Bu gün İslamın müqəddəs günüdür

Bu gün İslamın müqəddəs günüdür
  07 İyun 2013    Oxunub:6309
Məhəmmədəmin Rəsulzadə
(İzahlar: Dilman Şahmərdanlı )

Bü gün rəcəb-ül-mürəccəb (üç müqəddəs aydan biri olan rəcəb― D. Ş.) ayının 27-sidir. Bu gün (elə ― D. Ş.) bir yövmi-mübarəkdir (mübarək gündür ― D. Ş.) ki, aləmi-islamiyyətdə (İslam aləmində ― D. Ş.) ondan artıq, ondan müqəddəs, ondan əzizraq gün olmasın gərək (yəni, o gün ən müqəddəs gün sayılır ― D. Ş.).
Bu gün aləmi-islamiyyət (İslam aləmi― D. Ş.) üçün əziz və giramidir (dəyərlidir ― D. Ş.), onun üçün ki, bu gündə əqli-küll (ən kamil ağıl sahibi ― D. Ş.) olan nəbiyyi-möhtərəmimizin (hörmətli Peyğəmbərimizin ― D. Ş.) yövmi-cülusi (Peyğəmbərliyə seçilməsi günü ― D. Ş.) olub, cümlə müsəlmanların zəlam (zülmət ― D. Ş.) və heyrət (çaşqınlıq ― D. Ş.) vadisindən xilas olaraq, nuraniyyət və mərifət bağçasına keçdikləri gündür.

Bu gün haman gündür ki, onda, dəryayi-cəhl və vəhşətdə müstəğrəq (nadanlıq və qorxu dəryasında qərq ― D. Ş.) olan ərəblərə mərhəməti-ilahi nazil olub, tarixi-bəşəriyyətdə (bəşəriyyət tarixində― D. Ş.) şəşəəli (parlaq ― D. Ş.) bir səhifə ittixaz etməklərinə (seçmələrinə ― D. Ş.) səbəb olan Məhəmməd ibn Abdullah əleyhissəlam həzrətləri cümlə insanları vadiyi-cəhalətdən qurtarıb, elm və mərifətə irişdirmək üçün məbus oldu (seçildi ― D. Ş.).

Bu yövmi-mübarək (mübarək gün ― D. Ş.) haman gündür ki, bunda cəhalət və səfalət ucundan illər müddəti ilə gizlin olub, təcəlli etməkdən məhrum qalan nuri-həqqaniyyət (həqiqət nuru ― D. Ş.) cilvələnib, zülmətpərəst olan xəffaş təbilərə (yarasa təbiətlilərə ― Ş. H.) dünyanı daraltdı.

Bu gündən əsasi-islam (İslamın əsası ― D. Ş.) olan hüquqpərəstlik la ilahə illəllah cümlə həqiqətkaranəsi (həqiqəti bəyan edən “la ilahə illəllah” sözü ― D. Ş.) ilə işar edilib (ehtimal ki, “intişar edib”dir və bu zaman mənası “yayıldı” olacaq― D. Ş.) cəhaləti-məhz və küfran olan bütpərəstlik fəsxinə (məhv edilməsinə ― D. Ş.) hökmü-ilahi (ilahi hökm― D. Ş.) sadir oldu.

İslamiyyət nöqteyi-nəzərindən bu günün nə qədər heysiyyəti varsa, insaniyyət nöqteyi-nəzərindən də bir o qədər var və bəlkə daha da artıqdır.

İslam dininin vəzi (yaranması ― D. Ş.) ilə bir çox insanlar təriqi-zəlal (zəlalət və azğınlıq yolu― D. Ş.) və əsəbiyyətdən (təəssübkeşlikdən― D. Ş.) qurtarıb, rahi-nicat (nicat yolu― D. Ş.) və fəlahə (qurtuluşa― D. Ş.) düşdüyünü heç kəs dana bilməz, zənn ediyorum.

Bu gün aləmi-insaniyyətdə öylə bir müəzzəm günlərdəndir ki, onun misli tarixlərdə az-az tapılar, bəlkə də heç tapılmaz.

Başdan-ayağa qərqi-istibdad və cəhalət (istibdad və cəhalətə qərq― D. Ş.) olub güzəranlarını qətl və qarət ilə keçirdən, təəssüb ucundan öz doğma balasını diri-diri yerə basdıran bədəvi ərəblər arasında dini-islam kimi insaniyyətpərvər, ədalət və musavatgüstər (bərabərliyi yayan― D. Ş.), maarif və həqaniyyətamiz bir məslək icad edən nadir vücudun (yəni İslam Peyğəmbərinin― D. Ş.) bu gün yövmi-məb`usidir (elçiliyə seçilmə günüdür― D. Ş.), yəni risaləti-insaniyyətkaranəsini (insanlığa yönəlmiş vəzifəsini, peyğəmbərliyini ― D. Ş.) təbliğ etməyə başladığı gündür.

Lakin, heyhat! O gündən başlanıb, təbliğ edilən o əmr və nəhyi-müqəddəsini (müqəddəs əmr və qadağalarını― D. Ş.) yadımızdan çıxartdığımız kimi, bu yövmi-müqəddəs və müəzzəzi də fəramuş etmişiz! (unutmuşuq― D. Ş.)

Adımızı müsəlman qoyuruz, lakin islamiyyətin nə tarixindən, nə üsulundan, nə füruindən (hüquq və şəriətindən― D. Ş.) və nə də mühəssənatından (İslam əxlaqı və gözəlliklərindən― D. Ş.) xəbərimiz yoxdur.

İslamiyyət, hürriyyəti-məhz olub, hər bir əsası ictimaiyyət üzrə bina olunduğu bir zamanda (halda― D. Ş.), biz istibdadpərəst oluruz. Quran bizə “və şavirhum fi-l-əmri” (İşdə onlarla məsləhətləş― D. Ş.) buyurduqda, biz üsuli-keyfə ma yəşau (necə oldu-oldu prinsipi ― D. Ş.) dalınca gediriz. Cəmi taifələr dinimizin üsullarından olan hürriyyət və ittihadi-beynəlmiləli (beynəlxalq qardaşlıq― D. Ş.) ararkən, bizlər istibdad və nifaqı axtarıyoruz.

Müsəlmanlar! Bəsdir, bu qədər özümüzdən bixəbər qaldığımız! Bəsdir, dinimizə olan kəmetinalığımız. Dinimizə diyoram, dinimizə, o dinə ki, onun cümlə üsulu və ərkani (əsasları― D. Ş.) ictimaiyyət, məhz və məhz ictimaiyyətdir.

Hər bir müsəlman gərək bu gündə tətili-əşğal (işləməyi tərk― D. Ş.) edib, istər islamiyyət, istər insaniyyət naminə bayram eləsin!

Bəndə isə (Rəsulzadə özünü nəzərdə tutur― D. Ş.) İrşad qəzeti heyəti-təhririyyəsi (redaksiya heyəti― D. Ş.) tərəfindən cümlə qareini-kiramini (əziz oxucuları― D. Ş.) bu yövmi-məsud (xoşbəxt gün münasibəti) ilə səmimi qəlbdən təbrik edib, xətmi-kəlam ediyoram (sözümü bitirirəm).

-------------

M.Ə.Rəsulzadə
İrşad, № 208, 4 sentyabr 1906

Hazırladı: Dilman Şahmərdanlı.
(Məqalə “Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərləri” kitabından (Ş. Hüseynov hazırlayıb) götürülmüş və üzərində işlənmişdir)


Teqlər:





Xəbər lenti