Ə, Surxay, dur rədd ol bayıra! - Habil Əliyevin lətifələri

Ə, Surxay, dur rədd ol bayıra! - Habil Əliyevin lətifələri
  09 Sentyabr 2015    Oxunub:89513
Azərbaycanın Xalq artisti, tanınmış kaman ustası Habil Əliyev uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.
88 yaşında vəfat edən sənətkarın zarafatları, maraqlı lətifələri uzun illərdir musiqiçilər, ziyalılar arasında gəzib dolaşmaqdadır.

AzVision.az mərhum Kaman ustasının bir neçə lətifəsini oxuculara təqdim edir.

- Sovet dönəmləriydi. Yayın cırhacırında Bakıdan Qubadlının kəndlərindən birinə kolxozçular üçün konsert veməyə getmişdik. Klubda adamlar ət-ətə durmuşdular, içəri boğanaq idi. İlk çıxışı mənə verdilər. Elə kamançanı təzəcə çalmağa başlamışdım, gördüm nəfəs ala bilmirəm. Bir az da tox olduğumdan ürəyim ağzıma gəlirdi. Bu, azmış kimi birdən içərini üfunət iyi bürüdü. Hava lap dözülməz oldu.

Qabaq cərgədə oturmuş kolxoz sədri mənim bərk narahat olduğumu görüb ayağa durdu və geri dönüb ucadan qışqırdı: Ə, Surxay, dur rədd ol bayıra!

***

-Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub?
Nazim Ağayev gileylənir:

- Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.

Habil Əliyev zarafatla deyir:

- Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!

***

- Bir dəfə rəhmətlik tarzən Qurbam Pirimov bazardan kəllə-paça alıb çıxanda qocaman tarzən Paşa kişiylə rastlaşır.

Paşa kişi maraqla soruşur:

- Bu nədi belə almısan?

Qurban Pirimov keçir zarafata:

- Paşa kişi kəllə-paçadır, ancaq heç bilmirəm bunu necə bişirirlər.

Paşa kişi deyir:

- Həri? Əntiqə! Apar bunu əntiqə ütdür, əntiqə parçalasınlar, töksünlər qazana, gecədən səhərəcən asta-asta əntiqə qaynasın. Səhər dur, bunu sirkə-sarımsaqla ye, gör nədir?

Qurban Pirimov:

- Əşşi, Allah səni hardan yetirdi. Nə yaxşı mənə rast gəldin, yoxsa kəllə-paçanı aparıb elə tüklü-tüklü yeyəcəkdim.

***

- Biz tərəfdə bir kişi vardı, adını çəkmək istəmirəm. Çox qorxaq adam idi. Gecə evdən tək çıxa bilməzdi. Soyuq, qaranlıq qış gecələrinin birində o, həyətə subaşına çıxmaq istəyir, amma qorxur. Arvadını məcbur edir ki, onunla çölə çıxıb yanında lampa tutsun.

Kişinin işi uzun çəkir, əlində lampa tutan arvad isə soyuqdan tir-tir əsir. Kişi dillənir:

- Arvad!

Soyuqdan dişləri bir-birinə dəyən arvad öləzimiş səslə cavab verir:

- Həəə, nə var?

Kişi deyir:

- Deyirəm nə oğurluğa getməli havadır…

***

- Biz Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda tələbə yoldaşım, istedadlı müğənni Qulu Əsgərov dirijorluqdan dərs deyən İsrafilzadənin dərsinə girməzdi.

Bir dəfə İsrafilzadə dəhlizdə onu yaxalayıb deyir:

- Qulu, sən mənim dərsimə bir dəfə də girməmisən, imtahanda sənə qiymət yazmayacağam.

Qulu Əsgərov onunla razılaşır:

- Haqlısınız müəllim, gərək bir dəfə sizin dərsə girəm.

***

-Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində özünü şirin salmaq üçün düşür bunun dalına... taa o yerə qədər ki - liftə minəndə də əl çəkmir... düymələrini də özü basır sənətkarın mərtəbəsinin hər dəfə... dərdi də o olur ki, Habil bunu tərifləsin... o da tərslikdən tərifləmir... axırda gənc bezikib, sırtıqcasına utana-utana soruşur:

- ustad, mən necə kamança çalıram...?

- onu deyə bilmərəm oğul, amma iki-üç gündü babat lift sürürsən...

***

- Altmışıncı illərdə yevlaxlı Abbasqulu ağa adlı bir tarzən vardı, tez-tez dəstəsiylə birgə onu toylara çağırırdılar. Bir gün Yevlaxda Abbasqulu ağanın qarnı ağrıya düşübmüş. Nə qədər eləyirsə, qabağını ala bilmir. Axırda həkim çağırmalı olur. Həkim gəlib ona bir-iki dərman yazır və deyir:

- Abbasqulu ağa, bu dərmanları üç gün qəbul elə, ağrın keçib gedəcək.

Zarafatcıl Abbasqulu ağa dillənir:

- Ay rəhmətliyin oğlu, üç gün nədir, yarım saata mənim qarın ağrımın qabağını alırsan al. Almasan, Yevlaxı p..x aparacaq

***

- Habil Əliyev Lütfiyar İmanovu rayonların birində toy məclisinə göndərir, ona qarşılığında yüksək məbləğdə zəhmət haqqı veriləcəyini söyləyir. İmanov rayona çatanda deyilən ünvana gedir. Məlum olur ki, nə toy var, nə dəvət.

Bunun Habilin bir zarafatı olduğunu başa düşüb kor-peşman Bakıya qayıdır. Flarmoniyada Habili görən kimi ona tərəf yüyürür ki, ürəyini boşaltsın. Habil cəld aradan çıxıb özünü bayıra atır, taksiyə oturur. İşıqforda taksiyə çatan Lütfiyar maşının sürücü olan pəncərəsinə özünü yetirir və yazılası mümkün olmayan “ürək sözlərini” deyir.

Habil Lütfiyarın ürəyini tamam boşaltmasını gözləyir, sonra isə ona aid deyilmiş kimi sakitcə sürücüyə tərəf dönüb deyir:

- Qardaş, sizin nə pis zarafatınız var…

***

- Çayxanada oturub çay içirdim. Bir nəfər gəldi ki, “Habil müəllim, yaxşı ki, sizə rast gəldim. Eşitmişəm öd kisənizdə daş var, sizi otlarla müalicə edəcəyəm”.

O, torbasından müxtəlif qurudulmuş otlardan çəngələyib mənə verdi və sonra da necə istifadə etməyi öyrətdi. Mən ondan soruşdum:

- Qardaş, sən həkimsən, yoxsa türkəçarə ilə məşğulsan?

O, dedi:

- Hə, hə Habil müəllim, həkiməm, mal həkimi...

***

- Bir dəfə Habil Əliyev Ağdaşa, qardaşıgilə qonaq gedir. Qardaşı deyir ki, Ucarın Qızılqumlaq kənində bir qohumları rəhmətə gedib, mütləq yas yerinə baş çəkmək lazımdır. Gedirlər hüzr yerinə. Orda məlum olur ki, uzun illər dəmir yolunda fəhlə işləmiş rəhmətliyi qatar vurub öldürüb.
Hadisə belə olub: Rəhmətlik iki relsin arası ilə yolu yoxlaya-yoxlaya gedirmiş. Bu zaman qarşı tərəfdəki qonşu yolla qatar gəlirmiş. Demə həmin anda arxadan da başqa qatar yaxınlaşırmış. Arxadan gələn qatar nə qədər siqnal verirsə, rəhmətlik yoldan çıxmır, elə bilir siqnalı verən qarşıdan gələn qatardı. Beləcə o, qatarın altında qalıb ölür.

Habil Əliyev və qardaşı yas mərasiminən geriyə — Ağdaşa qayıdanda gecəyə düşürlər. Maşınla pambıqlığın arası ilə gedən torpaq yolla irəliləyərkən görürlər ki, yolu su basıb. Sən demə pambıqlığa buraxılan su yola axıbmış…

Sulu yolda maşın palçığa batıb qalır. Sözün qısası, maşını palçıqdan çıxarınca əl-ayaqları, üst-başları batır. Maşını güc-bəla ilə çıxarandan sonra qan-tər içində olan Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını tutub onun qarasınca deyinir:

— Ay rəhmətliyin oğlu, qatar siqnal verir, çıx yoldan qırağa də..!


Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti