ABŞ siyasətinin gizli alman şifrəsi – DOSYE

ABŞ siyasətinin gizli alman şifrəsi – DOSYE
  20 Avqust 2015    Oxunub:11562
II Dünya Müharibəsi zamanı nasist Almaniyası bütün xəttlərdə ABŞ-ı gizlicə dinləyirdi. Alman kəşfiyyatının “Enigma” vasitəsilə ötürdükləri şifrələri isə Amerika qıra bilmirdi. Alman kəşfiyyatından qaça bilməyən Amerika bunun həllini axtarmağa başladı. Belə qərara gəlindi ki, radio ötürücülərdə hindular nəzarətçi qoyulsun və onlar da şifrəli mesajlar göndərərkən hindu dilində danışsınlar. Məhz bu addımdan sonra Alman kəşfiyyatı ABŞ-a məxsus heç bir şifrəni aça bilmədi, çünki bu dili bilən mütəxəssis yox idi.

Lakin sonradan ingilis riyaziyyatçısı və mühəndisi Alan Turing qəliz şifrə maşını “Enigma”nın kodlarını qıra bildi. Alman şifrə mexanizminin çox güclü olduğunu sübut edən faktlara gəldikdə isə, müharibə bitən kimi dərhal ABŞ və Britaniya tərəfindən alman şifrə və kod mütəxəssislərinin tapılması üçün verilən məxfi tapşırığı misal çəkmək kifayətdir.

Birləşmiş Ştatlar alman şifrə mexanizmini dərindən öyrəndikdən sonra 1947-ci ildə kod adı “Echelon” olan gizli elektron izləmə, xəbərləşmə və səs yazısını qeydə alan proyekti reallaşdırmağa başladı. Bu məxfi proyektlə bağlı ABŞ, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya arasında “UKUSA” müqaviləsi imzalandı. Nəyahət, 1971-ci ildən istifadə olunmağa başlanılan “Echelon” vasitəsilə dünya üzrə təqribən bütün telefon danışıqlarını, internet bağlantılarını, e-poçt yazışmalarını, faks əlaqələrini, kredit kartı xərcləmələrini, istifadəçinin bankla bağlı bütün detallarını nəzarətə götürmək mümkün oldu.

“Echelon” 1952-ci ildən bəri prezident Harri S.Trumanın tapşırığı ilə yaradılmış Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarəti və istifadəsi altındadır. Ümumiyyətlə, 50 ölkədə, eləcə də 175 mərkəzdə yerləşən “Echelon” vasitəsilə ABŞ Avropadakı telefon danışıqları, faks və elektron bağlantıların 90%-ni çox rahat dinləyə bilir. Əgər təhlükəli nəsə danışsanız, səs dərhal “Echolon” tərəfindən qeydə alınır və mətnə dönüşdürülür, həmçinin bu sistem bütün səsləri kimə məxsus olduğunu asanlıqla ayırd edə bilir. Məsələn: Abdulla Öcalan, Səddam Hüseyn və Usama Bin Ladenin ələ keçirilməsində sistemin böyük rol oynadığı deyilməkdədir. Qeyd etmək lazımdır ki, “Echelon” davamlı olaraq modernizasiya edilir. Məhz belə qurğuların köməkliyilə Amerika çox asanlıqla Avropa dövlətlərini dinləyir.



`BND`-nin Ağ Evdən gələn qara tapşırıqları

II Dünya Müharibəsi bitdikdən sonra ABŞ nasist kəşfiyyatçılarından öz məqsədləri üçün istifadə etməyə başladı. İlk belə şəxslərdən biri də nasist general-mayoru, Şərq cəbhəsinin kəşfiyyatçılar qrupunun rəhbəri Reyhard Gelen idi.

Reynhard Gelen həm Almaniya tarixində, həm də ABŞ-ın Almaniyaya bağlı casusluq şəbəkəsində müstəsna rol oynayıb. 1946-cı ildə ABŞ-ın razılığı ilə Almaniyaya göndərilən Gelen və komandası SSRİ əleyhinə kəşfiyyat işlərinə başlayır. O, mütəmadi olaraq Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə hesabat verirdi.

Gelenin təşkilatı 1949-cu ildə ADR-in yaranması ilə böyük əhəmiyyət daşımağa başladı. ABŞ Gelenin təsirilə ADR hökumət üzvlərini Vaşinqtona işləməyə məcbur edirdi. Məsələn, ADR-in baş naziri Otto Grotevol, nəqliyyat naziri, sonradan isə ADR-in daxili işlər naziri kimi çalışmış Ernest Vollberde, eləcə də bir çox yüksək rütbəli şəxslər CİA-ya işləməyə məcbur edilirdi.

Nəhayət, Reyhard Gelenin rəhbərliyi ilə 1955-ci ildə Federal Təhlükəsizlik Xidməti, yəni BND yaradıldı. BND-nin tərkibində Baş Qərargahın keçmiş rəisinin oğlu Haynz Günter Quderian, Kayzer generalının qardaşı oğlu polkovnik Lundendorf, nasist Vermaxtının keçmiş generalı Adolf Hoyzinqer kimi şəxslər toplanmışdı. Adolf Hoyzinqer sonradan Bundesverin Baş İnspektoru vəzifəsini tutmuşdu. BND ilk illərdən effektiv çalışmağa başladı.

`Bizim sahibimiz başqasıdır`

ABŞ Almaniyanın dövlət rəsmilərin gizli dinləyir, hətta kanslerin iş binasından informasiya əldə edə bilir, ən yüksək çinli dövlət məmurlarının şəxsi telefonunu belə dinləyir. Görünən odur ki, alman xüsusi xidmət orqanlarının bu haqda xəbərdarlığı var, amma BND bu haqda açıqlama vermək istəmir. Gizli dinləmə olayları ilə bağlı faktları ya Edvard Snouden açıqlayır, ya da alman mediası. BND isə qeydsiz-şətsiz Vaşinqtona, yəni sahiblərinə çalışır.



Almaniya ilə Amerika arasında maraqlı yarış gedir. I Dünya Müharibəsi zamanı Almaniya öndə idi, sonra ABŞ qabağa keçdi; II Dünya Müharibəsi başlayana və ortalarına qədər Almaniya güclü idi, sonra yenə ABŞ önə keçdi və nəticədə Almaniya tarixi güc estafetini Ağ Evə ötürdü. Almaniyanın təkrar önə çıxmaq istəyinin ilk təməli Helmut Koldan başladı, kansler Gehard Şröder dönəmindən düz yola çıxmağı qərarlaşdırdılar. Nəhayət, Angela Merkelin kanslerlik fəaliyyətilə o yolda hərəkət etməyə başlayıblar.

Amma bu dəfə Vaşinqtonun Berlin üzərində təsiri çox böyükdür, çünki 1945-ci ildən başlayaraq Amerika Almaniya dövlət sisteminə tamamən oturuşub. Cismən okeanın o tayında olan Amerika ruhən Branderburg qapılarının üzərindəki Almaniyaya nəzarət edən atlı nəzarətçiləri xatırladır.

Ümumiyyətlə, ABŞ-ın sonradan Almaniyaya dönməsi sanki, alman köklü amerikalıların təkrar öz yurdlarına dönməsinə bənzəyir. Bu dönüş ulu balaları alman olanların Avropaya, yəni əcdadlarının yurduna, amma amerikalı simasında dönüşüdür. 2000-ci ildə ABŞ-da əhalinin siyahıya alınmasının nəticələrinə görə, 49,2 milyon şəxs alman köklü olduğunu bildirib. Beləliklə, almanlar ABŞ-da ən iri milli qrupa sahibdirlər. Bəlkə də, tarixin siyasi ironiyasıdır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti