyyədir: çox ciddi ehtimallar var ki, Azərbaycanda, Rusiyada, eləcə də Rumıniyada böyük biznes imperiyası olan Eldar Həsənov neçə ildir ki, `Azadlığ`ı maliyyələşdirənlərdən biridir. Müxalifət qəzetlərinin hakim komandada maliyyə mənbələrinin olması barədə əvvəllər də çox xəbərlər yayılıb. Bax, həmin mənbələrdən biri Eldar Həsənovdur.



`Azadlıq`da gedən yazının mahiyyətinə fikir verin: qəzeti sanki, Eldar Həsənovun sözçüsü kimi çıxış edir: Onun hafta.az saytında dərc olunan müsahibəsini götürüb və cümlə-cümlə “Səfir burda belə, orda elə demək istəyir...” şəklində şərh edib. Maraqlıdır, Eldar Həsənovun nə demək istədiyini “Azadlığ”ın redaksiyasında haradan bilirlər? Təbii, əgər özü onlara deməyibsə...

“Azadlığ”ın arxivi ilə bir qədər maraqlansınız, görəcəksiniz ki, qəzet əvvəllər də onun müdafiəsində durub və həmişə xeyrinə informasiyalar yayıb, haqqında deyilən mənfi fikirləri təkzib edib, yaxşı vəzifələrə gətirilmə şansının olması haqda dezinformasiyalar buraxıb... Niyə? Bunu ancaq belə izah etmək olar ki, həqiqtən də “Azadlığ”ın maliyyə mənbələrindən biri Eldar Həsənovdur.

Əldə etdiyimiz digər məlumata görə, Milli Şura yeni yaradılanda – 2012-ci ilin sonu, 2013-cü ilin əvvəllərində,- onun üzünün Rusiya çevrilməsində xidmət göstərənlərdən biri də Eldar Həsənov olubmuş. Rusiyadakı qüvvələrlə Əli Kərimlinin arasındakı ilk kanallardan biri kimi məhz səfir çıxış edib.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti