Qurban kəsərkən bunlara mütləq diqqət edin

Qurban kəsərkən bunlara mütləq diqqət edin
  24 Sentyabr 2015    Oxunub:5776
Sabah İslam dininin ən müqəddəs bayramı olan Qurban bayramı qeyd ediləcək. Bu bayramı digərlərindən fərqləndirən əsas cəhət odur ki, həmin gün imkanı olan şəxslər tərəfindən Qurbanlıq heyvanlar kəsilərək ehtiyacı olan insanlar arasında paylanılır.
Qurbanlıq heyvanı kəsərkən də bəzi qaydalara əməl etmək lazımdır.

1. Heyvan kəsiləcəyi yerə incidilmədən gətirilməlidir.

2. Başı qiblə istiqamətinə çevrilməlidir.

3. Sol tərəfinə uzadılmalıdır.

4. Əgər mümkündürsə hər qurban sahibi qurbanını özü kəsməli, imkanı və vaxtı yoxdursa, yaxud kəsə bilmirsə, başqasına vəkalət verib kəsdirməlidir.

5. Qurbanlığı kəsənin müsəlman olması məqsədəuyğundur, amma heyvan yəhudi və xristianlara da kəsdirilə bilər. Çünki onlar əhli-kitab sayılır. Əhli-kitabın kəsdiyi isə yeyilə bilər.

6. Qurbanın yiyəsi qurban kəsilərkən orada hazır olmalıdır.

Bu şərtlər yerinə yetirilməsə də qurban qəbul olunur, lakin bunlara əməl etmək ibadətin savabını daha da artırır.

Bıçaqla heyvanı kəsərkən "Bismillahi Allahu əkbər" deyilməlidir. Qurbanı vəkili kəsərsə, qurban sahibi də bu duanı təkrar edə bilər.

Qurbanlıq heyvanın qanı axıdılmalıdır. Camış, öküz, inək, qoyun və keçi cinsindən olan qurbanlıqlar yerə uzadılaraq çənələrinin altından kəsilir. Dəvə isə ayaq üstə sol qabaq ayağı bağlanaraq sinəsinin üstündən kəsilir. Heyvanı kəsərkən əvvəlcə boğazının iki tərəfindəki şah damarları, yem və yemək borusu kəsilir və qanın axması üçün bir müddət gözlənilir.

Heyvana əziyyət verməmək məqsədilə onu elektrik cərəyanı ilə öldürmək olmaz, ancaq heyvanı bayıldıb sonra kəsmək olar. Çünki bayılan heyvan ölmür. Həyatı davam edir, ancaq kəsiləndən sonra qanı axır və ölür.

Qurban kəsənin bu ibadətinin qəbula keçməsi üçün qurbanlıq heyvanla və bu heyvanın kəsilməsiylə əlaqəli bəzi şərtləri yerinə yetirməlidir. Bunlar aşağıdakılardır:

1. Qoyun, keçi, inək, öküz, camış və dəvə qurbanlıq heyvan kimi kəsilə bilər. Toyuq, qaz, ördək, xoruz, dəvəquşu, ceyran, maral və s. heyvanlar qurbanlıq sayılmır. Qurbanlıq heyvanların erkək və ya dişi olmasının, rənginin ağ, qara və s. olmasının heç bir fərqi yoxdur. Qoyun və keçini ancaq bir nəfər kəsə bilər. Yığışıb pul qoyub qoç, keçi və qoyun alıb qurban kəsmək olmaz. Ancaq yeddi nəfəri keçməmək şərtiylə yığışıb inək, öküz, camış, dəvə almaq və həmin adamların adından qurban kəsmək olar.

2. Qoyun və keçi cinsindən olan heyvanlar bir yaşını keçəndən sonra qurban kəsilə bilər. Ancaq bəzi İslam alimləri qoyunun kilosunun bir yaşında olan qoyuna uyğun gələrsə, altı ayı tamam olan quzunun qurban kəsilə biləcəyini bildirirlər. İnəyin, öküzün və camışın iki yaşı, dəvənin isə beş yaşı tamam olandan sonra kəsilə bilər.

3. Qurban edilən heyvan sağlam olmalı, orqanları yerində olmalıdır. Xəstəliyi, zəifliyi, bəzi orqanları əksik olan heyvanı qurban kəsmək olmaz. Məsələn, bir və ya iki gözü kor, qulaqları və buynuzları kökündən kəsilmiş, dili kəsik, dişlərinin hamısı, yaxud çoxu tökülmüş, quyruğu və döşləri kəsik olan heyvanlardan qurbanlıq olmaz. Ancaq heyvanın doğuşdan buynuzsuz, çəpgöz, topal, dəli, bir az xəstə, bir qulağı deşilmiş, yaxud cırılmış olması bu heyvanın qurban kəsilməsinə mane deyil. Qoyunun daha kök və ləzzətli olması məqsədilə doğulanda quyruğunun bir qisminin, yaxud hamısının kəsilməsi nöqsan sayılmır.

4. Qurban müəyyən edilmiş vaxt ərzində kəsilməlidir. Qurbanı bayramın ilk üç günündə, yəni bayram namazının qılınmasından sonra kəsmək olar. Ancaq qurbanı bayramın birinci günü kəsmək daha yaxşıdır.

5. Qurbanlığın ibadət məqsədi ilə kəsilməsi şərtdir. Qurani-Kərimdə qurban kəsilən heyvanların ətlərinin və qanlarının yox, bu ibadəti yerinə yetirən müsəlmanın niyyətinin Allaha çatacağı bildirilir ("Həcc" surəsi, 22/17). Qurbanı digər heyvanlardan ayıran da budur. Niyyətdə əsas olan qəlbin niyyətidir. Dillə deyilməsə də olar.

Bir adam tək özü kəsmək üçün böyük baş heyvan alandan sonra buna ən çox 6 nəfəri şərik qəbul edə bilər.


Teqlər:  





Xəbər lenti