Bölgələrdə vəkil qıtlığı - ARAŞDIRMA

Bölgələrdə vəkil qıtlığı - ARAŞDIRMA
  11 İyun 2013    Oxunub:5319
Aqil Babayev Lerik rayonunda yaşayır. Onun bu günlərdə Bakıya təşrif buyurmasının səbəbi vəkil axtarışında olmasıdır . Həmsöhbətim deyir ki, Lerikdə əməlli-başlı vəkil qıtlığı yaşanır:

- Məhkəmələrə tez-tez yolum düşməsə də, şeytana lənət, yenə hərləndim-fırlandım, bir mülki məsələyə görə yolum məhkəməyə düşdü. Amma di gəl ki, rayonumuzda gərək gündüz çıraq götürüb, vəkil axtarırsan. Nə savadım, nə də ki səlahiyyətim özümü müdafiə etməyə imkan verir. Axır əlacım kəsilib bir başa Bakıya üz tutmuşam. Amma bunun da daha mənə nə faydası olacaq ki - yol xərcim, vəkilə verəcəyim pulun çoxluğu məni məhkəmədən vaz keçməyə məcbur edir. Nə edim, başqa çarəm yoxdur. Heç olmasa, rayonumuzda bir neçə normal vəkil olsa idi, mən o boyda yolu durub Bakıya gəlməzdim. Buradakı qiymətlər od tutub yanır. Yuxarı baxsan bığ, aşağı baxsan saqqal.

Niyə rayonlarmızda vəkil qıtlığı yaşanır? Məsələnin kökündə nələr dayanır?

Saatı 2 manata...

Hazırda Azərbaycan Vəkillər Kollegiyasının 738 nəfər üzvü var ki, onların da yarıdan çoxu Bakıda fəaliyyət göstərir. Vəkillər Kollegiyasının məlumatına görə, Bakı şəhərində vəkillərin sayı 544, rayonlarda isə 194 nəfərdir. Bölgələrin bəzilərində 2-3 vəkil var, bəzilərində isə ümumiyyətlə, yoxdur. Azərbaycanın 6 cənub rayonunda cəmi 20-yə yaxın kollegiya üzvünün olduğu bildirilir. Azərbaycanda yalnız Vəkillər Kollegiyasının üzvləri məhkəmələrdə cinayət işlərilə bağlı proseslərə çıxa bilərlər. Kollegiyanın üzvü olmayanların isə fəaliyyətləri ancaq mülkü işlərlə məhdudlaşır. Üstəlik, kollegiya üzvü olmayanların mülkü işlərdə də iştirakında məhdudiyyətlər var. Onlar birinci instansiya məhkəmələrində vəkil kimi fəaliyyət göstərə bilər, Ali Məhkəmədəki proseslərə isə qatıla bilməzlər.

"Azərbaycan Hüquqi İslahatları Mərkəzi" ictimai birliyinin baş koordinatoru,hüquqşünas Fərhad Nəcəfov bildirir ki, regionlarda vəkillərin sayının aşağı olması bir sıra faktorlarla bağlıdır:

- İlk olaraq, vəkillərin maddi təminatı lazımi səviyyədə deyil. Belə ki, dövlət tərəfindən vəkilə ödənilən məbləğin çox aşağı olması, bu məbləğin alınmasının mürəkkəbliyi vəkilin həmin işi aparmaqda marağının olmaması ilə müşayiət edilir və məsələnin həlli yalnız vəkilin təşəbbüskarlığının ümidinə qalır. 2010-cu ilədək vəkillərə göstərilən hüquqi yadımın hər saatına görə 90 qəpik ödənilirdisə, Prezidentin 2005-ci il “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri barədə” Fərmanın dövlət hesabına hüquqi yardımın göstərilməsi üzrə ödənişin artırılması məsələsinin həlli barədə tapşırığının nəticəsi olaraq bu məbləğ Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı Qərarına əsasən, 2 manata qədər artırılıb. Məbləğin, əlbəttə ki, vəkilləri qane etməməsinə baxmayaraq, ümid var ki, bu məbləğin artım tendensiyası davam etdirilərək vəkillərin ehtiyacları ilə uzlaşdırılacaq.

Hüquqşünas bildirir ki, maddi və sosial problemlərin siyahısında vəkillərin sosial təminat məsələlərinin digər qurumlarla müqayisədə qənaətbəxş olmaması da var:

- Bu isə öz növbəsində, ölkədə ümumən vəkillərin sayına mənfi təsir göstərən faktorlardandır. Bir məqam diqqətə çatdırılmalıdır ki, 1997-ci il tarixli “Sosial sığorta haqqında” Qanuna əsasən, vəkillər məcburi dövlət sosial sığorta haqqını ödəyən subeyktlərin dairəsinə daxildir və paradoksal məqam ondan ibarətdir ki, hüquq-mühafizə fəaliyyətini həyata keçirən subyektlərdən fərqli olaraq vəkillərin ödədikləri aylıq məcburi sosial sığorta haqqları daha yüksəkdir (prokurorlar, müstəntiqlər, digər HMO işçiləri və dövlət qulluqçuları – 3%, vəkillər – 20%). Hər kəsə məlumdur ki, vəkilliyin müstəqil təsisat və peşə olmasına baxmayaraq, bu sahənin digər bir funksiyası dövlətin insan hüquqlarının müdafiəsi üzrə siyasətinin həyata keçirilməsi ilə birbaşa bağlıdır. Bu baxımdan, vəkillərin sosial müdafiəsinin daha səmərəli təşkili üçün bərabər imkanların yaradılması zəruridir.

Dövlət tərəfindən hüquq-mühafizə orqanları, istintaq orqanlarına vəkil təyin edəndə onlara ödəniş çox az verilir. Rayonlarda maddi durum aşağıdır. Vəkilə müraciət edənlər pul ödəmirlər, vəkil də bu səbəbdən Bakıya gəlir.

Gənc vəkillər Prokurorluğa, Ədliyyəyə gedirlər

F.Nəcəfovun sözlərinə görə Vəkillərin sayı qəbul proseduru ilə də bağlıdır:
- Vəkillik haqqında qanunvericiliyimizə əsasən, 3 illik hüquq stajına malik şəxslər Kollegiyanın üzvlüyünə sənəd verə bilərlər. Ali təhsilini yeni başa vurmuş hüquqşünaslar üçün bu staj senzi onları məcbur edir ki, daha rahat sənəd verilə bilən orqanlara – prokurorluğa, ədliyyəyə və s. mürciət etsinlər. Göründüyü kimi, 3 illik hüquq stajı ilə bağlı qanunun bu müddəası gənc hüquqşünasların vəkilliyə qəbuluna maneə yaratmaqla, onların belə stajı tələb etməyən hüquq-mühafizə orqanlarına axınına təkan vermiş olur. Digər tərəfdən bu gün ölkəmizdə hüquq təhsilinin səviyyəsinin qənaətbəxş səviyyədə olmaması da vəkillərin, ümumiyyətlə əsl hüquqşünasların sayına təsirsiz ötüşmür.

...Geri qalırıq

Adambaşına düşən vəkil sayına görə Azərbaycan inkişaf etmiş Avropa ölkələrindən, hətta Cənubi Qafqaz respublikalarından geri qalır və bu, keyfiyyətli hüquq xidmətlərin göstərilməsi və ədalət mühakiməsinin həyata keçirilməsində əsas əngəllərdən biridir. Vətəndaşların konstitutsion hüquqlarının effektiv həyata keçirilməsi üzrə Avropa Şurasının Azərbaycanda vəkillərin sayının artırılması, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tövsiyələrinə əsasən, 2005-ci ildən bu günə kimi vəkillərin sayı 370-dən 824-ə, yəni 2,3 dəfəyədək artıb.

Bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına əsasən, Azərbaycan digər ölkələlə müqayisədə adambaşına düşən vəkil sayına görə hələ də geri qalmasına baxmayaraq, bu çatışmamazlığın aradan qaldırılması məqsədilə vəkilliyə namizədlərin seçimi davam etdirilir.

Dövlətin özü də vəkillərinin sayının artırılmasında bilavasitə maraqlıdır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni məhkəmələrin yaradılması nəzərə alınaraq, vəkillərin sayının artırılması məsələsinə baxması və regionlarda əhaliyə göstərilən hüquqi yardımın səmərəliliyinin artırılması üçün tədbirlər görməsi tövsiyə edilib.

İmtahan ləğv edilsin?

Vəkil Aydın Kərimov vəkil qıtlığı probleminin digər tərəfini isə bölgələrdə müştərilərin sayının az olması ilə izah edir:
- Hazırda elə bölgələr var ki, orada heç vəkil yoxdur. Səbəblərdən biri kimi deyə bilərik ki, bölgələrdə vəkil üçün müştəri çox deyil. Çünki insanların pul ödəmək üçün vəsaitləri o qədər də çox olmur. Məsələn, Daşkəsəndə bir vəkil ay ərzində cəmi 4 məhkəmə prosesində iştirak edirsə, hər birindən 100-150 manat alsa, ayda 400-500 manat qazanmış olur. Yəni maddi tərəfi təmin olunmur.

Hər hansı bir müddətdə vəkillərin sayını artırmaq üçün vəkillliyə imtahan sayını azaltmaq və sadələşdirmək olar. Heç imtahan olmaya da bilər. Vaxtilə hakim, polis, eləcə də prokurorluqda müstəntiq işləmiş adamların hamısını imtahan vermədən ora qəbul etmək olar ki, bu da vəkillərin sayını artırmağa kömək edə bilər. Xüsusilə də əlaqəli sahələrdə təqaüdə çıxan bir çox peşəkarlar var vəkil kimi işləyə bilərlər, amma onlar imtahan verməkdən çəkinirlər. Baxmayaq ki, onların bu sahədə təcrübəsi daha çoxdur. Çünki hazırda 1000-ə qədər vəkil var, amma onların sayı 5000 min ola bilər.

Məhkəmələr rayonlara qeydiyyat olunmur, rayon vəkili olmuş adamların - məsələn, Daşkəsənin, Xanların vəkilinin ofisi Gəncədə ya da Bakıda olur. Onların ofisi rayonda yerləşmir ki, insanalar gəlib məsləhət, hüquqi yardım ala bilsinlər. Lerikdə, məsələn, rəsmi sənəddə vəkil var, amma onun ofisi ya Lənkəranda ya da ki, Cəlilabadda yerləşir.


Vəkil qıtlığı Məclisdə müzakirə edilə bilər


Millət vəkili Çingiz Qənizadə hesab edir ki, vəkillərin imtiyazlarını artıracaq qərarların qəbul olunması vacibdir:

- Vəkilliyə qəbul qaydalarının şərtləri çox ağırdır. Rayonlarında vəkillərin sayının artırılması üçün müəyyən güzəştli addımlar atılmalıdır. Testlə imtahan verərkən onların balı ilə şəhərdə işləyənlər arasında müəyyən fərq yaratmaq lazımdır ki, vətəndaşlar yaxşı səviyyəli vəkil ilə təmin olunsun. Yoxsa vətəndaşlar başqa rayonlara getməli olurlar, əlavə xərc çəkirlər, çox baha qiymətə başa gəlir, bu da təbii ki, insanların cibinə təsir edir. Bütün bunları nəzərə alıb müzakirə etmək lazımdır.

Kənd yerlərində işləyən vəkillərə müəyyən imtiyazlar və güzəştlər olmalıdır ki, onlar rayonlarda qalıb işləməyə razılıq versinlər . Bu gün Azərbaycanın hər bir rayonunda 3-5 hüquqşünas var və onlar da təhsil aldıqdan sonra şəhərlərdə məskunlaşır. Kənddə 200 manat müqavilə bağlayıb işləyən vəkil bu müqaviləni Bakıda 500-1000 manata bağlaya bilir. Təklif edərdim ki, şəhərlərdə gəlirin 40-50%-i sonradan vəkillərin özünə qaytarılsın, rayon və kəndlərdə isə müqavilənin 70%-ni vəkillərin əmək haqqı üçün saxlamaq olar.

Bundan başqa, onların notariatda işə qəbul olması, məhkəmədə çalışması üçün 5 illik təcrübə tələb olunursa, kənd və rayonlarada vəkil işləyənlər üçün bu həddi 3 ilə endirmək olar. Məsələ Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına ünvanlanmalıdır.
“Bəzən vəkil azlığından hakimlərin də çətinlikləri olur. Vəkil olmadıqda, işlər dəfələrlə təxirə salınır. Bu məsələni bir layihə şəklində Milli Məclisdə müzakirə etmək olar. Vəkillik fəaliyyəti haqqında qanunda və digər əsasnamələrdə dəyişiklik oluna bilər”,- deyə Qənizadə bildirib.

Şahanə Rəhimova

Qeyd: Yazı GİZ-in elan etdiyi "Azərbaycanda ədalət mühakiməsinə çatımlılıqla bağlı aktual vəziyyət" mövzusunda müsabiqəyə təqdim olunur




Teqlər:  





Xəbər lenti