Avropaya miqrant axınının gizlinləri – TƏHLİL

Avropaya miqrant axınının gizlinləri – TƏHLİL
  22 Sentyabr 2015    Oxunub:19721
Avropanın hazırda üzləşdiyi miqrasiya böhranı əslində 2007-ci ildə, Yaxın Şərq və Afrika ölkələrində ərzaq məhsullarının qiymətinin qalxması ilə başlayıb. Həmin dövrdə aclıq və yoxsulluq ucbatından Eritreya və Saharanın cənub ölkələrindən qaçqın axını Avropaya üz tutdu. Sonradan Əfqanıstan, Sudan, Somali və İraqda baş vermiş hərbi münaqişələr səbəbindən bu ölkələrin miqrantları da onlara qoşuldu. 2012-ci ildən etibarən isə Suriya və Liviyanın “ərəb baharı”ndan əziyyət çəkən insanları Avropaya üz tutdular.

2014-cü ilin statistikasına əsasən bu müddət ərzində Avropa ümumilikdə 33 milyon miqrant qəbul edib ki, bu da Avropa İttifaqı ölkələrinin əhalisinin 7 faizini təşkil edir. 2014-cü il ərzində Avropaya miqrasiya edənlərin sayı 626 min nəfər olub ki, bunun da 2/3 hissəsi Almaniya, İsveçrə, İtaliya və Fransada yerləşdirilib. Sığınacaq üçün müraciət edən Suriya vətəndaşlarıdır. Onlar miqrantların 20 faizini təşkil edirlər.

Multikulturalizmin sonu

Keçən əsrin sonlarında fərqli mədəniyyətlərin daşıyıcılarının bir-birinə qarşı hörmət və tolerantlıq ruhunda yaşamasını özündə ehtiva edən multikulturalizm ideyaları Avropanın bir çox dövlətləri üçün hakim ideologiyaya çevrildi. Multikulturalizm ideyalarının təbliği Avropa ölkələri ərazisində yaşayan müxtəlif mədəniyyətlərin daşıyıcılarının birlikdə firavan şəkildə mövcudluğuna hesablanmışdı.

Avropanın digər mədəniyyətlərə qarşı gözlənilməz humanistliyinin səbəbi var idi: Aİ rəhbərləri bu yolla günahlarını yumağa, Yuqaslaviyanın parçalanmasına gətirib çıxarmış hərbi münaqişənin nəticələrini unutdurmağa çalışırdılar. Belə ki, Avropa ilk dəfə məhz Yuqoslaviyadakı müharibədən sonra miqrant böhranı ilə üzləşmişdi. 1992-ci ildə Yuqoslaviyada baş vermiş qanlı münaqişədən xilas olaraq Avropanın qərbinə qaçan 697 min miqrant Aİ-dan sığınacaq istəmişdilər.



Həmin dövrdə Avropa liderləri müasir tarixdə ilk dəfə üzləşdikləri ən böyük mühacir axının yerləşdirilməsinin öhdəsindən gəldilər. Və məhz bu mühacir toplusunun yerli əhali ilə qaynayıb-qarışması üçün multikulturalizm siyasəti ortaya atıldı.

Lakin 2010-cu ildə Almaniya, Fransa, Böyük Britaniya və digər Avropanın aparıcı dövlətlərinin liderləri multikulturalizm siyasətini kəskin tənqid etməyə başladılar və millətçi-şovnist ideyaları dəstəkləməyə başladılar. Artıq Avropa 2007-ci ildə start götürmüş növbəti qaçqın axını ilə üzləşmişdi. Avropa ölkələri daha çox Amerikanın geosiyasi maraqlarına cavab verən “ərəb baharı”, yaxud Əfqanıstan və İraq kampaniyasının mənfi nəticələrinin yükünü öz çiyinlərində daşımaqdan imtina etməyə başladılar.

İdeoloji prioritetlərin dəyişməsi Avropa ölkələrində mühafizəkar, millətçi, kəskin sağçı siyasi təşkilatlar adlandırılan, əslində isə şovnizm və faşizm ideyalarını təbliğ edən siyasi qruplaşmaların populyarlığını artırdı.
Təsadüfi deyil ki, prezident İlham Əliyev çıxışı zamanı Avropada yaşanan mənəvi böhran, islamafobiya, ksenofobiya, irqçılıkdən söz açıb və “yenə də Avropada faşizm baş qaldırır?!” ritorik sualı ilə əslində ittifaq daxilində gedən proseslərə dəqiq qiymət verib.

Budəfəki miqrasiyadan kim uduzdu, kim uddu?

Miqrantlar Avropaya əsasən üç marşrut – qərb, mərkəzi və şərq marşrutları ilə daxil olurlar. Qərb marşrutu üzərində tikanlı məftillər çəkilmiş 6 metr hündürlüyü olan daş hasarla Mərakeşlə həmsərhəd olan İspaniyanın Seuta və Melilya anklavlarına keçidlə başlayır. Bu. ən təhlükəli və çətin marşrut hesab edilir.

Mərkəzi marşrut “ərəb baharı”ndan sonra liviyalılar tərəfindən “kəşf edilib”, Liviya sahillərindən İtaliya və Maltaya dəniz yolu ilə keçidlə başlayır. Hazırda liviyalılarla yanaşı Eritreya, Somali və Nigeriya qaçqınları bu marşrutdan istifadə edirlər. 2013-cü ildə qeyd olunan marşrutla hərəkət edən və göyərtəsində 1500 insan olan gəminin batması nəticəsində 360 nəfər həlak olmuşdu. 2015-ci ilin ilk üç ayı ərzində bu marşrutla hərəkət edən qaçqınlardan 1600 nəfəri qəza nəticəsində həyatlarını itiriblər.



Hazırda miqrantlar arasında ən populyar marşrut Türkiyənin Bodrum şəhərindən dəniz yolu ilə 6 km məsafənin qət edilməsilə Yunanıstanın Kos, Lesbos və Kios adalarına keçməklə başlayan şərq marşrutudur. Bütün dünyanı şoka salan dənizdə batmış və cəsədi sahilə çıxmış qaçqın uşaq Aylan Kürdinin şəkili də Bodrum sahilində türkiyəli jurnalist Nilufər Dəmir tərəfindən çəkilmişdi.

Əfqanıstan, İraq və Suriyadan olan yüzlərlə miqrant hər gün kiçik gəmilər vasitəsilə Türkiyədən Yunanıstana keçir, buradan Makedoniya-Serbiya-Macarıstan marşrutu ilə irəliləyirlər. Miqrantların sığınacaq üçün ən çox müraciət etdiyi ölkələr Almaniya, İsveçrə, Britaniya və Fransadır. Çünki bu ölkələrdə miqrantlara verilən müavinət digər Avropa ölkələrinə nisbətən daha yüksəkdir. 2013-cü ildən qüvvəyə minmiş Dublin prinsiplərinə əsasən əgər qaçqın sığınacaq tələb etdiyi ölkədən müsbət cavab almasa, ilkin müraciət etdiyi dövlətə qaytarılmaldır. Macrıstanın digər ölkələrə nisbətən daha çox əziyyət çəkməsi bununla bağlıdır. Qaçqınlar ilkin olaraq sığınacaq barədə müraciəti bu ölkədə verirlər.

Avropa miqrant axını ilə mübarizə yolları üzərində baş sındırarkən Türkiyə və Yunanıstandakı işbazlar üçün bu proses mühüm gəlir mənbəyidir. Belə ki, Bodrumdan Yunanıstana bir nəfər üçün keçid haqqı 1500 dollardır. 2015-ci il ərzində orta hesabla 500 min insanın keçdiyini nəzərə alsaq, bu, 750 milyon gəlir anlamına gəlir. Çoxsaylı qəzalara baxmayaraq qanunsuz keçidlərin davam etməsinin səbəblərindən biri də gəlirlə bağlıdır. Bir vacib məqam da qeyd olunmalıdır ki, miqrantlar heç də yoxsul insanlar deyil və müəyyən təminata malik olan şəxslərdir. Çünki, Yunanıstana daxil olduqdan sonra Almaniyaya qədər hərəkət üçün orta hesabla 4 min avro tələb olunur.



Suriyadan Avropaya miqrant axınından Türkiyə daha çox iqtisadi və siyasi divident əldə edir. Çünki Suriyadan Türkiyə ərazisinə keçənlər əsasən Əsəd rejiminə qarşı mübarizə aparan müxalifət tərəfdarlarıdır, bu isə o deməkdir ki, onların əksəriyyəti sünnidir. Bu amil deməyə əsas verir ki, türklər və səudilərlə eyni məzhəbdən olan böyük bir insan kütləsi Avropada yerləşdirilir. Bu, gələcəkdə dövlət maraqları üçün Avropanın ictimai rəyinə daxildən təsir imkanı yaradacaq diasporanın formalaşması deməkdir. Səudiyyə ərəbləri suriyalı soydaşları ilə onları bağlayan məzhəblərini unutmamaları üçün hər ehtimala qarşı Avropada məscid tikməyi təklif edirlər.

Yeri gəlmişkən qeyd edək ki, Avropa İttifaqı qaçqın problemi ilə məşğul olması üçün Türkiyəyə 1 milyard avro yardım ayırmaq niyyətindədir. Odur ki, prezident Ərdoğanın suriyalı qaçqınları qəbul etməyə hazır olduğunu bildirərkən milli maraqlarını ilk növbədə nəzərə aldığını əminliklə söyləmək olar.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti