Əsədlə Putinin görüşünun gizlinləri – TƏHLİL

Əsədlə Putinin görüşünun gizlinləri – TƏHLİL
  23 Oktyabr 2015    Oxunub:9724
2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlamasından sonra dünya siyasi arenasından təcrid olunan prezident Bəşər Əsədin 20 oktyabr tarixində Kreml sarayında prezident Putinlə birgə kameralar qarşısına çıxması yeni müzakirələrə səbəb oldu və Rusiya prezidentini növbəti dəfə dünyanın aparıcı mətbu orqanlarının müzakirə obyektinə çevirdi.

Görüşdə iştirak edən Rusiya prezidentinin spikeri Peskov və prezident administrasiyasının rəhbəri İvanov təfərrüatlar barədə açıqlama verməkdən imtina ediblər. Yayılan məlumatlara əsasən Bəşər Əsəd 20 oktyabr tarixində Rusiyanın hərbi təyyarəsində Moskvaya gəlib və prezident Putinlə görüşü baş tutub. Görüş gizli şəkildə keçirilib və çəkilişlər olaydan bir gün sonra yayımlanıb.

Putinin Bəşər Əsədlə Kremldə görüşünün məqsədləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülə bilər. Görüşdən iki gün sonra jurnalistlərin suallarına cavab verərkən Putin bildirib ki, Rusiyanın İŞİD-ə qarşı mübarizə aparmağa hazır olan suriyalı müxalifətçilərə dəstək vermək fikrində olduğunu Bəşər Əsədə açıqlayıb və Suriya prezidenti buna etiraz etməyib.

Bu bəyanatdan belə bir qənaətə gəlmək olar olar ki, Putinin əsas hədəfi dünya ictimai rəyinin öz xeyrinə yönəltmək və insanları onun əsil məqsədinin Əsədin tərəfində olub “demokratik müxalifət”i məhv etmək deyil, terrorla mübarizə aparmaqdır. “İrqindən, dinindən milliyyətindən və s. asılı olmayaraq Rusiyanın istənilən terrorun düşməni olması” illuziyasının beyinlərə yeridilməsi Putinin şiə-sünni qarşıdurmasında şiələr tərəfində yer alması barədə səslənən iddiaları üstələməlidir. Bu amil xüsusilə Rusiya daxilində məzhəb şavaşlarının baş qaldırmaması üçün əhəmiyyət daşıyır.

Odur ki, yaxın vaxtlarda Suriyada hakimiyyətyönümlü qruplardan İŞİD-a qarşı Rusiya ilə çiyin-çiyinə mübarizə aparmağa hazır olan müxalifətçilərin ortaya çıxacağı, onların müsahibə və etiraflarının rus telekanallarında geniş işıqlandırılacağının şahidi ola bilərik. Hətta həmin “müxalifət”in köməkliyi ilə, Rusiya Suriyada “demokratik” seçkilər keçirə və Əsədi yenidən “səs çoxluğu” ilə prezident də seçə bilər.

Görüşlə bağlı digər ehtimal ondan ibarətdir ki, Əsəd nəhayət, hakimiyyəti təhvil vermək qərarına gəlib və öz kapitulyasiyasının şərtlərini Putinlə muzakirə atmək üçün Moskvaya təşrif buyurub. Türkiyə baş naziri Əhməd Davudoğlu və Fransanın prezidenti Olland məsələyə dair açıqlamalarında məhz bu məqama işarə ediblər. Davudoğlu Əsədin geri qayıtmayacağına, Olland isə, Əsədin öz yerini tərk etmək üçün Rusiyaya getdiyinə ümid etdiklərini bildiriblər.

Əsədin məhz Rusiyada, Putinin “qollarında can verməsi” Moskvaya Qərb dövlətləri qarşısında əlavə divident qazandırır. Bu zaman Suriyada yeni hökumətin formalaşdırılması, sülh danışıqlarında tərəf kimi iştirak və Suriyanın müştərək idarəolunmasında yer almaq kimi “təbii haqlar” Rusiyaya tanınacaq. Ən azı kapitulyasiya barədə danışıqlara qatılma Putinin beynəlxalq təcriddən çıxmasına şərait yaradacaq və müəyyən müddət ərzində Putin qərb mətbuatında “sülhün təminatçısı” kimi təriflənəcək.

Eyni zamanda Əsədin hələ ki, geri durmağa tələsmədiyini də və kapitulyasiya variantının ən son halda istifadəyə veriləcəyini ehtimal etmək olar. Rusiya prezidenti ilə görüş Əsədin siyasi mövcudluğunu sübut edən faktordur. Kreml Əsədi dirçəltmək yolu ilə, Qərbin onu danışıqlarda tərəf kimi görməsini istəyir. Vaşinqton Moskvanın bu tip məqsədlərlə gələcəkdə çıxış etməməsi üçün əvvəlcədən bildirib ki, Moskva ilə Dəməşqin hazırkı münasibətləri Suriyada siyasi tənzimlənmənin perspektivlərini sual altına qoyur. Bu barədə Ağ evin nümayəndəsi Erik Şults bəyanat verib.

Məsələ ilə bağlı daha çox narahatçılıq keçirən Türkiyə prezidenti Ərdoğandır. Yayılan məlumatlara əsasən Əsədin Moskva səfəri ilə bağlı prezident Ərdoğanla Rusiyalı həmkarı arasında telofon daşığı baş tutub. Ankara daha çox Suriyanın hökumət qüvvələri ilə kürd terrorçular arasında koalisiyanın qurulması və Rusiyanın buna dəstək verməsindən ehtiyatlanır.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti